Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlamalıdır. Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Türkiyə hökuməti bunu etməklə gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni addımlardan çəkindirməlidir.
Deputat bildirib ki, Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərində keçirilən tədbirdə iştirak etmələri həm Azərbaycana, həm də Türkiyəyə hörmətsizlikdir: "Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək, oradan ölkəmizə qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün təhqirdir. Onların bu addımı başa düşülən deyil. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İnanırıq ki, Türkiyə bu şəxsləri qısa zaman ərzində Azərbaycana təhvil verəcək".
Bəzi türkiyəli deputatların fəaliyyəti Ermənistanın xeyrinədir
“Sentyabr ayında Türkiyə parlamentinin deputatı Karo Paylanın Yerevana etdiyi səfər açıq-aşkar Ermənistanın xeyrinə olan addımdır”. Bunu isə xarici siyasət üzrə türkiyəli ekspert və "Beyaz Hareket" siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib.
O deyib: "Milli mənsubiyyətini nəzərə alsaq, K.Paylan Ermənistana rəğbət bəsləyə bilər, amma indiki halda o, uzun müddət Ermənistan və PKK ilə sıx əlaqə saxlamış Xalqların Demokratik Partiyasını (HDP) təmsil edir".
Ekspert qeyd edib ki, 2008-ci ildə Türkiyədə PKK-ya qarşı keçirilmiş güc əməliyyatından sonra bu terror təşkilatının əksər üzvləri Ermənistana sığındı.
Ə.Ərənin sözlərinə görə, deputatın Ermənistana səfərini məhz bu kontekstdən qiymətləndirmək lazımdır: "Çünki o, Yerevanda çıxışı zamanı Ankaranı "erməni soyqırımı"nı tanımağa çağırıb və Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib. Əgər Ermənistan və onun dostları bu qədər demokratikdirsə, niyə onlar Xocalı soyqırımını tanımır və niyə Yerevan bu günədək qədim Azərbaycan torpaqlarını işğal altında saxlayır".
O vurğulayıb ki, Türkiyə və onun dostlarından söhbət düşəndə, bəzi ölkələr terrorçuları demokratiya müdafiəçiləri kimi qəbul edirlər.
Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
“Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr ermənilərin əlində alətə çevrilib”
“Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi və bunun həmin ölkə mediasında geniş şəkildə işıqlandırılması Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinə və perspektivlərinə böyük kölgə salır”. Bunu isə APA-ya açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.
E. Nəsirov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter kəsb edir və hər iki dövlət arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi əslində biz bir millət, iki dövlətik. Lakin hesab edirəm ki, son zamanlar baş verən hadisələr ikitərəfli münasibətlərin bu yüksək səviyyəsinə müəyyən mənada kölgə salır. Təbii ki, bu da haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır. Türkiyə vətəndaşlarının Ermənistandan keçməklə qondarma rejimin mövcud olduğu əraziyə daxil olması, orada çoxsaylı görüşlər keçirməsi və bu görüşlər çərçivəsində həm Azərbaycan, həm də Türkiyə əleyhinə fikirlər səsləndirmələri, həmçinin onlara Türkiyəyə qayıtdıqdan sonra müxtəlif kanallarda səfər nəticələri, keçirdikləri görüşlərlə bağlı geniş şərhlərə, mətbuatda onların müsahibələrinin ətraflı dərc olunmasına, ermənilər haqda müsbət fikirlər səsləndirmələrinə şərait yaradılması bu gün Azərbaycan cəmiyyətində, ictimaiyyətində haqlı olaraq çox böyük narazılığa səbəb olub”.
Millət vəkili həmçinin xatırladıb ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən həmin şəxslərin Azərbaycan dövlət sərhədini qanunsuz keçmələri ilə bağlı cinayət işi açılıb və bu barədə Türkiyənin müvafiq qurumları məlumatlandırılıb: “Biz gözləyirik ki, Türkiyənin müvafiq qurumları bu istiqamətdə ciddi hüquqi addımlar atacaq. Lakin nəinki bu addımlar atılır, əksinə həmin şəxslərin Türkiyə mətbuatında öz səfərlərini işıqlandırmaları üçün çox münbit şərait yaradılır. Hələ bu azmış kimi, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli iki qətnamənin lehinə səs verənlər arasında Türkiyəni Avropa Şurası Parlament Assambleyasında təmsil edən üç deputat da var. Onların bu ədalətsiz qətnaməyə səs verməsi bizi olduqca məyus etdi. Biz heç bir halda qardaş Türkiyə dövlətindən və onun deputatlarından belə bir anti Azərbaycan yanaşması gözləmirdik. Axı həmin addımları Azərbaycan əleyhinə istiqamətləndirən erməni lobbisidir və onların əlində alətə çevrilmiş müəyyən siyasi dairələrdir. Təəssüflər olsun ki, bizim bəzi Türkiyəli qardaşlarımız da Azərbaycana düşmən kəsilən həmin qüvvələrin cəbhəsində yer alıb. Axı Azərbaycan dövləti, dövlətimizin başçısı hər zaman Türkiyənin ən çətin günlərində onun yanında olub. Bəs onlar nə tez unutdular ki, Avropa Şurası Parlament Assambleyasında Ermənistan prezidenti Türkiyənin prezidenti, Türkiyə dövləti və xalqı əleyhinə bəyanatlar səsləndirərkən o zaman Azərbaycan prezidenti onun sözünü kəsərək demişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu tədbirdə iştirak etmir, lakin mən burdayam. Beləcə prezidentimiz İlham Əliyev Ermənistan prezidentini yerində oturdaraq Türkiyə dövlətini və türk xalqını müdafiə etmişdi”.
Millət vəkili Azərbaycan dövlətinin hər zaman türk xalqının yanında olduğunu vurğulayıb: “Keçən il 15 iyul hadisələri zamanı, Türkiyə dövlətçiliyi üçün çox böyük bir təhlükənin yarandığı bir vaxtda Azərbaycan prezidenti, Azərbaycan xalqı və Azərbaycan dövləti Türkiyənin qanuni hakimiyyətinin, türk xalqının yanında oldu, həmin dövlət çevrilişinə qarşı öz etiraz səsini ucaltdı və Türkiyə hökumətinə dəstək verdi. Yəni bütün bunları unutmaq olarmı? Təəssüf ki, Türkiyədə müəyyən siyasi dairələr də ermənilərin əlində alətə çevrilib və bu bizi çox narahat edir. Bu hal Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin nə bu gününə, nə də gələcək mənafeyinə xidmət göstərmir və münasibətlərimizin perspektivlərinə böyük kölgə salır”.
E. Nəsirov ümidvar olduğunu bildirib ki, Türkiyə dövləti Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxaracaq bu təhlükəli tendensiyaların qarşısını almaq üçün lazımi adekvat addımlar atacaq: “Biz buna ümid edirik və inanırıq ki, Türkiyə hökuməti imkan verməyəcək ki, iki qardaş, dost xalq arasında münasibətlərə xələl gəlsin və düşmənlərimiz bundan sevinsinlər. İnanırıq ki, bu baş verməyəcək”.