Elşən Həsənov: “Avropa Şurası Ermənistana qarşı sanksiyaların tətbiqini gündəmə gətirməlidir”
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyesi qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov Z.Hernyesi Avropa Şurasının Azərbaycana nümayəndəsi təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə “Avropa Şurası - Azərbaycan Fəaliyyət Planı”nın həyata keçirilməsi və praktiki layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və müvafiq monitorinq komitələri ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub.
Görüş əsnasında E.Məmmədyarov Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair öhdəliyinin yerinə yetirilmədiyini xatırladıb. Həmçinin, nazir “Çıraqov və digərləri Ermənistana qarşı” işinə diqqət çəkərək Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müvafiq hökmünün təmin edilməməsinə toxunub.
Səfir Z.Hernyes isə diplomatik fəaliyyəti müddətində Azərbaycan və Avropa Şurası arasında ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.
Görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmirsə, onunla bağlı həmin qurum hansı addımları atmalıdır?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Azərbaycanla Ermənistan Avropa Şurasına eyni vaxtda qəbul edilib: “Həmin vaxt tərəflər üzərinə müxtəlif öhdəliklər götürdü. Azərbaycanın da üzərinə götürdüyü öhdəliklər olub. Keçən dövr göstərir ki, ölkəmiz üzərinə düşənləri edib. Ancaq Ermənistan götürdüyü ən böyük öhdəliklərdən birinin həll edilməsinə heç maraq belə göstərmir. Məlumdur ki, Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair öhdəlik götürüb. Ancaq bu istiqamətdə bir addım da atmadığına baxmayaraq, AŞ onunla loyal davranır. Təəssüflər olsun ki, biz bu qurum tərəfindən də ikili standartlarla rastlaşırıq. Fikir verirsinizsə, son vaxtlar qurumun rəhbərliyi tərəfindən Azərbaycan təhdid edilir. Hətta ölkəmizə qarşı sanksiyaların tətbiqinə dair də fikirlər səsləndirilir. Belə çıxır ki, AŞ onunla normal əməkdaşlıq edənlərə qənim kəsilib. Belə deyilsə, üzərinə götürdüyü öhdəliklərə əməl etməyən, Avropa Məhkəməsinin çıxardığı qərarlarla bağlı təzminatları ödəməyən Ermənistana yönəlik bu davranış niyə yoxdur? Bu baxımdan da xarici işlər nazirimizin xatırlatmasını yerində səslənən fikir kimi qəbul edirəm. Bəli, Avropa Şurası ilk növbədə öz imicinə hörmət etməlidir. Onun şərtlərinə əməl etməyən Ermənistana qarşı sanksiyaların tətbiqini gündəmə gətirməlidir”.
Məhəmmədəli QƏRİBLİ