Son dövrlərdə Ermənistanda müşahidə olunan hallardan biri də ölkə daxilində siyasi müstəvidə gərginliyin artması və bunun hər an daxili savaşa çevrilmə ehtimalının yüksəlməsidir. Bütün bunlara əsas səbəb isə Serj Sarkisyanın hakimiyyətdən əl çəkməmək niyyəti və artıq baş nazir qismində də gələn ildən ölkənin idarəçilyiini həyata keçirmək fikrini qətiləşdirməsidir.
Ermənistanda fəaliyyət göstərən “Erkir Tsirani” partiyasının sədri Zarui Postancyan da bildirir ki, Sarksiyanın bu addımı ölkədə vətəndaş müharibəsini qaçılmaz edəcək. O buna görə Serj Sarkisyanı cinayətkar adlandırıb.
2018-ci ildə gözlənilən siyasi dəyişikliklərdən danışan siyasətçi xanımın fikrincə, gələn il Sarkisyan ölkənin baş naziri olmamalıdır. Partiya sədrinin sözlərinə görə, Sarkisyanın yeri baş nazir kürsüsü deyil, müttəhimlər kürsüsüdür: “Onun əsl yeri islah əmək düşərgəsidir. Sarkisyan oğru və canidir. Ölkəni talayıb xaricə daşıdığı pulları ətrafındakı adamlarla bölüşdürür. Sarkisyanın siyasi addımları nəticəsində ötən ilin aprel ayında Ermənistan ağır məğlubiyyətə düçar olub”. Postancyan nəzərə çatdırıb ki, Sarkisyanın bütün cinayətlərini sübuta yetirən faktlar sənədlər əsasında toplanıb və yaxın vaxtlarda mətbuata təqdim ediləcək.
Xatırladaq ki, Ermənistanda son Konstitusiya dəyişikliklərindən sonra gələn ildən etibarən ölkə parlamenti hakimiyyətin ən güclü qolu olacaq. Yeni parlament baş naziri təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olacaq, prezidentin seçilməsində əsas rolu oynayacaq. Parlament həmçinin ədliyyə sisteminə nəzarət edəcək. Hazırda birbaşa seçilən və hakimiyyəti baş nazirlə bölüşən prezidentlik yeni konstitusiyaya görə formal vəzifəsyə çevriləcək. Yeni parlament yeni prezidenti 7 il müddətinə seçəcək. Bunlar gələn ildən, yəni Sarksiyanın səlahiyyət müddəti başa çatdıqdan sonra reallaşacaq. Hazırda prezidentlik müddəti beş ildir. Yeni konstitusiyaya görə, prezidentin bir çox səlahiyyətləri baş nazirə və onun kabinetinə verilib. Bura daxili və xarici siyasət məsələləri də aiddir. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq. Baş nazir və nazir postları parlamentdəki çoxluğa malik siyasi partiyaya veriləcək. Hazırda əsas çoxluq Sarkisyanın sədri olduğu Respublika Partiyasına məxsusdur. Erməni müxalifəti bildirir ki, Sarksiyanın iqtidarda qalmasına hesablanan yeni sistem bir partiyanın hakimiyyətinə imkan yaratmaqla parlament respublikasının demokratik dəyərlərindən faydalanmaq imkanını aradan qaldırır.
Serj Sarkisyanın gələn il hakimiyyətini baş nazir postunda davam etdirməsinə nail olmaq istəyi artıq cəmiyyətdə ciddi narazılıq doğurur, müxalifət də buna qarşı fəal iş aparır. Bununla belə, hakim komanda artıq bu istiqamətdə fəal təbliğata start verib. İqtidarda olan Respublika Partiyasının Siyasi Şurasının üzvü Ovanes Saakyan bunu ölkə üçün vacib saydıqlarını bildirib: “Əgər bizim siyasi komanda qərara alsa ki, Serj Sarkisyan ölkəyə rəhbərliyi davam etdirməlidir, o zaman təbii ki, buna qarşı çıxan olmayacaq. Çünki Serj Sarkisyanın bu illər ərzində ölkə prezidenti kimi topladığı təcrübə, bir sıra digər amillər var. Bu səbəbdən müxalifətçilərin Sarkisyan baş nazir olacağı halda erməni xalqının qiyam qaldıracağı haqda iddiaları əsassızdır”. Müxalifətdəki “İrs” parityasının liderlərindən olan Suzanna Muradyan isə, Serj Sarksiyan baş nazir olacağı halda, ölkəni yeni etiraz aksiyaları bürüycəyini bildlirir. Muradyan ölkənin böhran həddində olduğunu, miqrasiyanın və xarici borcun fəlakət dərəcəsində artdığını qeyd edərək, Serj Sarksiyanın hakimiyyətdə qalmasının ölkə üçün milli təhdidə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, tezliklə müxalifət küçə mübarizəsi yolunu seçəcək. Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı etiraz aksiyaları bürüyəcəyini göstərir. Buna rəğmən, Ermənistan parlamentinin sabiq spikeri, hakim Respublika Partiyasının deputatı Qalust Saakyan bildirir ki, naravzılıqlara baxmayaraq, Serj Sarkisyan 2018-ci ildə yenidən ölkə hakimiyyətinə rəhbərliyi ələ almalıdır: "Müstəqil Ermənistanın müasir tarixi təcrübəsində böyük siyasi komandaya malik bir şəxs var. Xalq başa düşməlidir ki, yaxın illərdə ölkəni məhz Sarkisyan idarə etməlidir". Amma artan narazılıqlar fonunda erməni mediası yazır ki, Sarkisyanın hökumətə rəhbəliyi ələ keçirmək niyyəti 2018-ci ilin aprel ayından sonra Ermənistanın siyasi gündəmini qarışdıra bilər. Digər tərəfdən, indiki baş nazir Karen Karapetyan da tutduğu postdan asanlıqla əl çəkmək istəmir və o, Moskvadan aldığı dəstəklə Sarksiyanı komandası ilə birlikdə iqtidardan devirməyi düşünür.
Nahid SALAYEV