Aydın Mirzəzadə: “Azərbaycan hər iki variantla münaqişəni həll etməyə qadirdir?”
Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi qəbul edib. E.Şoferə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək, münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib və deyib ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd edib, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib.
Qeyd edək ki, ondan əvvəl həmsədrlər Ermənistanda səfərdə olublar. Erməni tərəfi həmsədrlərə bildirib ki, guya Azərbaycan münaqişənin həllində maraqlı deyil. Bu baxımdan Prezident İlham Əliyevin məlum açıqlaması erməni yalanının ifşa olunması baxımından nə kimi əhəmiyyətə malikdir?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, erməni tərəfinin açıqlaması ümumiyyətlə gülüncdür: “Birincisi, Ermənistan qoşunları Azərbaycan torpağında nə gəzir? İkincisi, Azərbaycan dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin ən əlverişli şərtlərlə həll edilməsini təklif edib. Bu, Azərbaycanın münaqişənin həllində maraqlı olduğunu bir daha göstərir. Prezident İlham Əliyev açıqlaması ilə bir daha erməni tərəfinin yalanını ifşa etdi. Ermənistan isə Dağlıq Qarabağı və ətraf 7 rayonu qanunsuz olaraq işğal altında saxlayır. Vaxtaşırı atəşkəsi pozur və Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bir sözlə, Ermənistan öz bəyanatları ilə bir daha özünü ifşa edir. O başqa məsələ ki, Azərbaycan mütləq bu problemi həll edəcək. Bunun diplomatik və yaxud da hərbi yolla həll edilməsi bizim üçün o qədər də əhəmiyyət daşımır. Ona görə ki, Azərbaycan hər iki variantla münaqişəni həll etməyə qadirdir. Sadəcə, Azərbaycan sülhsevər mövqedən çıxış edərək istəyir ki, münaqişə sülh yolu ilə həll olunsun”.
Vidadi ORDAHALLI