Məhəmməd Əsədullazadə: “Artıq dünyada qlobal problemlər yaşanır və BMT bunların həllində aciz qalıb”
Məlum olduğu kimi, BMT-də islahatların aparılması müzakirə olunur. Xüsusən də bu təşəbbüslə ABŞ çıxış edir. Birləşmiş Ştatların BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 193 ölkədən 128-i imzalayıb.
Tədbirdə çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib ki, bürokratiya və yanlış idarəçiliyə görə BMT-nin potensialından tam istifadə edilməyib: “Biz yatırımlarımıza uyğun nəticələr görmürük. Dünyada insanların inamını bərpa edəcək BMT-yə ehtiyacımız var. BMT artıq işləməyən, köhnəlmiş metodların girovuna çevrilməməlidir”.
Qeyd edək ki, BMT-də islahat üzrə Deklarasiya 10 bənddən ibarətdir. Sənəddə ABŞ müxtəlif sahələrdə təkmilləşmə istiqamətində BMT strukturunda dəyişikliklərə çağırır. Buna nail olmaq üçün, həmçinin, təşkilatda ixtisarların aparılması da nəzərdə tutulur.
Bu arada Rusiya ABŞ-ın çağırdığı BMT-də islahatlara dair tədbirdə iştirak etməyib. Rusiya xarici işlər nazirinin müavini Qennadiy Qatilovun sözlərinə görə, rəsmi Moskva BMT-də islahatların lehinə olsa da, digər mövqedən çıxış edir: “İslahat hərtərəfli olmalıdır. İslahatla bağlı bütün qərarlar dövlətlərarası dialoq çərçivəsində quruma üzv ölkələr tərəfindən qəbul edilməlidir. Bugünkü tədbir ayrıca bir ölkənin təşəbbüsüdür”.
Müşahidələrə görə, Birləşmiş Ştatların BMT-də islahatların aparılması ilə bağlı təklifləri daha çox Rusiyanın maraqlarına qarşı yönəlib. Belə olan halda, Azərbaycan islahatlarla bağlı müzakirələrdə hansı mövqe tutmalıdır?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “BMT dünyada sülhün qorunması və dövlətlər arasında siyasi münasibətlərin tənzimlənməsində ali bir qurumdur. Ora üzv olan ölkələr təşkilatın qanunlarını rəhbər tutmalı və bu istiqamətdə çalışmalıdır. Artıq dünyada qlobal problemlər yaşanır. BMT bu kimi problemlərin həllində aciz qalıb. Xüsusilə Rusiya-Çin və ABŞ-Avropa arasında yaşanan problemlərdən dolayı BMT nizamnamələri işlək halda deyil. ABŞ-ın əsas nəzarətində olan BMT-də islahatları keçirmək niyyəti əsasən Rusiyanın mövqeyinin zəiflədilməsinə hesablanıb. Əsasən Təhlükəsizlik Şurasında islahatlar buna hesablanıb. Azərbaycanın mövqeyinə gəldikdə, Azərbaycan ya mümkün qədər bitərəf qalmalı, yaxud da ABŞ-ın təkliflər paketini dəstəkləməlidir. BMT Qərbin nəzarətində olan təşkilatdır.Ona görə də çalışılmalıdır ki, Azərbaycan bu məsələdə Qərbin yanında olsun.
BMT Təhlükəsizlik Şurasında Rusiya işğalçı ölkələrə qarşı sanksiyalar paketinə veto qoyur. Buna görə də Rusiyanın səlahiyyətləri azaldılsa, o zaman bu ölkənin beynəlxalq konyukturada hüquqi rıçaqları azalacaq. Ancaq hərbi gücə malik bir ölkə kimi beynəlxalq arenada çalışacaq ki, öz nüfuzunu qorusun. Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq, hegemon ölkələr arasında gedən qlobal savaşda bitərəf olmalıdır”.
Vidadi ORDAHALLI