Məhərrəm Zülfüqarlı: “3 oktyabr 2009-cu il Naxçıvan Müqaviləsindən sonra artıq türk xalqlarının...”
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası tarix, dil, kimlik və mədəniyyət kimi dörd əsas ünsür üzərində qurulan, üzv ölkələr arasında iş birliyi ilə həmrəyliyin inkişaf etməsi baxımından əhəmiyyətli regional platformadır.
2009-cu ilin 3 oktyabr tarixində Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Müqaviləsi imzalandı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan razılaşmasının imzalanmasından etibarən, 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Şuranın üzvü olan Azərbaycan da qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərə böyük əhəmiyyət verir.Azərbaycan üzv ölkələr arasında qarşılıqlı inamın gücləndirilməsi, region və region xaricində sülhün qorunması, ortaq maraqları əhatə edən səmərəli iş birliklərinin təşviqi, ticarət və sərmayələr üçün müsbət şəraitin yaradılması kimi təşkilatın bütün məqsədlərinə sadiqdir. Bu istiqamətdə nə mümkündürsə onu edir. Bunu ötən illərin təcrübəsi də sübut edir. Bütövlükdə, 3 oktyabr tarixinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilməsinin nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, bunun əhəmiyyəti çoxdur: “Bir sıra nöqteyi-nəzərdən yanaşsaq görərik ki, bunun faydası var. Məsələ ondadır ki, 3 oktyabr 2009-cu il Naxçıvan Müqaviləsindən sonra artıq türk xalqlarının mədəniyyət irsi olan Orxon Yenisey abidələrində birbaşa tədqiqat işləri başlayıb. Oraya ekspedisiyalar təşkil olunub. Azərbaycandan da ora nümayəndə heyəti gedir və türk xalqlarının ilk mədəniyyət beşiyi olan abidələr haqqında ölkə ictimaiyyətinə geniş məlumat verilir. Hesab edirəm ki, gələcəkdə orada arxeoloji qazıntılar aparılarsa, bu, ümumtürk birliyinə köməkdir. O üzdən, mən bunu alqışlayıram və bunun fayda verəcəyi qənaətindəyəm”.
Vidadi ORDAHALLI