Vüqar Qədirov: “Ermənistanı bəsləyib Azərbaycana qarşı qərəz nümayiş etdirmək heç vaxt həmin təsisata başucalığı gətirməyəcək”
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib ki, ölkəmizdəki ictimai rəy Avropa Şurası ilə bağlı yaxşı deyil:
“Burada Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim kütləvi informasiya vasitələrimizi yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiklərini yaza bilər. Təbii ki, biz ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya veririk və hər bir hökumət, ilk olaraq, ictimai rəyi nəzərə almalıdır. Təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil”.
İlham Əliyev Avropa Şurası ilə bağlı ictimai rəyin elə də müsbət olmamasının bir neçə səbəbinin olduğunu vurğulayıb: “Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”.
Prezidentin Avropa Şurasını ölkəmizdə hörmətdən salan şərtlərlə bağlı səsləndirdiyi fikirlər barədə ekspertlər nə düşünür?
Politoloq Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, ölkə başçısı sözügedən qurumu hörmətdən salan şərtləri ətraflı və olduqca dolğun təsnifatlandırıb: “Ölkə başçısı tamamilə doğru olaraq qeyd edib ki, Avropa Şurası bizə Dağlıq Qarabağ münaqişəsini nizama salmaq istiqamətində heç bir yardım etməyib. Baxmayaraq ki, Ermənistanın qarşısına quruma üzv olarkən belə bir öhdəlik qoyulub. Azərbaycan qurumla əməkdaşlıq sahəsində əlindən gələni edir. Həmin təsisata üzvlük haqqı ödəyir. Parlament nümayəndə heyətimiz orada təmsil olunur. Ancaq biz Avropa Şurasından adekvat münasibəti görmürük. Əksinə, addımbaşına onların təzyiqlərilə, hədələrilə üzləşirik. Bütün bu təzyiqlərin bizə qarşı niyə tətbiq edildiyini də gözəl anlayırıq. Ölkə başçısı daha sonra öz şəxsi praktikasına əsaslanaraq bəzi detallardan danışdı. Ermənistana xüsusi münasibətin sərgiləndiyini, bizimlə isə qərəzli davranıldığını şəxsən müşahidə etdiyini dedi. Təbii ki, Azərbaycana qarşı yürüdülən siyasətin bizə heç bir zərəri toxunmayıb. Biz öz müstəqil siyasətimizi davam etdirmişik. Ancaq ölkə başçısının da ifadə etdiyi kimi, bundan itirən Avropa Şurası olub. Quruma üzv olan bir ölkənin ictimai rəyində mənfi qəbul olunmaq heç yaxşı hal deyil və doğru olar ki, Avropa Şurası rəhbərliyi bu barədə ətraflı düşünsün. Ermənistanı bəsləyib Azərbaycana qarşı qərəz nümayiş etdirmək heç vaxt həmin təsisata başucalığı gətirməyəcək. Yaxşı olar ki, tam obyektiv mövqe tutmaqla bir az zədələnmiş imiclərini bərpa etsinlər”.
Məhəmmədəli QƏRİBLİ