Sosial-iqtisadi müstəvidə ciddi çətinliklərlə üzləşən Ermənistan üçün bu gün ən böyük problemlərdən biri də ordunu saxlamaq, onu zəruri texniki avadanlıqlarla təmin etməkdir. Amma hazırkı mənzərə göstərir ki, bu məsələ ilə bağlı Ermənistanda çox böyük problemlər mövcuddur. Belə ki, ordunu saxlamaq üçün vəsait çatışmadığından, burada yeni ixtisarlara start verilib. Özü də bütün bunlar o fonda baş verir ki, erməni ordusu şəxsi heyətlə təminat sarıdan ciddi problemlər yaşayır. Amma maliyyə çatışmazlığı orduda ixtisarlardan başqa seçim yeri də qoymur.
Son məlumatlara əsasən, belə vəziyyətdə Ermənistanın Vanadzor şəhərində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və mülki işçilər həyacan içindədir. Onlar hər an işini itirmək qorxusu ilə yaşayır. Səbəb isə Müdafiə Nazirliyinə məxsus bütün hərbi hissələrdə kütləvi ixtisarların başlamasıdır. Məlumatlara görə, Ermənistanda yerləşən hərbi hissələrdə optimallaşdırma adı verilən prosesə çoxdan başlanıb. Nəticədə hər bir hərbi hissədən 30-50 nəfər ixtisara düşüb. Vanadzorda yerləşən hərbi hissələrdə isə 200-300 nəfər ixtisara salınıb. Bu sırada yer alan və hərbi hissələrdə müxtəlif vəzifələr yerinə yetirən mülki işçilərin sözlərinə görə, onlara işdən azad edilmələri barədə xəbərdarlıq edilib. Bildirilib ki, 20 oktyabr tarixində ixtisarlarla bağlı əmr veriləcək. Amma ordudan narazılıq təkcə bununla bağlı deyil.
Ermənistanda orduya biznes sahəsi kimi baxanların sayının artması da ciddi narazılıq yaradır. Bu xüsusda son dövrlərdə Ermənistanın “Vivacell- MTS” şirkətinin baş direktoru Ralf Yerikyan xüsusi diqqət mərkəzindədir. Məlumatlara görə, Ermənistan höküməti ölkə iqtisadiyyatının inkişafındakı əməyinə və İrəvan şəhərində aktiv fəaliyyət göstərdiyinə görə Ralf Yerikyanı paytaxtın fəxri vətəndaşı adına layiq görüb. Amma erməni ictimaiyyətini Yerikyanın əslində cəbhə xəttində dayanan erməni əsgəri üçün nə etməsi, 18-20 yaşlı erməni əsgərlərinin hesabına onun şirkətinin hansı şəkildə varlanması maraqlandırır. Məlumata görə, işğal altında olan Qarabağda qanunsuz fəaliyyət göstərən “Qarabağ-Telekom” və Ermənistanın “Vivacell-MTS”-i əslində eyni şirkətlərdir. Bu fakt şirkətin özü-özünə rouminq xidməti tətbiq etməsi deməkdir. Bu baxımdan aparılan əməliyyat qanunla cinayət hesab olunmaqla yanaşı, həm də mənəvi məsələ kimi dəyərləndirilir. Əsgər anaları hesab edirlər ki, cəbhədə olan övladları Yerikyanın biznesinin inkişafı üçün öz həyatlarını təhlükəyə atırlar. Çünki Yerikyanın rəhbərlik etdiyi şirkət erməni əsgəri və onların valideynləri hesabına pul qazanır. Səbəbi işğal altında olan Qarabağın başqa bir “dövlət” kimi qeyd edilməsidir. Elə təkcə erməni əsgərlərinin rouminq xidmətindən istifadə etməsi Ralf Yerikyana böyük pullar qazandırır. Amma problem təkcə bununla bağlı deyil. Orduda müxtəlif şəraitdə itkilərin sürətlə artması cəmiyyətdə narazılıq dalğasını daha da böyüdür. Elə bu günlərdə Ermənistan silahlı qüvvələrində daha bir hərbçi həyatını itirib. Müqavilə əsasında xidmət edən sıravi Murad Ovanesyan müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb. Ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən Ovanesyanın halı daha da pisləşdiyindən, həkimlər onu xilas edə bilməyib. Belə bir vaxtda yayılan məlumatlara əsasən, Ermənistan silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə əsgərlər üçün daha da dözülməz həddə çatıb. İstilik sistemlərindən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri arasında özünəqəsd halları artıb. Bir neçə gün əvvəl yeddinci dağatıcı alayının hərbi qulluqçusu Aron Harutunyan xidməti vəzifəsini yerinə yetirməkdən imtina etdiyinə görə barəsində cinayət işi açılıb. Beşinci dağatıcı alayında müqavilə əsasında xidmət edən Qurqen Qalustyan isə hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində axtarış elan edilib. Hərbi polisin təzyiqlərinə məruz qalan hərbçinin valideynləri övladlarının taleyindən xəbərsiz olduqlarını bildiriblər. Altıncı dağatıcı alayın hərbi qulluqçusu isə postda və blindajdakı soyuq şəraitdən bezərək xidmətdən yayınmaq üçün özünə qəsd edib. Yarası ağır olmadığına görə o, alayın tibb məntəqəsində saxlanıb. Məsələni böyütməmək üçün susmağa razılaşan əsgər barəsində cinayət işi açılmayıb. Ümumiyyətlə, soyuqların düşməsi ilə onsuz da pis olan vəziyyət daha da ağırlaşıb.
Övladları ilə əlaqə yaratmağa nail olan ermənistanlı analar bildiriblər ki, soyuqların düşməsi və yağışların yağması ilə səngərlər su ilə dolub. Dağlıq ərazilərdə və hündürlüklərdə yerləşən postlar daha bərbad vəziyyətdədir. Texnika nasaz vəziyyətdə olduğundan təminat gecikir, gecə qaranlıqda növbə çəkənlərin gözlərinə daim düşmən, basqın görünür, qorxudan tez-tez həyəcan siqnalı verirlər. Valideynlər hiddətlə bildirirlər ki, əsgərlər əl altında olan vasitələrdən sadə üsulla soba qurmağa çalışsalar da, yanacaq çatışmır. Əsgərlərdən birinin valideynlərinə yazdığına görə, iş o həddə çatıb ki, Ağdərədə əsgər yoldaşları tərəfindən döyülərək hospitala yerləşdirilən Arsen Aloyanın tibb müəssisəsində isti yerdə yatmasına digər hərbçilər həsədlə baxır. Ümumiyyətlə, orduda bu qəbildən olan hallar çoxdur və bu da cəmiyyətdə narazılığı daha da artırır.
Nahid SALAYEV