Bu gün Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin uzanmasının əsas səbəblərindən biri ikili standartlar, həmçinin Azərbaycanın gedərək güclü bir ölkəyə çevrilməsindən narahat olan qüvvələrin mövqeyidir. Məhz belə vəziyyət, beynəlxalq hüquq normalarının tələb etməsinə baxmayaraq, Ermənistana qarşı konkert təzyiq mexanizmlərinin işə salınmasını əngəlləyir.
Ərazi bütövlüyü kimi vacib məsələdə yol verilən ikili standartlar indi dünya miqyasında çoxsaylı münaqişə ocaqlarının yaranmasına rəvac verib. Belə vəziyyətə görə məsuliyyət daşıyan tərəflərdən biri məhz beynəlxalq qurumlar, o cümlədən son dövrlərdə Azərbaycana qarşı kifayət qədər açıq qərəz sərgiləyən Avropa Şurasıdır.
Qeyd edək ki, Avropa Şurası, ərazi bütövlüyü məsələsində birmənalı şəkildə Azərbaycanın yanında olmalı olmasına baxmayaraq, bu səpkidə indiyə qədər Ermənistana qarşı təsirli addımlar atmayıb. Halbuki, qurumun belə məsələlərdə bütün üzv ölkələr, o cümlədən də Azərbaycan qarşısında öhdəliyi var. Lakin ötən zaman kəsiyi bu öhdəliyə Avropa Şurası tərəfindən heç də əməl olunmadığını göstərir. Xatırladaq ki, bu günlərdə Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini kifayət qədər aydın şəkildə ifadə edib. Dövlət başçısı bu fonda diqqətə çatdırıb ki, Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil: “Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər…Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var” kimi fikirlər meydana gəlir”. Bu sözlərdən də aydın görünür ki, Avropa Şurası həm Dağlıq Qarabağ məsələsində ondan olan gözləntiləri doğrultmayıb, həm də Azərbaycana qarşı ikili standartlardan çıxış edir.
Qurumun qərəz və ikili yanaşma mövqeyindən çıxış etməsini Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyətləri” və “Azərbaycanın Avropa Şurasında həmsədrliyi – insan haqlarına münasibətdə gözlənilən inkişaf” adlı yeni qətnamləri də təsdiq etdi. Belə görünür ki, Azərbaycanda demokratik inkişafı görməzdən gələn Avropa Şurası eyni zamanda Qarabağ məsələsini də arxa plana keçirib. Çünki bu mövzuya diqqət ayırmaq əvəzinə, təşkilat diqqəti sırf qərəz üzərində köklənən məqamlara yönəltməyi daha üstün tutur. Halbuki, yuxarıda qeyd olunduğu kimi, Avropa Şurasının özünün də Azərbaycan qarşısında müəyyən öhdəlikləri var. Bu təşkilatdakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qeyd olunan xüsusda Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı olduqca maraqlı məqamlara toxunub. Avropa Şurasının da Azərbaycan qarşısında öhdəliyinin olduğunu bildirən Rafael Hüseynov illərdən bəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağ problemi ilə bağlı qurumun özünün qəbul etdiyi qətnamənin real həllini tapması istiqamətində kəsərli addım atmadığına təəssüflənib: “Azərbaycanın nəyə nail olub, hansı kəsirlərinin hələ də qalması məsələsini araşdırarkən həmişə ölkənin müharibə vəziyyətində olması, 25 ildən artıq müddətdə ərazilərinin beşdə bir hissəsinin işğal altında saxlanması, 1 milyondan çox qaçqın və köçkünün saysız problemləri ilə hər gün üz-üzə qalması da nəzərə alınmalıdır. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri daim tam şəkildə yerinə yetirməyə səy göstərib. Amma Avropa Şurasının da Azərbaycan qarşısında böyük bir öhdəliyi var - Azərbaycan ərazilərinin işğalının müəllifi olan digər üzv dövləti bu təcavüzə son qoymağa vadar etmək. Başqalarından öhdəliklərini, vəzifələrini yerinə yetirməyi tələb edərkən bir özünə də baxmalısan. Terrorizmi dövlət siyasətinə çevirmiş, kriminal rejim tərəfindən idarə olunan, iqtisadiyyatı çökmüş, əhalisi gündən-günə daha dərin səfalətə uğrayan Ermənistan nümayəndələrinin Avropa Şurasında hər dəfə yüksələn, irəliləyən Azərbaycan və onun rəhbərliyi haqqında yalanlar, böhtanlarla dolu sayıqlamaları ikrah və gülüş doğurur. Bu saxta çıxışları edənlər öz ölkələrini yaxşı tanıyırlar, əziyyət içərisində olan, ölkədəki səfalətə dözməyərək axın-axın Ermənistanı birdəfəlik tərk edən naəlac ermənilər də onların bu sözlərini eşidir. Belə bir məsəl var: “Utanmasan oynamağa nə var ki!” və həmin sözlər bu qəbil çürük bəyanat və çıxışlara çox yaraşır”.
Avropa Birliyinin təmin edilməsində Avropa Şurasının aparıcı rol oynamasına bəslənən ümidin bir sıra səbəblərdən real olmadığını bildirən Rafael Hüseynov qeyd edib: “Bizim təşkilatda vəziyyət necədir? Avropa Şurası genişlənərək 47 ölkəni, 900 milyona yaxın insanı əhatə edən ən nəhəng dünya təşkilatlarından birinə çevrilib. Lakin niyə onu əminliklə gələcək Avropa vahidliyinin qarantı, bünövrəsi, dayaq sütunu saymaq olmur? Çünki sözlə əməl arasında ayrılıq var. Sözdə birliyə nail olsaq da, əməldə birlikdən uzağıq. Əgər bu ailənin üzvləri arasında bir-birinə qarşı təcavüz siyasəti aparan dövlətlər varsa və Avropa Şurası bunun qarşısını almaqda acizdirsə, o, Avropa Birliyinin bünövrəsi olmaq vəzifəsini yerinə yetirə bilərmi? Əgər 2001-ci ildə Avropa Şurası işğalçı Ermənistanı və əraziləri zəbt edilmiş, 1 milyon insanı qaçqına və köçkünə çevrilmiş Azərbaycanı sıralarına götürərkən onlar qarşısında şərt qoyubsa ki, münaqişə həll edilsin, bu təcavüzə son qoyulsun, bu haqda hələ 2005-ci ildə ayrıca qətnamə də qəbul edibsə və heç bir irəliləyişə nail olunmayıbsa, bütün bunların nəticəsi kimi Avropanın tədricən yaxınlaşmağa, birləşməyə deyil, parçalanmaya, qütbləşməyə daha çox uğraması labüd idi. XXI əsrin əvvəllərində Avropa Şurasına üzv olan ölkələr arasında bu, hələ yeganə belə ağır problem idi. Separatizmin, terrorizmin qarşısı alınmadıqca, onun çox pis yoluxucu mərəzə çevrilməsinin nəticəsi indi göz qabağındadır. Vaxtilə təkcə Azərbaycanın üzləşdiyi bu bəla indi Avropa Şurasının bir neçə başqa üzvünün başına gəlib. Vaxtında “müalicə” edilməyən bir çat yeni-yeni çatlar yaradıb. Çatlar çoxaldıqca isə, nə qədər çağırışlar edilsə də, birlikdən çox parçalanma, dağılma ehtimalları artır”.
Beləliklə, qeyd edilənlər tam reallığı əks etdirməklə yanaşı, Avropa Şurasını da fakt qarşısında qoyur. Qurum həqiqətən də ötən illər ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməli sayılacaq hansısa addım atmayıb. Bununla Avropa Şurası əslində separatçılığın genişləməsinə bir növ rəvac vermiş olub. İndi Azərbaycan Avropa Şurasını Qarabağ məsələsində konkert iş görməyə dəvət edir. Amma bunun əvəzində qurumda bəzi şəxslər Azərbaycana qarşı əsasən erməni lobbisinin təsiri altında olduqca aqressiv bir mövqe sərgiləyir. Məsələn, Avropa Şurasının baş katibi Torbyorn Yaqland bu gün açıq şəkildə ermənipərəst bir mövqedən çıxış edərək işğalçı tərəfin yanında yer alır, Azərbaycana qarşı əsassız fikirlər səsləndirir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bildirir ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 16 il ərzində nəhəng islahatlar həyata keçirib və keçirməyə də davam edir. Lakin təəssüf ki, bunların heç biri nəzərə alınmır və Azərbaycana təzyiq göstərmək cəhdindən əl çəkilmir: “Assambleyamızın bəzi üzvləri, hətta Avropa Şurasının baş katibi Azərbaycanla məşğul olmağı gündəlik məşğuliyyətə çevirib. Avropa Şurasının baş katibi vəzifəsindəki “baş” sözünü qəbul edib, lakin bu vəzifənin içində “katib” kəlməsinin olduğunu unudub. Katibin işi ölkələr arasında dialoqun kəsilməsi üçün cəhd etmək yox, dialoqun təşviqi olmalıdır. Anlamaq olmur ki, cənab Yaqland Azərbaycanla əlaqələrin kəsilməsi üçün niyə bu qədər vaxt və güc sərf edir”.
Amma görünən odur ki, Torbyorn Yaqland vəzifədən uzaqlaşdırılmayana qədər anti-Azərbaycan mövqeyindən əl çəkməyəcək. Bununla Yaqland elə özünün rəhbərlik etdiyi Avropa Şurasını gözdən salmaqda davam edir. Çox maraqlıdır ki, o, bu yaxınlarda milli azlıqlar və onların ana dilindən istifadə məsələsi üzrə dərc etdirdiyi məqaləsində Azərbaycan barədə heç nə yazmayıb. Əvəzində Ermənistanı tərifləyib. Halbuki, Ermənistan elə bir ölkədir ki, orada mili azlıq deyilən bir məfhum yoxdur. Dünya isə multikulturalizmi Azərbaycandan öyrəndiyi halda Yaqland bunu görmür. Belə şəxsin Qarabağ məsələsində də obyektiv mövqe tutması sadəcə mümkünsüz sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.