Qabil Hüseynli: “Birbaşa Türkiyə hakimiyyətinə yönələn ultimatumdur”
ABŞ-ın Türkiyədəki səfiri Con Bass çox sensasion bir açıqlama ilə çııxış edib. O, Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırılması barədə qərarın ABŞ hökuməti səviyyəsində qəbul olunduğunu bəyan edib.
C.Bass Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə təqsirli sayılaraq həbs edilən ABŞ-ın İstanbul Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun qanunsuz norkotik dövriyyəsinə qarşı mübarizə işinə məsul olduğunu və Türkiyədə bu sahədə çalışan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxladığını bildirib. Diplomat deyib ki, əgər M.Topuz vəzifə səlahiyyətlərini aşaraq başqa şəxslərlə əlaqə qurubsa, bu məlumatlarla tanışlıqdan məmnun olar.
İstanbul Baş Konsulluğunun FETÖ ilə əlaqədə təqsirli sayılan başqa bir əməkdaşının konsulluqda gizlənməsi barədə xəbəri təkzib edən C.Bass ABŞ-ın müstəqil Kürdüstan dövlətinin qurulmasını, kürd koridorunu dəstəkləmədiyini də vurğulayıb. O, “İncirlik” hərbi bazasındakı ABŞ əsgərlərinin viza problemindən əziyyət çəkməyəcəklərini, bazadakı amerikalı əsgərlərin qüvvədə olan müqavilələrə uyğun olaraq Türkiyədə olduqlarını və səfərlərinin də bu müqavilələrlə tənzimləndiyini nəzərə çatdırıb.
C.Bass 9 aydan çoxdur ki, İŞİD terror təşkilatının Türkiyədə terror aktları törətməməsini də qabardıb: “Bu, İŞİD-in terror aktları törətməkdən vaz keçməsi ilə bağlı deyil, iki ölkənin əməkdaşlığının nəticəsidir”.
Bu həftə səlahiyyət müddəti başa çatdığı üçün Türkiyəni tərk edəcəyini açıqlayan C.Bass Fətullah Gülənin ekstradisiyasının məhkəmə qərarı ilə mümkün ola biləcəyini söyləyib.
Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun həbsi səbəb olub. M.Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
Açıqlamada ən diqqətçəkən məsələ İŞİD terror təşkilatının hansı səbəbdən 9 aydır Türkiyədə terror törətməməsilə bağlıdır. Göründüyü kimi, səfir bunu İŞİD-in loyallaşması ilə deyil, Türkiyə ilə ABŞ münasibətlərində əməkdaşlığın nəticəsi kimi izah edir. Onda belə bir nəticəyə gəlmək olar ki, hazırda ABŞ-la Türkiyə arasında yaşanan gərginliyin fonunda İŞİD-in Türkiyədə terror törətmə ehtimalı artacaq. Bu versiyanı nə dərəcədə əsaslı saya bilərik?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, bu olduqca təhlükəli fikirdir: “Bilirsiniz ki, ABŞ daim bildirir ki, o dövlət olaraq İŞİD-ə qarşı mübarizə koalisiyasını yaradıb və ona rəhbərlik edir. Yəqin ki, səfir dalana dirənsə deyəcək ki, ABŞ-ın İŞİD-lə bağlı apardığı mübarizəni nəzərdə tutaraq həmin fikri səsləndirib. Ancaq onun fikirlərindən tamamilə başqa nəticə hasil olur. Belə iddia irəli sürmək olar ki, bununla səfir İŞİD-ə olan nəzarətin onlara aid olduğunu bildirmək istəyib. Bir növ, Türkiyəni ABŞ-la bağlı yürütdüyü siyasətə görə İŞİD-lə hədələyib. Bu, eyni zamanda, İŞİD-in ABŞ-ın layihəsi olduğundan şübhələnməyə əsas verən etirafdır. Burdan da aydın olur ki, Yaxın Şərqdəki bir sıra hadisələr ABŞ tərəfindən idarə olunub. Bu, birbaşa Türkiyə hakimiyyətinə yönələn ultimatum kimi yozula bilər”.
Səfirdən əlavə izahlı bəyanat gələcəkmi?
Məhəmmədəli QƏRİBLİ