Mübariz Əhmədoğlu: “Hesab edirəm ki, Prezidentin səsləndirdiyi hər bir söz əhəmiyyətlidir”
“Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək”. Bu barədə Prezident İlham Əliyev çərşənbə günü Avropa İttifaqı Şurası Siyasi və Təhlükəsizlik Komitəsi nümayəndə heyətilə görüşündə bildirib.
Dövlət başçısı deyib ki, ölkədə Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Onun sözlərinə görə, bu qurumda Azərbaycana qarşı münasibət olduqca mənfi olub. Ermənistan isə AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur: “Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər”.
İlham Əliyevin açıqlamasından o da məlum olub ki, Azərbaycana əsassız hücumlar məyusluq yaradır: “Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var” kimi fikirlər meydana gəlir. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək. Biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq”.
Azərbaycanın inkişafı, görülən işlər bu qənaətə gəlməyə əsas verir ki, ölkə tam müstəqil siyasət yeridir. Azərbaycanı təhdid etməklə nəyəsə nail olmaq olmaz.
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinini sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Prezident bu məsələdə tamamilə haqlıdır: “Həqiqətən də Azərbaycan Avropa Şurasından çıxsa nə baş verəcək ki?! Biz Avropa Şurası üçün yaşamırıq ki. Biz özümüz üçün yaşayırıq. Necə yşamışıqsa, bundan sonra da elə yaşayacağıq. Hesab edirəm ki, Prezidentin səsləndirdiyi hər bir söz əhəmiyyətlidir. Digər tərəfdən, biz çalışmalıyıq ki, Avropa Şurasının konseptual, strateji baxımdan Azərbaycan qarşısında günahkar olduğunu sübut edək. Avropa Şurası, o cümlədən AŞPA və digər qurumlardan Azərbaycanın narazılığı var. Kataloniyada keçirilən referendumun nəticələrini Avropada heç bir qurum tanımadı. Ancaq bu məsələ Azərbaycana gələndə ərazi bütövlüyü prinsipini qəti və konkret şəkildə ifadə etmirlər”.
Vidadi ORDAHALLI