Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnamə əsasında həllini tələb edir. Amma bu istiqamətdə özünü göstərən ikili standartlar Dağlıq Qarabağ məsələsində beynəxalq hüquq normalarının qeyri-işlək olması vəziyyətinə gətirib çıxarıb. Elə həm də bunun nəticəsidir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində irəli sürülən tələblər də indiyədək yerinə yetrilməmiş qalır. Bütün bunlar isə təkcə Azərbaycan, Cənubi Qafqaz yox, bütün dünya nizamı üçün ciddi təhdidlər yaradır.
İndi ekspertlər birmənalı şəkildə bildirir ki, dünyanın ən müxtəlif bölgələrdə münaqişələrin sayının artması, separatizmin genişlənməsinin ən ümdə səbəblərindən biri məhz beynəlxalq hüquq normalarına əməl edilməməsi, buna yol verən dövlətlərin layiqli cəzasını almamasıdır. Digər tərəfdən, BMT qətnamələrinin icrası məsələsində yol verilən ikili standartlar da indi dünya boyu çox təhlükəli bir vəziyyət yaradıb. Belə durum ilk növbədə çoxsaylı münaqişə ocaqlarının meydana çıxması ilə nəticələnib. Əslində, yaranmış vəziyyətin kifayət qədər təhlükəli olması indi dünya geosiyasətində həlledici mövqe sahibi olan dövlətlər tərəfindən də açıq etiraf olunur. Bunu 20 ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edərkən Rusiya prezidenti Vladimir Putinin açıqlamalarından da aydın görmək olar. Putin səfirlərlə görüşdə açıq bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət olunması bütün ölkələr üçün prioritet olmalıdır. O bildirib ki, BMT Baş Assambleyasının sessiyasında dünya ictimaiyyətinin qarşılaşdığı hədə və təhlükələrin sayının artması barədə həyəcan təbili çalınıb: “Qeyri-sabitlik şəraitində bütün ölkələr beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləməkdə başlıca məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət, hüququn aliliyinə riayət etməlidir”. Bundan əlavə, Vladimir Putin onu da ayrıca qeyd etdi ki, BMT regional münaqişələrə xüsusi diqqət ayırmalıdır: “BMT regional münaqişələrin həllinə, onların möhkəm, dayanıqlı və uzunmüddətli nizamlanmasının təmin olunmasına xüsusi diqqət ayırmalıdır”.
Aydındır ki, Vladimir Putinin dedikləri Azərbaycanın indiyə qədər nümayiş etdirdiyi mövqe ilə tam üst-üstə düşür. Məhz Azərbaycan da dəfələrlə bəyan edib ki, BMT Təhlükəsizlik Şurası qərarlarına riayət olunması bütün ölkələr, o cümlədən də işğalçı Ermənistan üçün prioritet olmalıdır. Belə vəziyyətdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi dörd qətnaməyə əsasən, Ermənistan zəbt olunmuş Azərbaycan torpaqlarını azad etməlidir. Rusiyalı siyasi ekspert Aleksey Fenenko bunlarla bağlı “Vestnik Kavkaza” saytına açıqlamasında bildirir ki, Vladimir Putinin BMT-nin regional konfliktlərə diqqət ayırması haqqında çıxışı Dağlıq Qarabağ konfliktinə də aiddir: “Qarabağın həlli məsələsində BMT vasitəçi kimi üç yoldan istifadə edə bilər. Birinci ssenari odur ki, bizim hamımız 25 ildə ATƏT-in Minsk Qrupunun vasitəçi kimi heç bir nəticə əldə etmədiyinə əmin oluruq. Demək ki, burada BMT-nin himayəsi altında artıq yeni danışıqlar formatı yaratmağa cəhd edə bilərik. İkinci variant Minsk Qrupunu ATƏT formatından BMT formatına keçirmək ola bilər. Bununla da ona daha əhəmiyyətli status vermiş olarıq. Üçüncü variant isə BMT-nin monitorinq missiyasının konflikt zonasına göndərilməsi ola bilər. Bununla da bölgədə kimin daim atəş açdığı və danışıqları pozduğu spekulyasiyalarına son qoymuş olarıq. Mən BMT-nin köməkliyi ilə konfliktin sülhlə həll edilməsinin aktivləşdirilməsi üçün hələlik üç variant görürəm”. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın işğal edilən rayonlardan çıxmalıdır: “Putinin BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına əməl edilməsinin vacibliyi haqqında çıxışına gəlincə isə, bu həm də Qarabağla bağlı 4 qətnamənin yerinə yetirilməsinin gərəkdiyi mənasını ifadə edə bilər. Ermənistan hələlik bunu icra etməkdən imtina edir. Ermənistana burada danışıqlara davam etməsi və əməl etməsi, eləcə də Vyana və Peterburq razılaşmalarının əsasında əvvəlcə iki, sonra isə Azərbaycanın işğal edilmiş beş rayonunu qaytarması üçün məcburedici təsirlər həyata keçirilməlidir. Biz tez-tez erməni tərəfindən eşidirik ki, Qarabağın statusu haqqında diskussiya olmadan ətraf rayonlar işğaldan azad edilməyəcək. Lakin burada iki problemi bir-birindən ayırmaq lazımdır. Əvvəlcə torpaqlar azad edilməli, sonra isə Qarabağın statusu ilə bağlı diskussiya olmalıdır”.
Beləliklə, səslənən fikirlərdən bəlli olur ki, Rusiyanın məsələyə yanaşması Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Əslində, Ermənistanın ən böyük narahatlıq duyduğu məqamlardan biri də məhz budur. Xüsusən də prezidentlərin görüşü ərəfəsində belə bir məsələnin gündəmə gətirilməsi təsadüfi sayılmır. Yeri gəlmişkən qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri başlanır. Məlumatlara görə, səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən gündəmə gətirir. Ermənistan mediası isə yazır ki, prezidentlərin görüşündə Qarabağ ətrafındakı ərazilərin qaytarılmasını, daha sonra yekun statusun müzakirəyə çıxarılmasını nəzərdə tutan “Lavrov planı” razılaşdırılacaq. Əks təqdirdə müharibə qaçılmazdır və yeni toqquşma istəməyən Rusiya İrəvanı buna məcbur edəcək. Erməni siyasi şərhçi Aram Amatuni isə, bu plana razı olmayacağı təqdirdə, Serj Sarkisyanın Rusiya tərəfindən devrilə biləcəyini bildirir. Onun sözlərinə görə, görüş ərəfəsində Sarkisyana Rusiyadan psixoloji təzyiqlər artır: “Məsələ ondadır ki, prezidentlərin görüşü danışıqlar prosesində yeni mərhələ ola bilər. Ən azından, danışıqların daha aktiv davamı başlanacaq. ABŞ və Fransa həmsədrləri qabağa düşərək, prezidentlərin görüşünü təşkil etməyə çalışır. Lakin onların təşkil edəcəyi danışıqlar sadəcə imitasiya olacaq və əsas məqsəd yeni toqquşmaların qarşısını almaqdır. Bakı bunu yaxşı anlayır və imitasiya danışıqları ona sərf etmir. Digər tərəfdən, regionda sabitlik Rusiyanın marağında olsa da, Moskva təşəbbüsü əldən vermək istəmir. Buna görə də prezidentlərin görüşünü təşkil etmək və müəyyən ciddi irəliləyişə nail olmaq üçün Ermənistana təzyiq edir”. Ermənistan bu vəziyyətdə Rusiyaya müqavimət göstərməyə cəhd edəcəyi təqdirdə kifayət qədər ciddi problemlərlə üzləşə bilər. Ən böyük problem isə, heç şübhəsiz, onun döyüş meydadında yalnız buraxılmasıdır. Belə vəziyyətdə Azərbaycanın qısa müddətdə qalibiyyət qazanacağı əslində ermənilər tərəfindən də açıq bəyan edilir. Bunu şərtləndirən başlıca səbəb isə erməni ordusunun faktiki çöküşüdür. Erməni mediası da açıq şəkildə vurğulayır ki, bu ordunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən qısa müddətdə darmadağın edilməsi qaçılmazdır. “İravnuk” qəzeti yazır ki, onsuz da erməni ordusunda həm döyüş, həm də qeyri-döyüş itkiləri durmadan artır. Bu arada Ermənistanda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı ilə bağlı maraqlı məqamlar açıqlanıb. Bildirilir ki, bu ilin 10 ayı ərzində erməni hərbi birləşmələrinin 45 hərbi qulluqçusu qeyri-döyüş şəraitində ölüb. “Dünya dialoqu” təşkilatının məlumatına görə, hərbçilərin 19-u Ermənistan ərazisində, 26-sı isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində ölüb. Döyüş şəraitində itkilərin sayının isə artıq 60-ı ötdüyü bildirilir. Ermənistan mediası yazır ki, müdafiə naziri Vigen Sarkisyan bu faktları gizlədərək orduda hər şeyin yaxşı olduğunu, hərbi qulluqçuların sosial problemlərinin həll edildiyini iddia edir. Lakin Ermənistan ictimaiyyəti müdafiə nazirinin yalan danışdığını hesab edir. Erməni jurnalist Tevos Arşakyan isə Ermənistan ordusunun acınacaqlı vəziyyətini artıq heç kimə sirr olmadığını bildirir: “Mən Ermənistanda yaşamasaydım və qohumlarım Qarabağda hərbi xidmətə getməsəydilər, Vigen Sarkisyanın dediklərinə ürəkdən inanardım. Lakin erməni hərbi qulluqçuları boğaza qədər sosial problemlərin içindədir. Sarkisyan rejimi isə cinayətkarcasına bunu gizlədir. Müdafiə naziri də bu rejimin bir üzvü kimi oyunu qaydalarına uyğun oynayaraq ictimaiyyəti aldadır. Nazir iddia edir ki, onun rəhbərliyi dövründə hərbi qulluqçuların sağlamlığına vurulmuş ziyanın kompensasiyası üçün fond yaradılıb. Halbuki, həmin fondun maliyyələşməsi üçün vətəndaşlardan hər ay 1000 dram məcburi alınır. Vətəndaş bu fondu özü təmin edəcəksə, hökumət və dövlət büdcəsi nə üçün lazımdır? Bununla yanaşı, fond yalnız 2017-ci ilin 28 yanvarından sonra yaralananlara kömək edir. Halbuki, bu tarixə qədər minlərlə, bəlkə də daha çox hərbi qulluqçu zərər görüb. Reallıqda bu fondun yaradılması və fəaliyyəti şübhəlidir. Qarabağda hərbi hissələrin birində xidmət edən zabit tanışım danışır ki, hərbi qulluqçuların sosial problemləri əvvəlki nazirin dövründə olduğu kimi yenə də ağırdır. Qidalanma məsələsi dəhşətli dərəcədə neqativdir. Polkovniklər və generallar əsgərin ərzaq payını və paltarını oğurlamağa davam edirlər. Yeganə fərq odur ki, əvvəl bunu açıq-aşkar oğurlayırdılar, indi isə gizli şəkildə edirlər. Əsgərlərin çoxu qeyri-döyüş şəraitində tələf olur. Bunun əsas səbəbi də komandirlərin qanunsuz münasibəti və özbaşınalıqdır. Sarkisyan rejimi ordudakı neqativləri hərbi sirr kimi “məxfi” qrifi ilə gizlədir. Lakin nə qədər gizlətsələr də “məxfilik” onlara kömək etmir. Əsgər ölümləri, hərbi qulluqçuların sosial problemləri və ordudakı oğurluq göz qabağındadır”. Məhz bu gündə olan ordunun Azərbaycan tərəfinə müqavimət imkanları mümkünsüz sayılır. Elə bu səbəbdən hesab edilir ki, Ermənistan üçün ən yaxşı variant BMT Təhlükəsizlik Şurasının qətnamələrini əldə əsas tutaraq zəbt olunmuş Azərbaycan ərazilərini könüllü boşaltmaqdır. Əks halda, Ermənistan kifayət qədər böyük itkilərlə üzləşməli olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.