Mehman Muradlı: “Təkamül yolu ilə tələb olunan islahatları isə ölkəmizin özü həyata keçirir”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənib. Hər iki hesabat üzrə müvafiq qətnamələr qəbul olunub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirib: “Hesab edirəm ki, AŞ PA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi.
Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir.
Açıq-aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞ PA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin başa alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər”.
Azərbaycanla bağlı qəbul edilən qətnamələrdə deyilir ki, ölkə təcili olaraq hüquqi islahatlara başlamalıdır. Azərbaycanda hansısa hüquqi islahatın aparılmasından söhbət gedir, bir halda ki, Azərbaycan illərdir bu istiqamətdə iş aparır? Belə çıxır ki, AŞ PA Azərbaycanda hələ hüquqi islahatların başlamadığını iddia edir.
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Avropa Şursaının qəbul etdiyi qətnamələr qərəzdən, ikili standartlardan xəbər verir: “Sənəddə Azərbaycanın təcili şəkildə hüquqi islahatlara başlamasının zəruriliyi ilə bağlı vurğunun olması adamda böyük təəccüb doğurur. Elə həmin tələbdən onların nə dərəcədə qərəzli olması görünür. Sanki Afrika cəngəlliklərində məskən tapmış bir ölkədən nəsə tələb edirlər. Onlar gözəl bilirlər ki, Azərbaycan sivil və inkişaf etmiş, hüququn aliliyinə böyük mənada önəm verən, bu yöndə ən mütərəqqi islahatları aparan bir ölkədir. Gərək onlar hüquqdan danışanda utansınlar. Çünki öz məhkəmələrinin qəbul etdiyi 10 minə yaxın qərara məhəl qoyub icra edən yoxdur. Niyə həmin ölkələrdən hüquqi islahat tələb edilmir? Elə məhz bu mövzuya fikir versələr görərlər ki, onların çıxardığı qərarları icra edən ölkələr sırasında Azərbaycan əvvəlki sıraları tutur. Artıq məlumdur ki, Avropa Şurası onların diqtəsilə işləməyən ölkələr üçün “Domokl qılıncı” funksiyasını həyata keçirir. Onların nəzərində hüquqi islahat tamamilə başq anlam daşıyır. Hüquqi islahat deyəndə onlar konkret cinayət əməllərinə görə həbs edilən bəzi ictimai fəalların azad olunmasını nəzərdə tuturlar. Belə olmasaydı, konkret adamların adını çəkib, yalnız onların azad edilməsini tələb etməzdilər. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi qətidir və hüququn aliliyinə əsaslanır. Məhkəmə hökmünə görə həbs edilən heç bir şəxsi kiminsə tələbilə azadlığa buraxmaq olmaz. Bunun üçün ya yuxarı məhkəmə qərarı lazımdır, ya da Azərbaycan dövlətinin həyata keçirdiyi humanist addımlardan yararlanmaq lazımdır. İndiyə kimi bir çox tanınmış şəxs belə humanist siyasətdən yararlanıb və cəzasını vaxtından əvvəl başa vura bilib. Hüquqda islahat arzu edənlər yaxşı olar ki, ilk növbədə özləri həmin tələblərə əməl etsinlər. Azərbaycanda kiminsə tələbilə aparılacaq islahatlara zərurət yoxdur. Təkamül yolu ilə tələb olunan islahatları isə ölkəmizin özü həyata keçirir”.
Məhəmmədəli QƏRİBLİ