İndiyə qədər Ermənistanın ayaq qalmasında əsas rol oynayan Rusiyaya qarşı bu gün İrəvanda edilən çağrışlar sürətlə artır. Hadisələrin real təhlili göstərir ki, bu məsələdə bütün koordinasiya fəaliyyəti elə Serc Sarksiyan hakimiyyəti tərəfindən həyata keçirilir. Ermənistan hakimiyyətinin burada başlıca məqsədi Moskvanı, belə demək olarsa, şantaj edərək ondan yeni güzəştlər qoparmaq, ən əsası isə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına mane olmaqdır. Amma hadisələrin real inkişaf axarı İrəvanın bu niyyətinin gözündə qaldığını göstərir.
Yaranmış vəziyyətdə Ermənistan Rusiyaya istənilən an xəyanət etməyə hazır olduğunu göstərən müəyyən gedişlər etməkdən çəkinmir. Məsələn, “Yelk” müxalifət fraksiyası tərəfindən hazırlanmış Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin aktual müzakirəsi məhz bu məqsədə xidmət edir. Düzdür, məsələ Ermənistan parlamentinə çıxarıldıqdan sonra bu barədə təkliflər rədd edilib və bunun üçün müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsi qəbul olunmayıb.
“Yelk”dən başqa, komissiyanın yaradılmasına parlamentin bütün fraksiyaları qarşı çıxıb. Amma məsələ bundadır ki, o birdəfəlik gündəmdən də çıxarılmayıb və məlumatlara görə, yenə hakimiyyətdən gələn sifariş əsasında “Yelk” fraksiyası Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsini gündəmə gətirəcək. Digər tərəfdən, elə həmin qanun layihəsinin müzakirəsi zamanı Rusiyanın ünvanına kifayət qədər sərt ittihamlar səsləndirilib. Məsələn, hakimiyyətə kifayət qədər yaxın olan parlamentin vitse-spikeri, “Tsarukyan” fraksiyasının nümayəndəsi Mikayel Melkumyan çox maraqlı fikirlər səsləndirib. O bildirib ki, Avrasiya İqtisadi İttifaqında Rusiyanın Azərbaycana silah satması məsələsini müzakirəyə çıxara bilərlər: “2015-ci ildə Rusiya Azərbaycana 25 milyard dollarlıq, 2016-cı ildə 10 milyard, bu il daha çox məbləğdə silah satıb. Ona görə də Moskvadan soruşmaq lazımdır: bu, Ermənistan-Rusiya münasibətlərinə nə dərəcədə uyğun gəlir? Gürcüstan Azərbaycandan təbii qazı 200 dollara alıb, əhaliyə 240-245 dollara satır. Ermənistan isə Rusiyadan bu yanacağı 150 dollara alıb, əhaliyə üç dəfə baha satır”. Melkumyan təbii qazın ölkə əhalisinə baha satılmasından danışarkən, heç şübhəsiz, indiki baş nazir Karen Karapetyanı da vurur. Çünki Ermənistanda təbii qazın satışına onun başçılıq etdiyi “Qazprom-Armeniya” nəzarət edir. Karapetyan isə birbaşa Rusiyanın adamı sayılır.
“Yelk”in lideri Nikol Paşinyan isə bildirir ki, ölkəsinin Rusiyadan aralanması çox vacibdir. Onun sözlərinə görə, Ermənistan ittifaqa üzv olduqdan sonra beynəlxalq ehtiyatlar 40 faiz azalıb, xarici borc isə 10 faiz artıb. Onun mövqeyini dəstəkləyən keçmiş baş nazir, deputat Aram Sarkisyan “Azadlıq” radiosunun erməni xidmətinə bildirib ki, səsvermənin nəticələri onlar üçün gözlənilən idi. Çünki parlament çoxluğu ölkənin Rusiyadan asılı vəziyyətdə qalmasını istəyir. Sarkisyanın sözlərinə görə, müzakirələr zamanı hakim Respublika partiyasının nümayəndələrinin çıxışları göstərdi ki, onlardan çoxu Ermənistanın müstəqilliyini və suverenliyini şübhə altına alır, etiraf edirlər ki, Ermənistan müstəqi şəkildə öz sərhədlərini qorumağa və düşmənə cavab verməyə qadir deyil.
Müxalif deputat əmindir ki, ölkə hakimiyyəti prezident Serj Sarkisyandan başlamış nazirlərə qədər hər şeyi edir ki, Rusiyanın işinə yarasınlar və hakimiyyətlərini saxlasınlar: “Bizim Xarici İşlər Nazirliyi bütün dünya boyu Rusiyanın maraqlarına xidmət edir və harada lazımsa orada Rusiya XİN necə istəsə, elə səs verir. Bizim energetika sahəmiz tamamilə Rusiyaya məxsusdur... Baş nazirdən soruşmaq lazımdır ki, dövlətdə ruslara vermədiyimiz daha hansı sahələr qalıb?”.
Keçmiş baş nazir hesab edir ki, hakimiyyət nümayəndələrinin Ermənistan Avrasiya İttifaqından çıxacağı halda vəziyyətinin “dəhşətli olacağı” haqda dedikləri sadəcə olaraq gülməlidir:. “Bundan da betər daha nə ola bilər?. Ermənistandan əhalinin axını davam edir, insanlar ABŞ-a, Avropya üz tutur, orada öz biznesini qurur. Kimin belə imkanı yoxdursa, dili bilmirsə, Rusiyaya mühacirət etməyə məcburdur. Və nə vaxta qədər ki, onlar oradadır, biz Rusiyanın belimizə minməsinə, Azərbaycana silah-sursat satmasına göz yummağa məcburuq. Ermənistana investisiyalar yatırılmır, çünki heç bir avropalı investor Avrasiya İttifaqının üzvü olan ölkəyə investisiya qoymaz. Rusiyanın isə o qədər pulu yoxdur ki, Ermənistana investisiya qoysun”. Hələlik isə erməni hakimiyyəti də Avrasiya İttifaqından çıxış məsələsini ehtiyat kimi saxlayır və Moskvanın onlara qarşı siyasətii dəyişməyəjəyi halda qurumu istənilən an tərk edə bilər. Moskva isə Ermənistana qarşı siyasətini dəyişməyə hazırlaşmır. Əksinə, Kreml ən sərt şəkildə bu ölkəni cəzalandırmağı düşünür.
Tahir TAĞIYEV