Fikrət Sadıqov: “Kəlbəcər və Laçın bura daxil deyil”
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan altıncı ümumerməni “Ermənistan-Diaspora” forumunun iştirakçılarının suallarını cavablandırarkən Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb. O, “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaradır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - deyə bildirib.
Fakt odur ki, Nalbandyan torpaqların qaytarılması üzrə danışıqların getdiyini təsdiqləyir. Halbuki, Ermənistan az əvvələ qədər bu mövzuda danışıqları ümumiyyətlə yaxına qoymurdu. Demək, təcavüzkar danışıqlara məcbur edilir.
Nalbandyan bu fikri işlətməklə hansı əraziləri nəzərdə tutub?
Politoloq Fikrət Sadıqov hesab edir ki, torpaqların qaytarılması ilə bağlı fikirlər Ermənistan siyasətinin dalana dirənməsinin nəticəsidir. Onun sözlərinə görə, artıq Ermənistan rəhbərliyi ölkənin təcrid vəziyyətində olduğunu qəbul etməyə başlayıb: “Ötən ilin aprel döyüşləri göstərdi ki, biz heç vaxt bu məsələdə geri çəkilməyəcəyik. Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Hər keçən gün hərbi potensialımız daha da artır. Bunu nəzərə alan Ermənistan tərəfi torpaqların geri verilməsi haqda bizə mesaj göndərir. Burada söhbət 5 rayondan gedir. Bu, Kazan və Madrid prinsiplərində də öz əksini tapmışdı. Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bu məsələni bilərəkdən uzadır. İndi vəziyyət xeyli dəyişib. Onlar çıxılmaz durumda olduqlarını başa düşürlər. Bu səbəbdən Ermənistan rəhbərliyi 5 rayonu azad etməyə hazır olduğunu bildirir. Kəlbəcər və Laçın bura daxil deyil”.
F.Sadıqovun sözlərinə görə, torpaqların hansı şəraitdə qaytarılacağı məlum deyil: “Erməni nazir açıqlamasında bu məsələyə toxunmayıb, bu baxımdan həmin ifadəyə şübhə ilə yanaşıram. Çünki bunun müqabilində hansı şərtlər qoyacaqlar, bunu bilmirik. Şərtlər elə mürəkkəb ola bilər ki, Azərbaycan heç vaxt buna razı olmaz. O baxımdan bunu deyilən formada qəbul etmək lazım deyil. Bəyanat verməklə ona əməl etmək arasında böyük fərq var. Hansı əraziləri boşaltmaq istədikləri də məlum deyil. Düşünürəm ki, bu məsələ ilə bağlı müzakirələr davam edəcək”.
Məhəmmədəli QƏRİBLİ