Aqşin Əliyev: “Hətta əvvəllər belə bir səhvə yol verənlər Azərbaycandan əfv diləyərək adlarının siyahıdan çıxarılmasını tələb ediblər”
Ermənistan mətbuatı Xarici İşlər Nazirliyinə istinadən növbəti yalanı tirajlayıb. Onlar iddia edir ki, bu yaxınlarda Azərbaycan Prezidentinin imzaladığı fərmanla əfv edilən bloger Lapşinlə bağlı məsələ ölkəmiz üçün əks effekt verib. Guya həmin hadisədən sonra qondarma qurumun ərazisinə gələn turistlərin sayında artım müşahidə edilir. Bu fikirləri nə dərəcədə əsaslı saymaq olar?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, bunu Ermənistanın növbəti uydurması saymaq olar: “Gəlin məsələyə bir qədər məntiqi cəhətdən yanaşaq. Bilirsiniz ki, Azərbaycanın qondarma quruma kimin gedib-gəlməsinə nəzarət etmək imkanı yoxdur. Elə adamlar var ki, onların qondarma quruma səfər etməsindən bizim xəbərimiz olmaya bilər. Lapşinlə bağlı məsələ isə Azərbaycanın imicinə çox müsbət təsir etdi. Ermənilər bunun məsuliyyətini dərk etdikləri üçün, belə dezinformasiya yayırlar. Bilirsiniz ki, Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa ölkəmizin rəsmi qurumlarının icazəsi olmadan səfər edənlərlə bağlı “qara siyahı” deyilən bir sənəd hazırlayıb. Həmin əraziyə qanunsuz səfər edənlərlə bağlı müxtəlif kanallardan əldə edilən məlumatlar əsasında adlar məlum siyahıya salınır. Həmin siyahıya əsasən qondarma quruma səfərləri ictimailəşdirilən tanınmış adamların adları daha çox düşür. Lapşin oradan reportajlar hazırlayırdı, həmin əraziləri erməni torpağı kimi qələmə verirdi. Onun həbs edilməsi Azərbaycanın qüdrətini göstərdi. Sübut olundu ki, Dağlıq Qarabağ doğrudan da əzəli Azərbaycan torpağıdır və hazırda da oradakı hərəkətlərə ölkəmizin qanunvericiliyi çərçivəsində baxıla bilər. Bundan əlavə, Lapşinin vətəndaşı olduğu qüdrətli ölkələr onun azad edilməsini tələb edirdi. Ancaq Azərbaycan bu təzyiqlərə məhəl qoymadı və Lapşin barəsində məhkəmə ittiham hökmü çıxardı. Sonra isə onun səmimi peşmançılığı nəzərə alınaraq, Azərbaycan dövlətinin humanist addımı ilə əfv olundu. Lapşinin Prezidentə ünvanladığı minnətdarlıq məktubunda bir məqam var. O qeyd edir ki, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını dərk edib. Bir sözlə, bütün bu hadisələr göstərir ki, ermənilərin hay-küyü əbəsdir. Çünki Azərbaycan Lapşinlə bağlı məsələdə istədiyi nəticəni əldə edib. Dağlıq Qarabağa turist sayını isə qondarma qurum süni şəkildə şişirdir. Bilirsiniz ki, Ermənistanla onların arasında quru sərhəd var. Ermənistandan ora keçənlərin hamısını əcnəbi turist kimi qeydə alırlar ki, rəqəm şişsin. Yəqin ki, Ermənistan XİN-i belə saxta rəqəmlərə istinad edir. Ancaq əminliklə söyləyə bilərik ki, Lapşinin həbsindən sonra əcnəbi tanınmış adamların Dağlıq Qarabağa səfərində, əksinə, ciddi azalma hiss edilir. Hətta əvvəllər belə bir səhvə yol verənlər Azərbaycandan əfv diləyərək adlarının siyahıdan çıxarılmasını tələb ediblər”.
Məhəmmədəli QƏRİBLİ