Fikrət Sadıqov: “Deeskalasiya məsələsində yaxşı dərk edirlər ki, bu, kompromisin pik nöqtəsidir”
Rusiya, İran və Türkiyə hazırda əsasən Suriya müxalifətinin nəzarəti altında olan İdlib əyalətində təhlükəsizliyin təmin edilməsi üzrə birgə qüvvələr kontingenti yaradılması barədə razılığa gəliblər.
Suriyadaxili tənzimləməyə dair danışıqların Qazaxıstanın paytaxtı Astanada keçirilmiş altıncı raundunun yekunlarına əsasən bu üç ölkənin qəbul etdiyi birgə bəyanatda deyilir ki, Rusiya və İran Dəməşqdə hökumətin tərəfdarları, Türkiyə isə Suriya müxalifətinin tərəfdarı kimi İdlibdə və digər deeskalasiya zonalarında deeskalasiyaya nəzarət qüvvələrinin fəaliyyətini razılaşdırmaq üçün birgə əlaqələndirmə mərkəzi yaradacaqlar.
Nəzarət qüvvələrinin vəzifələri İdlib əyalətində suriyalı əsgərlərlə müxalifət döyüşçüləri arasında, habelə qonşu Latakiya, Hama və Hələb əyalətlərinin müəyyən hissələrində hərbi toqquşmaların qarşısını almaqdan ibarət olacaq.
Danışıqların may ayında Astanada keçirilmiş bundan əvvəlki raundunda Rusiya, İran və Türkiyə Suriyada dörd deeskalasiya zonasının yaradılması barədə razılığa gəliblər. Həmin zonalar şərqi Qutada, Homs əyalətinin şimalındakı bəzi rayonlarda, İdlib əyalətində, qonşu Latakiya, Hama və Hələb əyalətlərinin müəyyən hissələrində və Suriyanın cənubundakı bəzi rayonlarda yaradılacaq. Rusiya artıq həmin zonaların bəzi rayonlarında hərbi polis bölmələri yerləşdirib.
Ümumilikdə ekspertlər bunu necə dəyərləndirir və bu razılaşmadan gözləntiləri nədən ibarətdir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov buna bir neçə prizmadan yanaşdı: “Razılaşma əldə edən ölkələr arasında müxtəlif maraqlar və o cümlədən ixtilaflar da var. Eyni zamanda, Suriya məsələsinə müxtəlif yanaşmalar da mövcuddur. Suriya ilə bağlı orada hər üç dövlət öz maraqlarını müdafiə edir və deeskalasiya məsələsində yaxşı dərk edirlər ki, bu, kompromisin pik nöqtəsidir. Çünki orada yaranan vəziyyət bunu tələb edir. Həmçinin, Suriyada baş verən hadisələr bununla sıx bağlıdır. Bu zonaların yaranmasında hər üç dövlət maraqlıdır. Hesab edirəm ki, onların maraqları realdır. Çünki onların Suriya hökuməti ilə bağlı münasibətləri eyni deyil. Məsələ ondadır ki, Türkiyə, Rusiya və İrandan fərqli olaraq, Əsədin hakimiyyətdə qalmasını istəmir. Bütün bunlara rəğmən, üç ölkə arasında əldə olunan razılaşma yaxşı bir siyasi kompromisdir. Düşünürəm ki, bu, Suriyada stabilliyin yaranmasında yaxşı təkan olacaq. Sözügedən amildən həm Suriya, həm də Rusiya, Türkiyə və İran istifadə edə bilər”.
Vidadi ORDAHALLI