Mehman Muradlı: “Radioya qarşı açılan cinayət işləri vergi ödəmələrilə bağlı olub və həmin ittihamlar məhkəmə qərarları ilə sübuta yetirilib”
Ermənistan mətbuatının verdiyi məlumata görə, “Azadlıq” radiosu Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb. Məlumatda deyilir ki, radionun iddiasının məzmununda həmin KİV-ə edilən təzyiqlərlə bağlı faktların araşdırılmasi tələbi durur.
Həmçinin bildirilir ki, radiostansiya onlara qarşı qaldırılan vergi qanun pozuntuları ilə bağlı ittihamları qəbul etmir. Radionun şikayətində deyilir ki, onlar bu ittihamlarla bağlı günahsiz olduqlarını guya Azərbaycan məhkəmələri vasitəsilə sübut edə bilməyiblər və bu səbəbdən də sözügedən məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. “Azadlıq” radiosunun məhkəmə iddiasını nə dərəcədə əsaslı saymaq olar?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan mətbuatının bunu təhrif olunmuş formada təqdim etməsi anlaşılandır: “Azərbaycan beynəlxalq məhkəmədə cavab verəcək” kimi başlıqların seçilməsi həm qərəzdən, həm də hüquqi bilgilərin zəifliyindən xəbər verir. Bilirsiniz ki, Avropa Şurasına üzv olan bütün ölkələrin Avropa İnsan Haqları Məhkəməsi ilə bağlı üzərlərinə götürdükləri öhdəliklər var. Həmin öhdəliyin şərtinə görə, ölkə vətəndaşları və ya digər məhkəmə tərəfləri ölkədaxili məhkəmə instansiyalarını tam keçdikdən sonra Avropa Məhkəməsinə şikayət vermək hüququna malikdirlər. Edilən bütün şikayətlərlə bağlı isə iddiaçı şikayət edən tərəf olur, cavabdeh isə Azərbaycan dövləti. Məsələnin bu aspekti yalnız Azərbaycana aid deyil. Yəni Ermənistanla bağlı edilən şikayətlərdə isə cavabdeh birmənalı olaraq Ermənistan dövləti olacaq. “Azadlıq” radiosunun təqdim etdiyi dəlillər isə tam əsassızdır. Ona görə ki, həmin radiostansiya uzun illər Azərbaycanda fəaliyyət göstərib və hər zaman da hakimiyyətə müxalif fikirlərin səslənməsinə şərait yaradıb. Onda sual olunur: niyə ən qızğın vaxtlarda həmin radionu bağlamırdılar? Deməli, sözügedən radio ilə bağlı yaşananlarda hökumətin azad sözü boğmaq niyyəti dayanmır. Radioya qarşı açılan cinayət işləri vergi ödəmələrilə bağlı olub və həmin ittihamlar məhkəmə qərarları ilə sübuta yetirilib. Edilən şikayətə gəldikdə isə, burada qəribə nəsə yoxdur. Çünki Azərbaycandan həmin məhkəmə instansiyasına çoxlu sayda şikayət daxil olur. Bu da onlardan biridir. Təəssüflər olsun ki, biz əksər hallarda Avropa institutlarının və deyilən məhkəmənin də qəbul etdiyi qərarlarda Azərbaycana qarşı qərəzi aydın sezirik”.
Məhəmmədəli QƏRİBLİ