Tağı Qəmbərov: “Ermənistan isə yeni qurbanlıqlar tapmaqla öz muzdlu bloger siyasətini davam etdirir”
Ermənistanın bloger siyasəti ifşa olunduqca, onlar yeni metodlara baş vururlar. Lapşinin həbsindən sonra onlar başqa muzdlu blogerlərin xidmətindən istifadə etməyə başladılar. Hətta bir müddət əvvəl öz XİN-ləri səviyyəsində bəyan etdilər ki, Lapşinin həbsi separatçı rejimin nəzarətində olan ərazilərə gələn turistlərin sayına təsir etməyib.
Bu yalan ifşa edildikdən sonra isə, Latviyadan olan Aleksandr Alimov adlı bir blogerin təbliğatına başlayıblar. Onun qondarma qurum barədə təəssüratları Ermənistan mediası tərəfindən həvəslə paylaşılır. Bununla da sübut olunur ki, Ermənistan öz istəyinə çatmaq yolunda iflasa uğramış muzdlu bloger siyasətini davam etdirir. Bunun Ermənistan üçün hər hansı formada effekti ola bilərmi?
Hüquqşünas Tağı Qəmbərov qəzetimizə açıqlamasında bildirdi ki, muzdlu bloger siyasətilə Ermənistan əslində özünü ifşa edir: “Bu yaxınlarda onlar Lapşini güdaza verdilər. Nəticə nə oldu? Lapşin beynəlxalq axtarışa verildi və sonra həbs edilərək Azərbaycan qanunlarına uyğun şəkildə mühakimə edildi. Həbsxanada səmimi peşmançılığını ifadə edib Prezidentdən əfv dilədi. Azərbaycan dövləti öz humanistiyini göstərərək onu əfv etdi. Ancaq görünür ki, Ermənistan məhz bu tip natamamlıq kompleksi yaşayan şəxslərlə əməkdaşlıq edirmiş. Çünki Lapşin əfv ediləndən sonra bir qədər fərqli fikirlər səsləndirməyə başlayıb. Təbii ki, onun yersiz fikirlərinin ictimai rəyə təsiri yoxdur. Alimovu Ermənistanın növbəti qurbanı saymaq olar. Çünki Ermənistan mediası onun əməllərini ictimailəşdirməklə həmin adamı diqqət mərkəzinə gətirdi. Təbii ki, bundan sonra Azərbaycan onu “qara siyahı”ya salacaq və barəsində beynəlxalq axtarış elan edəcək. Lapşinin aqibəti onu da gözləyir. Latviya ilə Azərbaycan arasında normal münasibətlər var, yəqin ki, onlar vətəndaşlarının bu tip qanunsuz əməllərinə haqq qazandırmaq gücündə olmayacaqlar. Artıq Azərbaycanın belə blogerlərlə bağlı hansı addımların atılması istiqamətində lazımi və uğurlu təcrübəsi var. Ermənistan isə yeni qurbanlıqlar tapmaqla öz muzdlu bloger siyasətini davam etdirir”.
Məhəmmədəli QƏRİBLİ