Yeganə Hacıyeva: “Əks halda, BMT iki yerə parçalana bilər”
ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxış edəcəyi gözlənir. Qeyd edək ki, Tramp həmin tribunadan prezident kimi ilk çıxışını edəcək. O, çıxışında dünyanı narahat edən bir sıra mövzulara toxunacaq. Ən maraqlı müzakirələr isə Trampın BMT nizamnəməsinə dəyişiklik olunması ilə bağlı edəcəyi təklif ətrafında aparılır.
Gözlənilir ki, Trampın təklifi BMT Təhlükəsizlik Şurasında səsvermə hüququ olan beş daimi üzvlə bağlı olacaq. Tramp həmin ölkələrin sırasında təcavüzkarlıq edən, dünya birliyi tərəfindən sanksiyaların tətbiqi ilə üzləşən ölkənin səsvermə hüququndan mərhum edilməsilə bağlı dəyişikliklərin qeydə alınmasını istəyəcək. ABŞ prezidenti dəyişikliklə bağlı yeni qadağanı kimə tuşlamaq istəyir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Trampın təklif edəcəyi dəyişikliyin kimə tuşlandığı məlumdur: “Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Dünyanın ən mürəkkəb problemlərilə bağlı mühüm qərarlar həmin 5 üzvün səsverməsinin nəticəsinə uyğun verilir. Sülhməramlı qoşunların yeridilməsindən tutmuş, sanksiya tətbiqinə qədər qərarlar buna aiddir. Ancaq BMT nizamnaməsinə görə, bəzən 5 üzvün arasında keçirilən səsvermədə qazanılan səs çoxluğu da istənilən nəticəni vermir. Çünki 5 üzvün hər birinin veto qoymaq hüququ var. Veto üçün bir səs də kifayət edir ki, digər çoxluğun istəyi həyata keçməsin. ABŞ-a bu sarıdan daha çox mane olan Çin və Rusiyadır. Həmin təsisat daxilində olan səsvermələrdə Çinlə Rusiyanın mövqeyi çox vaxt üst-üstə düşür. Ancaq hesab etmirəm ki, yeni dəyişiklik tələbilə Tramp hər iki ölkəni hədəfə almaq istəyir. Çünki belə olacağı halda, daha ciddi müqavimətlə üzləşə bilər. Fikir versəniz görərsiniz ki, səsvermədən məhrum olunmağı şərtləndirən amillərə Rusiya daha çox uyğun gəlir. Krımı ilhaq edib, dünya birliyi onun barəsində sanksiya tətbiq edib. Biz Şimali Koreya, Myanma ilə bağlı yaşananların səsverməyə çıxarılmasında maneçilik törədildiyinin şahidi olduq. Çox güman ki, ABŞ adından təklif olunan nizamnamə dəyişikliyi qəbul ediləcək. Ancaq Rusiyanı səsvermədən kənarlaşdırmaq da asan başa gələn məsələ olmayacaq. Çünki belə məsələyə Rusiya ilə yanaşı, ona yaxın ölkələr də müqavimət göstərəcək. Yəqin ki, bu məsələdə ortaq məxrəcin tapılmasına nail olunacaq. Əks halda, BMT iki yerə parçalana bilər”.
Məhəmmədəli QƏRİBLİ