Aqşin Əliyev: “Fondun adından da görünür ki, onların qayəsi ilə Azərbaycan dövlətinin yürütdüyü siyasət uzlaşır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer və bir sıra xristian yevangelik dini liderləri ilə görüşüb.
Bakıda dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayan ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer ölkəmiz haqqında həmişə zəngin təəssüratlarının olduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyev dinlərarası dialoq və əməkdaşlığa həmişə sadiq olub. Ravvin Mark Şnayer Amerikanın yəhudi icmasının rəhbəri kimi Azərbaycan Prezidentinin ölkəmizdə yəhudi icmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, eyni zamanda, ABŞ yəhudi icması adından Azərbaycan-İsrail əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edib.
“İqls Vinqs” təşkilatı ilə əlaqələrə toxunan ravvin Mark Şnayer qeyd edib ki, bu görüşdə təmsil olunan nümayəndə heyətinin üzvləri Amerika yevangelist icmasının nüfuzlu şəxsləridir. O deyib ki, ABŞ-da yevangelist icmasının 100 milyondan artıq nümayəndəsi yaşayır və onların Amerika yəhudiləri və digər icmalarla yaxşı əlaqələri var. ABŞ Etnik Anlaşma Fondunun sədri bildirib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoq və tolerantlıq sahələrində həyata keçirilən işlər başqa ölkələrə nümunə ola bilər.
Belə bir nüfuzlu təşkilatın İlham Əliyevlə görüşə böyük maraq göstərməsi nəyin əlaməti sayıla bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bu, Azərbaycan dövlətinin yürütdüyü siyasətdən doğan bir maraqdır: “Əvvəla Azərbaycan yəhudilərin ikinci vətəni sayılır. İsraildə çox sayda Azərbaycandan köçən yəhudilər yaşayır. Hazırda Azərbaycanda yaşayan yəhidilərlə bağlı tolerant anlaşmaya bütün dünya həsrətlə baxır. Məsələnin ən maraqlı tərəfi budur ki, Azərbaycan müsəlman ölkəsi olsa da, yəhudilərlə çox gözəl qarşılıqlı münasibət saxlayır. Azərbaycanda yaşayan yəhudilər onlara olan münasibətdən böyük məmnunluq ifadə edir. Azərbaycanın İsraillə də münasibətləri strateji müttəfiqlik həddindədir. Azərbaycan dövləti multikultural və tolerant ənənələrə böyük önəm verir. Ölkəmizdə hər iki adı əhatə edən illik kompleks tədbirlər həyata keçirilib. Ölkəmiz dini tolerantlığı, multikultural dəyərləri əhatə edən bir çox nüfuzlu beynəlxalq təşkilatların keçirilməsinin təşəbbüskarı olub, onlara evsahibliyi edib. Təbii ki, bütün bunlar dünya tərəfindən maraqla izlənir. Bu baxımıdan da Etnik Anlaşma Fondunun İlham Əliyevlə təmasa maraq göstərməsi təbiidir. Fondun adından da görünür ki, onların qayəsi ilə Azərbaycan dövlətinin yürütdüyü siyasət uzlaşır. Görüşdə digər dinlərin də nümayəndələrinin iştirakı və orada söylənən fikirlər bir daha ölkəmizin doğru siyasət yürütdüyünün təzahürüdür. Etnik anlaşma ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. Ölkəmizdə bir çox etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaş kimi yaşayır”.
Məhəmmədəli QƏRİBLİ