Elçin Mirzəbəyli: “Quruma üzv olan digər dövlətlər daha çox maliyyə vəsaiti ayırmağa məcbur qalacaqlar, əks təqdirdə UNESCO-nun fəaliyyətində problem yarana bilər”
Xəbər verildiyi kimi, ABŞ UNESCO-dan çıxacağını elan edib. ABŞ Dövlət Departamenti bu barədə qərarı qurumun baş direktoru İrina Bokovaya bildirib. Dövlət Departamentinin məlumatında bildirilir ki, ABŞ 31 dekabr 2018-ci ilə qədər UNESCO-da işinə davam edəcək, ondan sonrakı dövrdə isə sadəcə müşahidəçi missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, ABŞ-ın ardınca İsrail də UNESCO-dan çıxmaq qərarı verib. Bu barədə yerli “Haaretz” qəzeti xəbər yayıb. Xəbərdə deyilir ki, İsrailin baş naziri Benyamin Netanyahu artıq bununla bağlı əlaqədar qurumlara göstəriş verib. Trampın analoji qərarını “cəsur və yüksək əxlaqi mövqe” adlandıran yəhudi baş nazir ölkəsinin ABŞ-la paralel şəkildə təşkilatı tərk edəcəyini açıqlayıb. “UNESCO artıq absurd teatrına çevrilib. Tarixi qorumaq əvəzinə, onu təhrif etməklə məşğuldur”- deyə o, məsələyə münasibətində deyib. İsrailin UNESCO-dakı səfiri Karmel Şama-Koen isə özünün “facebook” səhifəsində yazıb ki, İsrailin küncə sıxışdırılmasının ardından ABŞ təşkilatdan çıxırsa, Təl-Əviv mütləq onu müşayiət etməlidir.
ABŞ-ın ardınca İsrailin də UNESCO-dan çıxması bu təşkilatın fəaliyyətinə necə təsir edəcək?
Politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “ABŞ UNESCO-nu əsas maliyyələşdirən və maddi dəstək verən ölkələrdən biri idi. Bu baxımdan qurumun fəaliyyəti və büdcənin formalaşdırılması üçün ABŞ-ın rolu böyük idi. Bunu danmaq olmaz. Amerikanın qurumu tərk etməsi şübhəsiz ki, UNESCO-ya ciddi təsir göstərəcək. Ümumiyyətlə, bu addım heç bir formada əsaslandırıla bilməz. Bəlliidir , UNESCO olduqca mühun təşkilatdır. Dünyada mədəni irsin qorunması ilə bağlı böyük rolu var. Nəzərə almaq lazımdır ki, UNESCO siyasi təşkilat deyil. Onun siyasi fəaliyyəti yoxdur ki, ölkələrin maraqlarının təmin olunmaması səbəbdən qurumu tərk etsinlər”. E.Mirzəbəylini sözlərinə görə, UNESCO sırf mədəniyyətlə və dünya mədəniyyətinin nadir incilərini qorumaqla məşğul olan bir təşkilatdır: “ABŞ-ın UNESCO-nu tərk etməsi və ya digət dövlətlərin bu qurumdan çıxması haqqında qərar verməsi, təbii ki, adıçəkilən təşkilatın fəaliyyətinə təsir göstərəcək. Quruma üzv olan digər dövlətlər daha çox maliyyə vəsaiti ayırmağa məcbur qalacaqlar. Əks təqdirdə UNESCO-nun fəaliyyətində problemlər yarana bilər”.
Günel CƏLİLOVA