Elşən Mustafayev: “Təbii ki, arqumentlərə söykənərək həqiqəti danışan kimi, bizim mövqeyimiz yalan danışan Ermənistanınkından daha təsirli və inandırıcıdır”
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib. Həmin tədbirdəki çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparıldığını, Xocalı soyqırımının törədildiyini bildirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlət başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu vurğulayıb.
Prezident İlham Əliyev son illərdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir və ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin icrasında mühüm rol oynayır və beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir.
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rolundan danışıb. Azərbaycan Prezidenti ölkəmizdə multikulturalizm və dünyəvilik dəyərlərinin qorunub saxlandığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda demokratiyanın və bütün azadlıqların təmin olunduğunu da bildirib.
Bundan sonra Valter Stivensin başçılıq etdiyi heyət İrəvana yola düşüb. Onların Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü olub. Yenə öz ampluasına sadiq qalan erməni nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı baş verən yubanmanın bütün günahlarını Azərbaycanın üstünə atmağa çalışıb. O qeyd edib ki, guya Azərbaycan münaqişənin nizama salınması ilə bağlı irəli sürülən bütün şərtləri rədd edir. Nalbandyan, həmçinin, Azərbaycanı atəşkəs rejiminə riayət etməməkdə suçlayıb.
Avropalı diplomatlardan təşkil olunan nümayəndə heyəti hər iki ölkədə olub və ətraflı fikir mübadiləsi aparıb. Bu xüsusda hansı tərəfin mövqeyi avropalılara güclü təsir etmək imkanındadır?
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, təbii, Azərbaycanın mövqeyi daha əsaslandırılmış və konseptual oldu: “Hesab edirəm ki, seçilən format çox uğurlu olub. Bunun həm tərəf kimi Azərbaycana, həm də Avropaya faydası dəyəcək. Marşrut da həqiqətləri üzə çıxarmaq baxımından ideal olub. Səfirlərə hər iki tərəfi dinləmək şəraiti yaradılıb. Obyektiv mövqe, həqiqətin tam üzə çıxması yalnız belə görüşlərdə, hər iki tərəfi dinləməklə mümkün ola bilər. Prezidentlə keçirilən görüşü izlədik. Azərbaycanla bağlı bütün mövqelərə aydınlıq gətirildi. Yəni əhatəli bir fikir mübadiləsi oldu. Bizim mövqeyimiz ona görə daha təsirli olacaq ki, biz yalan deyil, həqiqəti danışmışıq. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsi barədə bütün reallıqları ortaya qoymuşuq. Elə bilirəm ki, bu və müzakirə olunan digər məsələlərdə Azərbaycanın mövqeyi ilə bağlı həmin səfirlərə qaranlıq nəsə qalmadı. Nümayəndə heyətinin Ermənistana səfəri və Nalbandyanla keçirdiyi görüşləri də izlədim. Ermənistanın təbliğatı sırf yalan üzərində qurulub ki, bununla da peşəkar diplomatları aldatmaq qeyri-mümkündür. Nalbandyan Dağlıq Qarabağla bağlı yaranmış qeyri-müəyyənliyi Azərbaycanın üzərinə atmaq istəyir. Ancaq həmin dəlillər heç bir fakta söykənmir və yalnız söz yığınından ibarətdir. Ermənistan rəsmisi Azərbaycanı qeyri-konstruktivlikdə ittiham edir. Ancaq bunun necə olduğunu diplomatlar daha yaxşı bilir. Bu baxımdan da primitiv yalanlarla onlar yalnız özlərini ifşa edib. Təbii ki, arqumentlərə söykənərək həqiqəti danışan kimi, bizim mövqeyimiz yalan danışan Ermənistanınkından daha təsirli və inandırıcıdır”.
Məhəmmədəli QƏRİBLİ