Oktyabrın 18-də ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Dinləmələrdə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.
Komissiyanın bununla bağlı məlumatında, 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə biləcəyi iddia edilir.
Qeyd edək ki, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biri sayılır. K. Smit 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan “907-ci düzəliş”in müəlliflərindən biridir. O, hər addımda ermənilərin işğalçılıq siyasətinə bəraət qazandırır, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ etmək üçün müxtəlif görüşlərin, tədbirlərin keçirilməsində də mühüm rol oynayır.
“Mən, özümü Ermənistanın ən böyük dostlarından biri hesab edirəm” deyən K.Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının da ən aktiv tərəfdarı kimi tanınır. Misal üçün ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan Tvitter səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşünü əks etdirən fotolar yayaraq altında “erməni işi”ni dəstəkləmək üçün Smitlə görüşdüyünü yazır.
Digər tərəfdən anti-Azərbaycan mövqeyilə tanınan K. Smit 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni Konqresə təqdim edərək qəbul olunmasını istəmişdi.
Bütün bunların fonunda ermənipərəst K. Smitin rəhbərlik etdiyi Helsinki Komissiyasında Qarabağ dinləmələrindən Azərbaycan üçün pozitiv bir nəticə gözləmək absuddur. Ümumiyyətlə Qarabağ məsələsilə bağlı Ermənistana beynəlxalq təzyiqlərin başladığı bir vaxtda K.Smitin rəhbərlik etdiyi təşkilatın təşəbbüsü ilə Qarabağla əlaqədar dinləmələrin keçirilməsi şübhəli görünür. Dinləmələrə niyə məhz indi zərurət yaranması sual doğurmaqla yanaşı, Helsinki komissiyasının indiyə qədər Azərbaycan torpaqlarını işğal edən Ermənistanı qınayan bəyanat qəbul etməməsi də diqqət çəkir. Halbuki, komissiya ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i ( suveren bərabərlik ,zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib.
Ümumiyyətlə, Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini də nəzərə alsaq, demək mümkündür ki, dinləmələr də məhz birbaşa erməni lobbisinin təşəbbüsü ilə keçirilir. Burada əsas məqsəd isə işğalçı ölkəni “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıdaraq ABŞ prezidenti seçildiyi ilk gündən erməni lobbisini qapı arxasında saxlayan Tramp administrasiyasından yardım almağa hesablanıb. Bu vəziyyətdə isə, Azərbaycan üçün dinləmələrdə heç bir pozitiv nəticə olmayacağı da şübhə doğurmur.
“Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri erməni lobbisinə növbəti xidmətdir”
Milli Məclisin deputatı Hikmət Babaoğlu da hesab edir ki, ABŞ-ın Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə Birləşmiş Ştatların və ATƏT-in rolu mövzusunda dinləmələr keçirməyi planlaşdırması hər şeydən əvvəl belə dinləməyə niyə məhz indi ehtiyacın yarandığı sualını ortaya çıxarır. Ancaq ən azı bu sual qədər dinləmələrin kimin təşəbbüsü ilə keçirilməsi məsələsi də maraqlıdır.
“Məsələ burasındadır ki, ABŞ Konqresində belə dinləmələrin keçirilməsinin təşəbbüskarı ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitdir. Bu şəxs isə daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Əslində K.Smit erməni lobbisinin ən fəal üzvlərindən biri olmaqla hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayan zaman ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan azadlığı müdafiə aktına 907–ci düzəlişin qəbul olunmasına nail olan konqresmendir. Onun bu yaxınlarda ABŞ Erməni Milli Komitəsinin rəhbəri Aram Hampariyanla görüşməsi və görünür elə erməni lobbisindən aldığı sifarişlə də bu məsələni siyasi gündəmə gətirməsi dinləmələrin bir daha Azərbaycana qarşı şər-böhtan və qaralama kampaniyasına çevriləcəyindən xəbər verir”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Milli Məclisin deputatı bildirib: “Komissiyanın məlumatında 2016–cı il aprel döyüşlərinin nəticələrinə istinad edilməsi, itkilərin statistikasının verilməsi ona işarə edir ki, nə Ermənistan və erməni lobbisi, nə də islamofob mərkəzlər aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi hərbi-strateji və mənəvi üstünlüyü qəbul edə bilmir. Bu, bir daha sübut edir ki, aprel döyüşləri Dağlıq Qarabağ probleminin həlli məsələsində yeni hərbi-siyasi reallıqlar yaradıb və Azərbaycanın danışıqlarda mövqeyini kifayət qədər gücləndirib.
Nəzərə almaq lazımdır ki, son dövrlərdə müsəlman Şərqində baş verən mürəkkəb hərbi-siyasi kataklizmlər zamanı regional aktorlar kimi Türkiyə və İranın atdığı müstəqil addımlar onların mövqelərini xeyli dərəcədə gücləndirdi. Əgər bu prosesdə Rusiyanın da region ölkələri ilə birgə hərəkət etdiyinə diqqət yetirsək görəcəyik ki, əslində xarici faktorlara qarşı yeni regional güc mərkəzi formalaşmaqdadır. Əgər belə davam edərsə, yeni regional güc mərkəzi qlobal xarakterli siyasi proseslərdə də sinxron, yaxud koordinasiya edilmiş qərarlar qəbul etməklə regionun bütün problemlərini, o cümlədən Dağlıq Qarabağ problemini Qərbin müdaxiləsi olmadan həll edə bilərlər. Məhz bu mühüm geosiyasi amillə manipulyasiya edən ABŞ-ın Helsinki Komissiyası məsələni Dağlıq Qarabağ ətrafında mümkün müharibəyə İran, Türkiyə və Rusiyanın da müdaxilə edə biləcəkləri kimi şərh edir. Komissiya dolayısı ilə bəri başdan mümkün yerli hərbi-siyasi ssenarilərə qısqanclıqla yanaşdığını nümayiş etdirir. Əgər belə olmasaydı, Helsinki Komissiyası bu günə qədər heç olmasa bircə dəfə də olsun Helsinki Yekun Aktının dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipini yada salar, işğalçı Ermənistanın Azərbaycana qarışı bu mühüm prinsipi pozduğunu dilə gətirər və onu ittiham edərdi. Ona görə də K.Smitin təşkil edəcəyi dinləmələr erməni lobbisinə növbəti xidmətdən başqa bir şey deyil. Yaxşı olar ki, aprel döyüşlərinin statistikasını hesablayanlar unutmasınlar ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarından çıxmasa belə döyüşlər tez–tez təkrarlana bilər”.
"Kristofor Smit erməni lobbisinin pulları sayəsində seçilib"
Politoloq Fikrət Sadıqov isə hazırda Azərbaycana qarşı aşkar və qərəzli şəkildə kampaniyalar təşkil edildiyini deyir: “Helsinki Komissiyasının ABŞ senatında Qarabağ problemini müzakirə etməsi hələ qanun səsviyyəsində qəbul edilməyib. Yəni, bu o demək deyil ki, bu müzakirələrin nəticələri dərhal qanuniləşdiriləcək. Bu dinləmələrin təşəbbüskarı olan Kristofor Smit nəinki bizdə, hətta öz ölkəsində belə ermənipərəst xarakteri və yanaşması ilə tanınır. Qeyd edim ki, K.Smit məhz erməni lobbisinin pulları sayəsində seçilib və hələ də onların dəstəyi ilə fəaliyyət göstərir. O, bunu müəyyən hallarda heç gizləmir də. Hazırda ölkəmizə qarşı aşkar və qərəzli şəkildə kampaniyalar təşkil edilir. Görünür, müxtəlif dairələr Azərbaycanı hədəf alır və onun xarici və daxili siyasətindən narazı olan cəbhə yaranır. Ola bilsin ki, həmin qüvvələri Türkiyə ilə qardaşlığımız və yaxud da Rusiya ilə əməkdaşlığımızın davam etməsi qıcıqlandırır. Digər tərəfdən bizim müstəqil siyasi prioritetlərimiz və istiqamətlərimiz hər zaman bir qıcıq mənbəyi olub. Lakin bu o demək deyil ki, bu qüvvələrin dinləmələri, müzakirələri və yaxud tətbiq edə biləcəkləri sanksiyalar bizi istiqamətimizi dəyişməyə sövq edəcək. Əlbəttə, bu müzakirələrin nəticəsindən asılı olaraq ABŞ-la münasibətlərimiz gərginləşə bilər. Ancaq biz buna baxmayaraq, öz sözümüzü deməyə davam edəcəyik və istəklərimizi həyata keçirəcəyik. Bizim kiməsə, kimlərəsə söykənməyə ehtiyacımız yoxdur. Çünki biz son dərəcə müstəqilik və özümüz özümüzü təmin etməyi bacarırıq”.
Fikrət Sadıqov ABŞ-ın ikili standart siyasətinə də diqqət çəkib: “ABŞ Minsk qrupunun həmsədri olmasına baxmayaraq, uzun illərdir Konqres tərəfindən Dağlıq Qarabağa “humanitar yardım” adı altında maliyyə ayırmaqdadır. Ancaq bunu hamı bilir ki, humanitar yardım adı altında separatçılığa yardım göstərilir. Əlbəttə, bütün bu təşkilatçılıq Azərbaycanın ərazi bütövlüyünün pozulmasını kölgələmək, Azərbaycanın siyasətinə mane olmaq üçündür. Ancaq boş səylərdir. Bu səylər son məqamda heç bir nəticə verməyəcək”.