Fikrət Sadıqov: “Regionda təhlükəsizliyin təmin olunması, bunun saxlanması Rusiya və İran kimi böyük dövlətlərdən çox asılıdır”
Məlum olduğu kimi, noyabrın 1-də Tehranda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Eyni zamanda, prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Bundan əvvəl üç ölkə prezidenti 2016-cı ilin avqustunda Bakıda bir araya gəlmişdilər. Üçlü formatda görüş Tehranda bu ilin yayında baş tutmalı idi. Görünür, texniki xarakterli bəzi məsələlər sözügedən görüşün təxirə salınmasını şərtləndirib. Prezidentlərin budəfəki zirvə görüşündə üç qonşu ölkə arasında regional əməkdaşlığa dair məsələlərin geniş müzakirəsi gözlənir. Söhbət, ilk növbədə, üç qonşu ölkənin iqtisadi maraqlarına xidmət edən və onların bölgədə tranzit rolunu artıracaq “Şimal-Cənub” nəqliyyat dəhlizi (dəmir yolu) layihəsini reallaşdırmaq yönündə işləri intensivləşdirməkdən gedir. Reallıq ondan ibarətdir ki, Azərbaycan bu layihədə də mərkəzi yer tutur. Eyni zamanda, etibarlı və imkanlı bir investor kimi ciddi çəkiyə malikdir. Bütün hallarda, bir şey dəqiqdir ki, layihənin vaxtında tamamlanması ehtimalı yetərincə böyükdür.
Rusiya və İranın Azərbaycanla iqtisadi bağlarının çoxalması, Bakının Moskva və Tehran üçün önəminin artması Azərbaycanın regionda önəmini artırır. Digər tərəfdən, belə görüşlər regionda sülhün, sabitliyin və əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan üçün bunun əhəmiyyəti çox böyükdür. Məsələ ondadır ki, Azərbaycan həmişə bu istiqamətdə əməkdaşlığa hazırdır. Çünki Azərbaycanın xarici siyasət strategiyası əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulub.
Maraqlıdır, Tehran görüşündən real və konkret olaraq nə gözlənir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, qarşıdakı görüşdə bir sıra vacib məsələlər diqqət mərkəzində olacaq: “Əvvəla qeyd edim ki, hər iki dövlət bizim qonşularımızdır. Rusiya şimal, İran cənub qonşumuzdur. Sözügedən qonşu dövlətlərlə bizim qonşuluq, bərabər faydalı münasibətlərimiz var. Bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Neçə illərdir bu belədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, üç ölkə çox mühüm layihəni birgə ərsəyə gətirir. Söhbət “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsindən gedir. Belə ki, vaxtilə üç ölkə başçısı bununla bağlı müqavilə imzalayıblar. Onu da nəzərə almaq lazımdır ki, sözügedən layihə təkcə üç ölkəyə deyil, digər dövlətlərə də fayda verəcək. Ona görə də hesab edirəm ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi əsas müzakirə obyekti olacaq. Düzdür, bununla bağlı işlər öz axarı ilə gedir, ancaq, hər halda, dövlət başçıları arasında bununla bağlı müzakirə ediləsi məsələlər var. Bununla bağlı müzakirələr işlərin daha sürətlə getməsinə təkan verə bilər. Digər tərəfdən düşünürəm ki, ölkə başçılarının görüşündə regionda təhlükəsizlik məsələlərinə yenidən baxılacaq. Hesab edirəm ki, sözügedən məsələlər müzakirə olunacaq və müəyyən nəticə əldə oluna bilər. Çünki regionda təhlükəsizliyin təmin olunması, bunun saxlanması Rusiya və İran kimi böyük dövlətlərdən çox asılıdır. Bu məsələdə adıçəkilən dövlətlər önəmli çəkiyə malikdirlər. Biz bunu yaxşı dərk edir və başa düşürük. Əlbəttə, Azərbaycan məsələlərə öz prinsipial mövqeyini ortaya qoymaqla yanaşacaq. Düşünürəm ki, yuxarıda sadalanan məsələlərlə bağlı çox lazımlı, aktual və çox faydalı bir görüş olacaq. Müzakirə olunacaq məsələlərin bütün tərəflərin maraqlarına cavab verəcəyini güman edirəm”.
Vidadi ORDAHALLI