Ramil Hüseynov: “Ukrayna hər zaman Azərbaycanla yaxın münasibətlərə malik olub”
"Azərbaycanla əlaqələrimiz mükəmməl səviyyədədir. Bu hər hansı pafoslu sözlər deyil". Bunu Bakıda Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib.
Nazir Azərbaycan və Ukraynanın ortaq çağırışlarla üz-üzə olduğunu bildirib: "Ukraynada Donbas və Krım işğal olunub, Azərbaycanda isə Qarabağ. Biz beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyirik. Əlaqələrimiz strateji xarakter daşıyır. İqtisadi əlaqələrimiz üçün böyük potensial var. Bu ilin 9 ayında ötən ilə nisbətən ticarət dövriyyəsi 66 faiz artıb. Biz düşünürük ki, ticarəti daha 10 dəfə artıra bilərik. İnsanlar arasında xüsusi simpatiya olmasaydı, əlaqələr strateji səviyyəyə çatmazdı. Ukraynalılar burada özlərini evlərindəki kimi hiss edirlər".
Bununla yanaşı, Azərbaycan və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarovla Pavlo Klimkin arasında görüş keçirilib. Təkbətək və geniş formatda keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Görüşlərin yekununda keçirilən brifinqdə E.Məmmədyarov tərəflərin Azərbaycan-Ukrayna münasibətləri üzrə geniş müzakirələr apardığını bildirib. Onun fikrincə, iki ölkə arasındakı münasibətlər strateji xarakter daşıyır: "Azərbaycan və Ukraynanın mövqeləri bir sıra məsələlərdə, o cümlədən hər iki ölkənin ərazi bütövlüyü məsələsində üst-üstə düşür".
Ümumilikdə, Ukraynanın rəsmi olaraq Qarabağın işğal edilməsini bəyan etməsinin prinsipial olaraq nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bunu əhəmiyyəti ondan ibarətdir ki, Ukrayna Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğunu rəsmən bəyan etdi: “Düzdür, Ukrayna hər zaman Azərbaycanla yaxın münasibətlərə malik olub. İki ölkə müstəqillik qazandıqdan sonra bu münasibətlər yeni mərhələyə keçib. Siyasi müstəvidə münasibətlər üstün səviyyədə olmaqla yanaşı, iqtisadi-ticarət əlaqələri də yüksələn xətt üzrə inkişaf edib. Ancaq o da məlum həqiqətdir ki, Donbas hadisələrinə qədər Ukrayna Dağlıq Qarabağ məsələsində konkret mövqe sərgiləməyib. Ermənistanla olan münasibətlərə kölgə düşməsin deyə, mövqe bildirməkdən yayınıb. Ancaq 2014-cü ildə Krımın ilhaqı, Donbasda baş verən məlum hadisələr Ukraynanın Dağlıq Qarabağla bağlı mövqeyində korrektələr etmək zərurətini yaratdı. Çünki Ermənistanın Ukraynanın ərazi bütövlüyünə qarşı sərgilədiyi mövqe bunu qaçılmaz etdi. İşğalçı dövlət açıq formada Ukraynanın ərazi bütövlüyünü tanımaqdan imtina etdi. Ondan sonra rəsmi Kiyev bununla bağlı siyasətinə yenidən baxmalı oldu. Hər iki dövlətin separatizmdən əziyyət çəkdiyini nəzərə alsaq, rəsmi Kiyevin Dağlıq Qarabağla bağlı konkret mövqe ortaya qoyması müsbət haldır”.
Vidadi ORDAHALLI