AŞ PA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Qərbin inkvizisiyasıdır və hesab edir ki, proseslərə müdaxilə etmək, eyni zamanda üzv dövlətlərin daxili siyasətinə qarışmaq hüququ var. Bunu “Trend”ə məşhur alman politoloqu Aleksandr Rar AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi məruzələrə münasibət bildirərkən deyib: "Belə vəziyyət Avropa üçün xarakterikdir və bu, intensivləşəcək".
Eyni zamanda politoloq hesab edir ki, bu sənədlərin qəbul edilməsi AŞ PA ilə Azərbaycan arasında münasibətlərə təsir göstərməyəcək.
“Uzun müddətdir ki, AŞ PA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.
Bunu isə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Belə təəssürat yaranır ki, AŞ PA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmətini nümayiş etdirmək üçün çalışır.
Prezident köməkçisi bildirib ki, AŞ PA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər: "Məgər AŞ PA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? AŞ PA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?"
Azərbaycanla bağlı qəbul olunmuş qətnamələr AŞ PA-da ikili standartların yüksəlişini göstərdi
Oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul olunmuş 14403 və 14397 saylı Qətnamələr ölkəmizə qarşı növbəti qarayaxma kampaniyası olmaqla, bu qurumda hüququn tənəzzülünü, ikili standartların yüksəlişini göstərmiş oldu.
Bunu “Trend”ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib. Aparat rəhbəri qeyd edib ki, bu gün Azərbaynın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və ölkəmizə qarşı qara kampaniyalar həyata keçirilir.
A.Səfixanlı əlavə edib ki, müəyyən antiazərbaycan qüvvələrin siyasi sifarişi və subyektiv mülahizələri əsasında hazırlanmış bu sənədləri qəbul etməklə AŞ PA bir qurum kimi öz nüfuzunu daha da aşağı salmış oldu.
Onun sözlərinə görə, obyektiv, müqayisəli və analitik təhlilə əsaslanmadan, qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qəbul edilmiş bu qətnamələr hansı dairədən sifariş olunduğunu və Azərbaycana qarşı qarayaxma məqsədi daşıdığını açıq-aydın göstərmiş oldu: “Ümumiyyətlə, tənqid və ya tövsiyə inkişafa xidmət edən amillərdir. Ötən dövr ərzində Azərbaycan üzv olduğu beynəlxalq və regional təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib, bir çox beynəlxalq müqavilənin iştirakçısı olmaqla milli qanunvericiliyini tam təkmilləşdirib. Bu gün də Azərbaycan BMT-nin müqavilə qurumları və digər beynəlxalq və regional təşkilatlar tərəfindən təqdim olunan təklif və tövsiyələrə diqqətlə yanaşaraq bu sahədə müəyyən addımlar atır. Bununla bağlı geniş məlumata ölkəmizin müqavilə qurumlarına təqdim etdiyi hesabatlara nəzər yetirməklə əldə etmək olar. Bütün bunlar Azərbaycanın hər hansı beynəlxalq və ya regional təşkilatla əməkdaşlığı naminə deyil, dövlətimizin maraqları, onun daha da demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilir. Amma beynəlxalq və ya regional təşkilat tərəfindən qəbul edilən və “tövsiyə” xarakteri daşıyan qətnamələr obyektiv reallıqdan uzaqdırsa, ikili yanaşma sərgiləyirsə, çirkli siyasi məqsədlərə xidmət edirsə və dövlətə qarşı təyziq vasitəsi kimi istifadə edilirsə, qəbul olunan sənədi dəyərsiz etməklə bərabər, o sənədi qəbul edən qurumun nüfuzunu da aşağı salmış olur. Azərbaycan müstəqil, güclü dövlətdir, özünün daxili və xarici siyasət prioritetləri var və bu kimi sənədlərlə Azərbaycana təzyiq göstərmək mümkün deyil”.
Azərbaycan AŞ-yə töhfə verdi, AŞ isə heç nə vermədi...
Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzlidir, qeyri-obyektivdir və ölkədə gedən prosesləri düzgün əks etdirmir.
Bunu isə agentliyə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Azərbaycanda insan haqları tam qorunur, demokratik təsisatlar normal fəaliyyət göstərir və ölkəmiz Avropanın özünə nümunə ola bilər: “Amma çox təəssüflər osun ki, bəzi dairələr öz maraqlarını təmin etdirmək, Azərbaycana öz şərtlərini qəbul etdirmək üçün bir sıra beynəlxalq qurumlardakı bəzi dairələr vasitəsilə ölkəmizə qarşı təzyiq dilində çirkin kampaniyadan istifadə edirlər ki, Azərbaycan onların şərtlərini qəbul etsin. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Dövlətimiz şəffaf, ədalətli, qarşılıqlı hörmət əsasında bütün ölkələrlə əməkdaşlıq edir. Diqtə, şərt, qeyri-obyektiv, qərəzli təzyiqlə Azərbaycan öz siyasətini dəyişməyəcək”.
Deputat qeyd edib ki, Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi: "Təcavüzkar Ermənistan bu gün də Azərbaycan ərazilərini işğal altında saxlayır, ölkəmizə qarşı soyqırımı həyata keçirib və bir milyondan artıq soydaşımızın bütün hüquqlarını tam pozub. Ancaq təəssüflər olsun ki, Avropa Şurası tərəfindən buna heç bir reaksiya verilmir, diqqət yetirilmir".
B.Əliyev qeyd edib ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına, siyasətçilərin güllələnməsinə baxmayaraq, Avropa Şurası bunlara göz yumur: "Azərbaycan Avropa Şurasının möhkəmlənməsinə öz töhfəsini verdi, amma qurum Azərbaycanla bağlı heç bir müsbət iş görmədi. Əksinə, Azərbaycana qarşı təşkilat tərəfindən qarayaxma kampaniyası aparılır, ölkəmizə iftiralar atılır. Təəssüflər olsun ki, bu, Avropa Şurasının rəhbərliyi səviyyəsində dəstəklənir və hətta Avropa Şurası rəhbərləri bu çirkin kampaniyaya başçılıq edir. Bu, Avropa Şurasının prinsiplərinə, məqsədlərinə uyğun deyil. Ona görə də əgər Azərbaycan Avropa Şurasını tərk etsə, ölkəmiz bundan heç nə itirmir, amma Avropa Şurası bundan çox şey itirə bilər. Ona görə də düşünürəm ki, bu məsələyə ciddi reaksiya verilməli və Azərbaycanın haqq mövqeyi dəstəklənməli, ölkəmizə obyektiv münasibət olmalıdır".
Bu yolu özümüz seçmişik, AŞ-nin diqtəsi ilə yox...
Avropa Şurası Parlament Assambleyasında payız sessiyasında Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzli və qeyri-obyektivdir.
Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu, Azərbaycan əleyhinə olan qüvvələrin, erməni lobbisinin və erməni diasporunun təsiri altında olan qrupların fəaliyyətinin nəticəsidir.
M.Qasımlı bildirib ki, belə bir qərarın qəbul edilməsinin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, qaçqınlar və məcburi köçkünlər, Xocalıda törədilən soyqırım məsələlərini daim gündəlikdə saxlayan Azərbaycan nümayəndə heyətinin fəaliyyətini məhdudlaşdırmaq və müxtəlif bəhanələrlə ölkəmizə təzyiq göstərməkdir: "Belə sənədləri qəbul edənlər anlamalıdır ki, Azərbaycan dövləti ilə hökm dilində danışmaq və ona təzyiq etməklə heç bir şeyə nail olmaq olmaz. Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq etmək lazımdır. Onlar bilməlidir ki, təkcə Azərbaycan Avropa Şurası qarşısında deyil, eyni zamanda Avropa Şurası da Azərbaycan qarşısında öhdəliklər götürüb. Avropa Şurası onları yerinə yetirməyə borcludur. Digər tərəfdən, həmin qüvvələr dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç bir dövlətin, təşkilatın tövsiyəsi olmadan özü demokratik inkişaf yolunu seçib və bu yoldan onu yayındırmaq mümkün deyil".
Yaqland erməni lobbisindən davamlı aldığı rüşvətin “diqtəsilə” hərəkət edir
Avropa Şurası Parlament Assambleyasında "Azərbaycanda demokratik təsisatların vəziyyəti" hesabatı adı altında ölkəmizə qarşı aparılan çirkin kampaniya sübut edir ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland erməni lobbisinin əlaltısına çevrilərək, onlardan aldığı davamlı rüşvətlər hesabına dövlətimiz əleyhinə iş aparmaqdadır. Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, Azərbaycana qarşı qərəzli münasibət AŞ PA-nın son payız sessiyasında da özünü göstərdi: "AŞ PA deputatları zaman-zaman müxtəlif tribunalarda, mediada Azərbaycanla münasibətdə dialoq tərəfdarı olduqlarını desələr də, AŞ-nin baş katibi Torbyorn Yaqlandın ölkəmizə qarşı aşkar antipatiyası həmin fikirləri tamamilə alt-üst edir. Bu mövqeni AŞ PA-nın payız sessiyasında da gördük. Hətta bundan əvvəl Yaqland bir az da irəli gedərək, açıq ermənipərəst avropalı həyasızlığı sərgiləyərək "Azərbaycanı mütləq cəzalandırmaq gərəkdir" demişdi. Bütün bunlar həmin qurumların dialoq tərəfdarı olması barədə bəyanatlarının qeyri-səmimi olduğunu göstərir. Sözügedən qətnamələr də buna sübutdur. Ümumiyyətlə, Torbyorn Yaqland gələcək siyasi karyerası barədə narahatlıq keçirməlidir, çünki erməni lobbisinin əsas silahı olan korrupsiya tələsinə düşərək onların iş icraçısına çevrilib”.
B.Quliyev qeyd edib ki, digər dövlətlərin AŞ PA qarşısında yerinə yetirmədiyi öhdəliklər qala-qala, nədənsə müstəqil və demokratik dəyərlərə sadiq olan Azərbaycan hakimiyyəti hədəfə alınır: “AŞ PA bu suallara cavab versin ki, nəyə görə Fransa, İtaliya, Rumıniya, Portuqaliya, Polşa və daha 12 ölkədə son illərdə Avropa İnsan Hüquqları Məhkəməsinin 10 000 qərarı icra olunmayıb? Ən nəhayət, işğalçı siyasət yürüdən, terrorizmi və s. cinayətkarlıq üsullarını dövlət siyasətinə çevirən Ermənistan AŞ PA-nın və Avropa Məhkəməsinin qərarlarına, qətnamələrinə əməl etmirsə, hansı səbəbdən bu ölkənin AŞ-dən uzaqlaşdırılması ilə bağlı məsələlər qaldırılmır? Niyə Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, eləcə də torpaqlarımızı işğal etməsi, 1 milyondan çox soydaşımızın hüquqlarının pozulması faktları qarşılığında bu ölkəyə qarşı sanksiyalar, qətnamələr qəbul olunmur? Yaqland buyursun, bu sualları cavablandırsın və sonra Azərbaycana qarşı qərəzli, şantajçı kampaniya aparsın”.
Ekspert vurğulayıb ki, əslində Azərbaycan Avropa Şurasında qalıb-qalmaması ilə bağlı qərar qəbul etməli və AŞ PA da həmin qərara müvafiq düşünməlidir ki, bu qurum etibarlı tərəfdaş və regional təhlükəsizlikdə önəmli rol oynayan Azərbaycanı itirdiyi halda hansı problemlərlə qarşı-qarşıya qalacaq: “Artıq bu məqam yetişib. Təəssüf ki, AŞ PA kimi mühüm siyasi qurumda Yaqland və onun kimi səviyyəsiz, siyasi savadı olmayan deputatlar normal Avropa meyarlarını erməni lobbisinin maraqlarına qurban verməklə məşğul olur. Nəticədə isə özlərini çətin vəziyyətdə qoyurlar”.
Avropa Şurası çirkin əməl sahiblərinin diktəsi ilə fəaliyyət göstərirsə, kimə lazımdır?
Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi sənədlər sağlam məntiqə sığmır. T.Rzayev bildirib ki, bu, baş verən hadisələrə ikili standartlardan yanaşmanın nəticəsidir: “Çünki əksər Avropa ölkələrində insan hüquqlarının kobud şəkildə pozulduğu, dini, irqi ayrıseçkiliyin baş alıb getdiyi, kiçik müstəqil dövlətlərə təzyiqlərin gücləndiyi, onların hər vasitə ilə sıxışdırıldığı bir vaxtda belə sənədlərin qəbulu ağılsızlıqdır və sözsüz ki, müəyyən dairələrin maraqlarına xidmət edir. AŞPA bu gün Avropanı düşündürən problemləri gündəmə gətirməli olduğu halda, Azərbaycana qarşı belə qərəzli mövqe nümayiş etdirir”.
Deputat qeyd edib ki, bu qərəzli mövqenin səbəbləri aydındır: “Müstəqil siyasət yürüdən, öz müqəddəratını inkişafda, qarşılıqlı əməkdaşlıqda, insanların sosial rifahında görən dövlətimizin fəaliyyəti bəzi ölkələr kimi AŞ PA-nı da qane etmir və onlar ölkəmizi təsir altına almaq üçün belə xoşagəlməz və çirkin kampaniya aparır. Bu təşkilatı insanların hüquq və azadlıqları, demokratik təsisatlar yox, daha çox özünün və himayədarlarının mənafeyi düşündürür. Belə olmasaydı, AŞ PA 25 ildən çox düşmən əsarəti altında qalan Azərbaycan torpaqları və bir milyondan çox qaçqın və məcburi köçkünlərimiz haqqında kəskin mövqedən çıxış edər, erməni işğalçılarını fakt qarşısında qoyardı, yeri gələndə işğalçını müdafiə etməz və ermənipərəst mövqedə dayanmazdı”.
T.Rzayev vurğulayıb ki, AŞ PA-nın qəbul etdiyi sənədlər heç vaxt Azərbaycanı təsir altına sala və nüfuzuna xələl gətirə bilməz: “Əksinə, bu, Avropa Şurasının özünü hörmətdən salır, ona inamı sarsıdır və insanlar tərəfindən mənfi qarşılanır. Avropa Şurası nə etdiyini özü də yaxşı bilmir, Avropaya lazım olan Azərbaycana qərəzli mövqedən yanaşmaqla avropalılara zərbə vurmuş olur. Çünki Azərbaycan enerji təhlükəsizliyinin təmin olunması, sülhün və əmin-amanlığın qorunması baxımından Avropaya dəstək verən bir ölkədir. Əgər Avropa Şurası sülhü və əmin-amanlığı dəstəkləyən ölkələrin mənafeyi mövqeyindən çıxış etmirsə, öz qərarlarında haqqı, ədaləti dəstəkləmirsə, subyektiv mövqeyə əsaslanırsa, münasibətlərin korlanmasına yol açırsa, çirkin əməl sahiblərinin diktəsi ilə fəaliyyət göstərirsə, o, kimə lazımdır?”
AŞPA-nın məlum qətmanələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir
Bu gün Azərbaycan ictimaiyyətində Avropa Şurasına qarşı böyük etiraz var. Daxili və xarici siyasətində hər zaman Avropaya inteqrasiya yolunu tutan, Avropa Şurası ilə ikitərəfli əlaqələrə həssas yanaşan ölkəmiz təəssüf ki, zaman-zaman qarşı tərəfdən haqsız və ədalətsiz münasibətlə üz-üzə qalır. Elə bugünlərdə AŞPA-da həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamənin qəbul edilməsi qurumun ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətin bariz nümunəsidir. Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadənin sözlərinə görə, bu gün ölkə daxilində, xüsusilə də xaricdə ölkəmizin sürətli inkişafını gözü götürməyən antiazərbaycan ünsürlər var: “Azərbaycan malik olduğu enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edərək Avropanın etibarlı enerji təchizatçısına çevrilməkdədir. Həyata keçirilən qlobal layihələr bu reallığı bir daha ortaya qoyur. Təəssüf ki, Avropada bəzi dairələr ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu həzm edə bilmirlər. Ona görə də bəzən bu cür qətnamələrin qəbul edilməsinin şahidi oluruq. Birmənalı şəkildə vurğulayıram ki, bu dairələrin arxasında erməni lobbisinin və erməpərəst qüvvələrin barmağı var. Bu isə AŞPA-nın qərəzli dairələrin əlində alətə çevrildiyini bir daha təsdiqləyir. Məhz antiazərbaycan, ermənipərəst qüvvələrin xüsusi “fəallığı” sayəsində zaman-zaman ölkəmizə qarşı çirkin kampaniya həyata keçirilir. Ancaq AŞPA-nın ölkəmizlə bağlı məlum qətnamələri yalnız qurumun fəaliyyətinə kölgə sala bilər.”
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Avropa Şurasında İslam ölkələrinə qarşı böyük bir qərəz hiss olunur: “Bu gün Avropada hökm sürən islamofobiya, kssenofobiya dünya üçün böyük təhlükədir. Bu halda hansı insan hüquq və azadlıqlarından danışmaq olar? İnsanlar arasında dini, irqi ayrı-seçkilik qoymaq hansı Avropa dəyərlərinə uyğundur? Təbii ki, AŞPA qarşısında bu kimi bir çox məsələni qaldırmaq olar. Hər bir halda hesab edirəm ki, AŞPA-nın məlum qətmanələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir.”
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç kimin ölkəmizin daxili işlərinə qarışmağa haqqı yoxdur: “Qeyd etdiyim bu və digər məqamlar beynəlxalq hüququn təməl prinsiplərində öz əksini tapıb. Təəssüf ki, bu gün biz dünyada arıtq “beynəlxalq hüquq” anlayışının arxa plana keçdiyini görürük. Bu gün “beynəlxalq hüquq” müstəqil və balanslaşdırılmış siyasət yürüdən dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilib. Bu isə qəbuledilməzdir. İstər AŞPA, istəsə də başqa bir beynəlxalq qurum Azərbaycanla zor dilində danışa bilməz. Bizim öz siyasətimiz, öz yolumuz var. Təbii ki, bu siyasət demokratik prinsiplərə, bəşəri dəyərlərə, dövlətçilik və milli maraqlar əsaslanır.”
Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında “Azərbaycanda demokratik təsisatların vəziyyəti" və “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamələri qəbul edilib.
Namiq QULİYEV