Bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" və "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar" adında qəbul edilən qətnamələr sözügedən təşkilatın fəaliyyətində ikili standartların artıq öz zirvə nöqtəsinə çatdığını göstərdi.
Baş verənlər onu da aydın nümayiş etdirdi ki, Avropa Şurasında Azərbaycana qarşı müxtəlif qruplar, xüsusilə ermənilərdən dəstək alan qruplar mövcuddur. Onlar pul və digər vədlər qarşılığında Azərbaycana qarşı hər cür əsassız addımlar atmağa hazırdır. Elə barəsində bəhs edilən qətnamələr də qeyd edilənlərin təsdiqi oldu. Azərbaycanın müstəqil siyasəti ilə barışmaq istəməyənlər təzyiq yolunu seçsələr də, son proseslər bu metodun ölkəmiz üçün keçərsiz olduğunu deməyə əsas verir.
Digər tərəfdən, qurumda Türkiyə nümayəndə heyətinin rəhbəri, AŞ PA Bürosunun üzvü Talib Küçükcanın açıqlamaları məlum qətnamələrin nə dərəcədə böyük qərəz üzərində qurulduğunu aydın göstərir. Türkiyə nümayəndə heyətinin rəhbəri “AzərTAc”-a açıqlamasında bildirib ki, hər bir ölkənin öz tarixi, siyasi gerçəkləri var: “Təəssüf ki, AŞ PA-da bütün bunlara diqqət yetirilmir. AŞ PA-da bəzi ölkələrə, xüsusilə də Türkiyə, Azərbaycan və Rusiyaya qarşı qərəzli mövqe var. Bu ölkələri avtoritar, insan haqlarının olmadığı ölkələr kimi qələmə verirlər. Amma digər tərəfdən Avropada ortaya çıxan millətçilik, islamofobiya kimi halların artmasına səslərini çıxarmırlar. AŞ PA-da ikili yanaşma görürük. Bəzi ölkələr qorunur, onlarla bağlı müsbət məruzələr hazırlanır, bəziləri isə Azərbaycan kimi hücuma məruz qalır. Azərbaycanla bağlı iki məruzə qəbul olundu. Təəssüflər olsun ki, assambleyada Azərbaycana qarşı lobbi formalaşıb. Həm də güclü və təsirli lobbi”.
AŞ PA-nın büro üzvü bildirib ki, məruzələrin ilkin versiyası Parisdə komitə iclasında qəbul olundu, çox müsbət məruzə idi: “Ölkədəki vəziyyəti təsvir edir, eyni zamanda, qarşıda duran məsələləri də xatırladırdı. Heç bir ölkədə demokratiya mükəmməl deyil, çatışmazlıqlar ola bilər. Avropa Şurasına üzv olmaqda məqsədimiz məhz bu çatışmazlıqlarla bağlı birgə müzakirələr aparmaq, AŞ PA-nın məsləhətlərini gözdən keçirmək və bunları ölkəmizdə tətbiq etməkdir. Üzv dövlətlərin heç biri, hətta İngiltərə, Almaniya, Fransa mükəmməl demokratiyaya malik deyil. AŞ PA-ya gəlməkdə məqsədimiz problemlərimizi səmərəli şəkildə müzakirə etmək və həllini tapmaq olub. Parisdə qurumun komitə iclasında baxılan məruzə çox müsbət və yaxşı məruzə idi. Görülmüş işlərdən bəhs edilir, görüləcək işlərə toxunulurdu. Ancaq təəssüf ki, AŞ PA-dakı səsverməyə qədər arxasında erməni lobbisi dayanan bir qrup tərəfindən edilən düzəlişlərlə həmin məruzə tamamilə dəyişdirildi və Azərbaycan əleyhinə çevrildi. Bu qəbuledilməzdir”.
Eyni mövqe Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predan tərəfindən də sərgilənir və o, qurumda keyfiyyətli siyasətçilərin sayının azaldığını bildirir: “Mən Azərbaycanın Avropa Şurasını tərk etməsini istəmirəm. Rusiya Avropa Şurasını tərk etdi, Türkiyə də tərk etmək niyyətindədir. Azərbaycan da Avropa Şurasından çıxsa, bu, təşkilat üçün böyük problem yaradacaq. Çünki belədə Avropa Şurası qapalı bir təşkilat forması alaraq Avropa İttifaqına bənzəyəcək. Əlbəttə, Azərbaycan Avropa Şurasına ehtiyacı olmadığını hesab edirsə, qurumdan çıxa bilər. Lakin Azərbaycan hökümətinə məsləhətim Avropa Şurasını tərk etməməsidir. Çünki Azərbaycan bu təşkilatın ən mühüm yerlərinə qalxmaq üçün potensial imkanlara malikdir. Mən təəssüflə də olsa deməliyəm ki, son zamanlar Avropa Şurası daxilində keyfiyyətli siyasətçilərin sayı azalıb. İkinci dünya müharibəsindən sonrakı dövrlərdə Avropa Şurasındakı siyasətçilərin səviyyəsi indikilər kimi olsaydı, bu təşkilat ümumiyyətlə mövcud olmazdı“.
Tanınmış alman politoloqu Aleksandr Rar isə qeyd edir ki, Avropa Şurası Parlament Assambleyası Qərbin inkvizisiyasıdır və hesab edir ki, proseslərə müdaxilə etmək, eyni zamanda üzv dövlətlərin daxili siyasətinə qarışmaq hüququ var: "Belə vəziyyət Avropa üçün xarakterikdir və bu, intensivləşəcək". Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Avropa Şurası Parlament Assambleyasının qərəzli mövqeyi təkcə Azərbaycan yox, onun sərhədlərindən kənarda da ciddi tənqid obyektidir. Fəaliyyətinin ikili standartlar üzərində quran bu qurumun hansısa nəticəyə nail olması, ümumiyyətlə mövcudluğunu davam etdirə bilməsi isə böyük sual altındadır.
Nahid SALAYEV