Vəfa Heydərli: “Bu baxımdan da Azərbaycanın tutduğu neytral kurs hamısından məqbul və perspektivlidir”
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili beynəlxalq tərəfdaşları Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb. Belə bir bəyanatla dövlət başçısı Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda çıxış edib.
O, beynəlxalq ictimaiyyəti Rusiyanın regionda, o cümlədən Gürcüstanda aqressiv və təxribatçı siyasətinə cavab və reaksiya verəcək ümumi strategiya hazırlamağa çağırıb: "Gəlin Rusiyanın qonşularına qarşı siyasətinə aydın cavablar verəcək vahid strategiya yaradaq. Dünyanın üstün maraqlar sferalarına bölünməsi yalnız Rusiyanın qonşuları üçün deyil, dünya miqyasında da təhlükə yaradır”.
G.Marqvelaşvili, həmçinin, qeyd edib ki, Gürcüstanın Avropa və NATO-ya inteqrasiya prosesi davam edir: "Paralel olaraq biz demokratik prosesləri davam etdiririk. Gürcüstanın üzləşdiyi problemlərə baxmayaraq, ölkəmiz məsuliyyətli beynəlxalq oyunçu olaraq dünyada sabitlik və təhlükəsizliyi təmin edən beynəlxalq missiyalarda fəal iştirak edir”.
Gürcüstan prezidentinin bu çağırışı ilə bağlı Azərbaycan hansı mövqeni sərgiləməlidir?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Azərbaycan bu məsələdə neytrallıq nümayiş etdirməlidir: “Hər iki ölkə bizimlə qonşudur və onların ikisilə də Azərbaycanın normal diplomatik münasibətləri var. Həmçinin, bizim həmin ölkələrlə mühüm iqtisadi, mədəni və başqa əlaqələrimiz də mövcuddur. Azərbaycan yürütdüyü xarici siyasət kursunda balanslı siyasətə, heç bir bloklara qoşulmamağa və yaxın qonşularla normal münasibətləri qoruyub saxlamağa üstünlük verir. Gürcüstanla Rusiya arasındakı münasibətlər gərgindir. Hətta bu bir neçə günlük müharibə ilə də yadda qaldı. Gürcüstanın indiki rəhbərliyi də Rusiyaya qarşı, Qərbə doğru strateji kurs götürüb və həmin istiqaməti müdafiə edir. Təbii ki, onlar ətrafdakı ölkələrin də Gürcüstanla həmfikir olmasını istəyirlər. Mənə elə gəlir ki, Azərbaycan bu cür prinsipial məsələlərdə heç vaxt tələsik qərar verməz və biz öz strateji xəttimizə sadiq qalacayıq. Bir anlıq təsəvvür edək ki, Azərbaycan Gürcüstan prezidentinin təşəbbüsünə qoşulur. Bununla bağlı bizim hər hansı bir qazancımız olmayacaq. Ancaq birmənalı şəkildə Rusiya ilə münasibətlərimiz korlanacaq və bunun da ziyanı bizə dəymiş olacaq. Rusiya ilə qonşu olan ölkələrdən analoji alyanslara, təşəbbüslərə qoşulanların aqibətini biz görmüşük. Ukraynada baş verənləri buna misal çəkə bilərik. Ukraynanın bir parçası müharibə də olmadan ilhaq edildi. Bu baxımdan da Azərbaycanın tutduğu neytral kurs hamısından məqbul və perspektivlidir”.
Məhəmmədəli QƏRİBLİ