Yeganə Hacıyeva: “AŞ PA-da daxili prosedur qaydalarına əsasən, eyni üzv dövlətlə bağlı eyni və ya oxşar mövzuda tərtib olunan hesabatlar ya birləşdirilməli, ya da müzakirələr müxtəlif günlərdə keçirilməlidir” Fazil Mustafa: “Kiprli deputatın AŞ PA prezidenti seçilməsi Azərbaycanın xeyrinə olan addım deyil”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni prezidenti məlum olub. AŞPA-nın oktyabrın 10-da başlayan payız sessiyasında quruma yeni prezident seçkisi keçirilib. Gizli səsvermə yolu ilə Kipr Respublikasından olan deputat xanım Stella Kiriakides müvəqqəti AŞ PA prezidenti vəzifəsinə seçilib.
Qeyd edək ki, AŞ PA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı. Yanvar ayında yenidən sədr seçkisi keçiriləcək.
AŞ PA-nın payız sessiyasının ikinci günü, Stella Kiriakidesin ilk dəfə sədrlik etməyə başladığı iclasda Azərbaycanla bağlı müzakirələr keçirilib. Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənib. A.Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat xanım Olena Sotnik əvəz edib. Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S.Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: “Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz, sadəcə, üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”.
AŞ PA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycana yönəlik sərt fikirlər səsləndiriblər. Onlar əsasən REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməsi, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bağlı problemlərin həllinə dair çağırışlar ediblər.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq ittihamlara cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin Azərbaycan hökuməti ilə bağlı sərt ittihamlarına kəskin münasibət bildirib: “Cənab Omtzigt, siz burada çox da canfəşanlıq edib Azərbaycanda demokratiya naminə verdiyiniz bəyanat və çıxışlarınızla özünüzü obyektiv biri kimi göstərməyə çalışmayın. Biz çox yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Siz ermənilərlə birgə işləyirsiniz. Siz yalnız dırnaqarası obyektiv ola bilərsiniz”.
S.Seyidov ümumilikdə Avropa Şurasını Azərbaycanla bağlı qeyri-obyektivlikdə və ikili standartlar siyasəti yürütməkdə günahlandırıb. “Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üzərinə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?!”
AŞ PA-ya yeni seçilən sədrin ilk iş gününə Azərbaycanla bağlı iki qərəzli qətnamənin qəbul edilməsi ilə başlaması və şəxsən özünün etdiyi çıxışda ölkəmizlə bağlı qərəzli mövqe sərgiləməsi gələcəkdə həmin qurumun Azərbaycana qarşı daha da qərəzli olacağına dəlalət edə bilərmi?
Avropa təsisatları ilə yaxından əməkdaşlıq edən politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Avropa Şurası Parlament Assambleyası bu günlərdə plenar iclas keçirdi və bu iclasda "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı və Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatların müzakirəsi təşkil olundu: “Birinci hesabatda müəlliflərin Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşləri və Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdikləri, hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olduqları əksini tapıb. Bununla bağlı müvafiq qətnamə qəbul olunub.
İkinci qətnamədə isə məhkəmə orqanlarının müstəqil şəkildə fəaliyyət göstərməsi, hakimiyyət qolları arasında tarazsızlıqla əlaqədar narahatlıq, qanunvericilikdə Avropa Şurasının standartlarına yaxınlaşma məqsədilə vətəndaş cəmiyyətlərinin fəaliyyəti və maliyyələşdirilməsinə dair edilmiş dəyişikliklər, yuvenal ədliyyənin standartlarının formalaşdırılması, söz azadlığı və toplaşma hüququnun möhkəmləndirilməsi, polis məmurları arasında gender balansının yaradılması məsələlərinə dair tövsiyələr əksini tapıb. Prezidentin həbs sisteminin fəaliyyətinin yaxşılaşdırılması və cəzaların humanistləşdirilməsi haqqında sərəncamı müsbət qiymətləndirilir, həmçinin, AŞ PA-nın Azərbaycanda aparılan islahatlar prosesində və onların tətbiqində yaxından iştirak istəyi ifadə edilib.
AŞ PA Azərbaycanın insan hüquqları və hüquqi dövlətin yaradılması sahəsindəki atdığı addımlarından, o cümlədən monitorinqlərin aparıldığı müddətdə hökumətin nümayiş etdirdiyi əməkdaşlıqdan və dialoqdan razılığını ifadə edib.
Mənim diqqət çəkmək istədiyim məqamlar isə tamam ayrıdır. Birincisi, müəyyən siyasi-iqtisadi dairələrə xidmət edən qrupların sifarişli fəaliyyəti əsasında ölkəmizə qarşı qərəzli mövqe nümayişi kimi, AŞ PA-nın 47 üzv dövlətindən ancaq biri - Azərbaycan üzrə eyni gündə iki hesabat müzakirəsinin təşkil olunmasıdir. İkinci qeyd etmək istədiyim və ən əsas məqam isə bu dinləmələrin AŞ PA nizamnamə və prosedur qaydalarının növbəti pozuntusu ilə həyata keçirilməsidir. Belə ki, AŞ PA-da daxili prosedur qaydalarına əsasən, eyni üzv dövlətlə bağlı eyni və ya oxşar mövzuda tərtib olunan hesabatlar ya birləşdirilməli, ya da müzakirələr müxtəlif günlərdə keçirilməlidir.
Təəssüf ki, ölkəmizlə bağlı AŞ PA da prosedur pozuntu ilə eyni gündə nəinki oxşar, hətta eyni mövzu ətrafında iki müxtəlif müzakirə təşkil olundu və iki müxtəlif qətnamə qəbul olundu.
Prosedur qaydalarına görə, bu hesabatları bir qətnamədə birləşdirmək təklifini irəli surmək və həyata keçirilməsinə nəzarət plenar iclasın sədrinin birbaşa vəzifə borcu və səlahiyyətidir.
Təəssüf ki, Avropa Xalq Partiyası qrupundan seçilmiş yeni və müvəqqəti sədr xanım Stella Kiriakides ölkəmizə qarşı belə qərəzli mövqenin həyata keçirilməsinə mane olmadı. Beləliklə, AŞ PA da, digər beynəlxalq təşkilatlarda olduğu kimi, ölkəmizə qarşı qərəzli siyasətini həyata keçirdi”.
Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa isə hesab edir ki, yeni prezident Stella Kiriakidesin Azərbaycana müsbət münasibət bəsləyəcəyini söyləmək olmaz: “Aqramuntdan fərqli olaraq, onun Azərbaycana münasibəti, böyük ehtimalla, isti olmayacaq. Amma AŞ PA prezidenti postu elə bir postdur ki, orada hansısa bir dövlətə qarşı xüsusi antipatiyanı nümayişkaranə şəkildə göstərmək olmaz. Çox güman ki, arxa planda AŞ PA-nın yeni prezidentinin Azərbaycana, Türkiyəyə münasibəti soyuq, Ermənistana isə isti olacaq. Kiprin Türkiyə ilə düşmən münasibətlərini nəzərə alsaq, o münasibətin bir tərəfi bizə də yönəlmiş olacaq. Kipr nümayəndə heyətinin daim Ermənistanı dəstəkləyən mövqelərini də unutmamalıyıq. Bütün bunları nəzərə alsaq görürük ki, kiprli deputatın AŞ PA prezidenti seçilməsi Azərbaycanın xeyrinə olan addım deyil. Bizim orada mövqelərimizin müəyyən dərəcədə zəifləməsinə səbəb ola biləcək seçimdir”.
Nədən məhz kiprli deputatın AŞ PA-ya sədr gətirilməsi məsələsinə gəldikdə, F.Mustafanın fikrincə, yəqin böyük dövlətlərin razılaşması ilə bu cür seçim edilib: “Ola bilsin razılaşıblar ki, Fransa, Almaniya kimi dövlətlərin seçilməyindənsə, daha çox bir qədər neytral saydıqları və maraqlarına uyğun olan ölkənin təmsilçisinə üstünlük versinlər”.
Məhəmmədəli QƏRİBLİ