Akif Nağı: “Bu dinləməni təşkil etməkdə də məqsəd ermənilərə növbəti xidməti göstərməkdir”
ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirəcək. Dinləmələrdə münaqişənin yenidən alovlanmasının mümkünlüyü, bu problemin həllində ABŞ və ATƏT-in rolu müzakirə olunacaq.
Əslində, Helsinki Komissiyasından heç ədalətli yanaşma gözləmək də düzgün deyil. Ən azından ona görə ki, komissiyaya uzun illərdir sədrlik edən konqresmen Kristofer Smit bizə yaxşı tanışdır. Vaxilə Demokratlar Partiyasının, hazırda isə Respublikaçılar Partiyasının üzvü olan həmin Smit 1992-ci ildə - Ermənistanın Azərbaycan rayonlarını, kəndlərini bir-birinin ardınca işğal edib kütləvi qətliamlar törətdiyi bir vaxtda ABŞ-ın Azadlığa Dəstək Aktına bədnam “907-ci Düzəliş”i təklif edənlərdən biridir. Həmin sənəd ermənilərin işğalçılıq fəaliyyətinə haqq qazandırıb Azərbaycanı qınamağa yönəlmişdi və Bakıya ABŞ-ın iqtisadi yardımlar göstərməsini qadağan edirdi. ABŞ-dakı erməni lobbisinin ən fəal üzvlərindən olan Smitin də müəllifi olduğu həmin düzəliş Azərbaycana o dövrdə ciddi zərbə vurdu.
K.Smit Amerikadakı erməni diaspor təşkilatının liderləri ilə vaxtaşırı təmaslarda olur, “erməni məsələsi” ilə bağlı onlardan aldığı sifarişləri yerinə yetirir. Məsələn, Qarabağda qoşunların təmas xəttində müşahidə-monitorinq sistemlərinin yerləşdirilməsi barədə ancaq ermənilərin xeyrinə olan status-kvonu saxlamağa yönəlmiş ideyanı da bir neçə il əvvəl ABŞ-dakı erməni təşkilatları gündəmə gətirdi. Sonra bu ideya K.Smit və digər ermənipərəst konqresmenlər tərəfindən Konqresdə səsləndirildi, nəhayət, Dövlət Departamentinə sırındı. Con Kerrinin dönəmində Dövlət Departamenti həmin ideyanı Minsk Qrupu çərçivəsində aparılan müzakirələrdə Azərbaycan tərəfinə qəbul etdirmək üçün təzyiqlər göstərirdi.
O cümlədən K.Smit 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni Konqresə təqdim edərək qəbul olunmasına çalışmışdı. Konqresdəki fəaliyyətini ancaq “erməni məsələsi” üzərində quran Smitin həmin təşəbbüsü, əlbəttə ki, onun demokratiya prinsiplərinə sadiqliyindən irəli gəlmirdi. Bu təşəbbüs “erməni məsələsi”ni dəstəkləmək maraqlarına əsaslanırdı. Çünki ABŞ-dakı erməni lobbisinin Azərbaycana qarşı fəaliyyəti əsasən bu tezis üzərində qurulub ki, guya Bakı demokratiya və insan haqları normalarına əməl etmir, nəticədə Dağlıq Qarabağ belə ölkənin tərkibində qala bilməz.
K.Smitin və onun həmsədrlik etdiyi komissiyanın fəaliyyət təcrübəsini nəzərə alanda Azərbaycanda haqlı olaraq belə sual yarana bilər: görəsən belə bir adamın rəhbərlik etdiyi qurumdan Dağlıq Qarabağla bağlı hansısa obyektiv mövqenin ortaya qoyulmasını gözləmək olarmı?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, K.Smit və onun kimi bəzi konqresmenlər Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır: “Onların bütün dolanışığı bu münaqişədən çıxıb. Hələ 1992-ci ildən bu adam ermənipərəst mövqeyilə tanınıb. Belə adamdan hansı obyektivliyi gözləmək olar? Bu dinləməni təşkil etməkdə də məqsəd ermənilərə növbəti xidməti göstərməkdir. Təəssüf edirəm ki, bu məsələyə Helsinki Komissiyasını da qoşurlar. Nəzərinizə çatdırım ki, bu qurumları həqiqətən Dağlıq Qarabağdakı vəziyyət narahat edirsə, onda biz onlardan başqa bir mövqe görərdik. Təəssüflər olsun ki, indiyə kimi, birmənalı olaraq, ermənilərin mövqeyini qoruyublar. Bəyan edirlər ki, həmin müzakirələrdə Azərbaycandan da nümayəndə iştirak edəcək. Ancaq mən inamıram ki, onlar özlərinə sərf etməyən adamı ora dəvət etsinlər. Azərbaycanın nümayəndəsi adı ilə özlərinə sərf edən adamı dəvət edib, necə deyərlər, özləri danışıb, özləri də eşidəcəklər. Azərbaycan diasporu və hakimiyyəti bu məsələdə bir az ayıqlıq nümayiş etdirməlidirlər. Onsuz da obyektivlik gözləmədiyimiz həmin yerin heç olmasa tribunasından yararlanıb erməni yalanlarını ifşa etməliyik. Qazancımız yalnız bu ola bilər”.
Məhəmmədəli QƏRİBLİ