Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla çözülməsinin Ermənistanı qısa müddətdə tam tənəzzülə uğradacağı ilə bağlı indi İrəvanda daha açıq və ucadan danışanların sayı gedərək artır. Onlar Serj Sarksiyan hakimiyyətinin Ermənistanı tam çökdürdüyünü və belə vəziyyətdə Azərbaycanla hərbi qarşıdurmanın ölkəyə fəlakətdən başqa heç nə gətirməyəcəyini də xüsusi olaraq vurğulayırlar. Bu durumda Qarabağ konfliktində rəsmi İərvanın mövqeyində dəyişikliklər etməsi vacib sayılır.
Ermənistan parlamentində təmsil olunan “Tsarukyan” blokunun üzvü, deputat Napoleon Əzizyan da “news.am” saytına açıqlamasında bildirir ki, hərbi gücünü son illərdə xeyli artıran Azərbaycanla qarşıdurmaya getmək, Qarabağ məsələsini hərb müstəvisində çözmək İrəvan tərəfindən atılan ağılsız addım olardı. O bunu ölkənin çox zəif bir orduya malik olması ilə izah edib. Deputat etiraf edir ki, Ermənistan ordusu ancaq xarici havadarlarının hesabına döyüş qabiliyyətinə malikdir. Bununla da ermənistanlı deputat ötən il aprel döyüşlərindən sonra Ermənistanın, o cümlədən bu ölkənin Müdafiə Nazirliyi rəsmilərinin öz ordularının “gücü, qüdrəti, yüksək peşəkarlığı, döyüş qabiliyyəti” barədə bir-birinin ardınca verdikləri pafoslu, reallığı əks etdirməyən bəyanatlarını ifşa edib: “Bu gün bizim döyüş qabiliyyətli ordumuz var” fikri sizə nəsə demir? Bu cür məhdud büdcə şəraitində döyüş qabiliyyətli ordumuzun olmasında xarici havadarlar amili əsas rol oynayır”.
Napoleon Əzizyanın dediklərini rus hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Baranets də təsdiq edir. Onun sözlərindən belə bəlli olur ki, Rusiyanın dəstəyini çəkməsi Ermənistanı Azərbaycan qarşısında çox gücsüz bir vəziyyətə salacaq və bu da Qarabağ məsələsinin qısa müddət ərzində həllini tapmasına rəvac verəcək. O, Ermənistanın son vaxtlar Qərbə meyl etməsinə, ikili oyun oynamasına toxunarkən bildirib ki, bu vəziyyətdə Rusiya Ermənistana dəstəyini tam kəsə bilər və bu da Qarabağ münaqişəsinin qısa müddətdə güc yolu ilə Azərbaycanın lehinə çözülməsinə imkan verəcək: “Mən sizə daha artığını deyəcəyəm. Bu haqda açıq danışmağın vaxtıdır. Bu yaxınlarda Ermənistandan bir yoldaş zəng vurub. Ermənistan, deyəsən, bizim KTMT üzrə müttəfiqimiz sayılır. Və o birdən deyir: bizim yoldaşlar amerikalılardan pul istədilər, onlar da verdilər. Belə çıxır ki, Moskva orada baza saxlayır, Qarabağa görə Azərbaycana qarşı dayanır, ermənilər isə belə. Bu ki, mühüm amildir. Əgər orada bizim bazamız olmasaydı, Azərbaycan Qarabağı çoxdan “yemişdi”. Yəni bizim müttəfiqlərimizin sıralarında bu cür vurnuxmalar var və bu haqda açıq danışmaq lazmdır”. Bütün bu qeyd edilənlərdə maraq doğuran başlıca məqam, əslində erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə müqayisədə çox zəif olmasının açıq mətnlə diqqətə çatdırılmasıdır.
Digər tərəfdən, erməni ordusunun durmadan artan itkiləri də vəziyyəti gedərək ağırlaşdıran məqamlardan biri sayılır. Rəsmi məlumatlara görə, təkcə 2017-ci ilin yanvarından iyulun 31-dək Ermənistan Silahlı Qüvvələri 38 hərbçisini itirib. Məsələ iəl bağlı “1in.am” saytı yazır ki, hərbçilərin heç də hamısı döyüş şəraitində ölməyib. Ümumiyyətlə, erməni hərbçilərin ölüm statistikası 3 qrupa bölünür. Onların bir qismi döyüş şəraitində ölübsə, digər iki qrup hadisələr sülh şəraitində, hərbi hissələrdə baş alıb gedən qanunsuzluq, hərc-mərclik nəticəsində baş verib.
Helsinki Vətəndaş Assambleyasının Vanadzosr ofisi bildirir ki, hakimiyyətin yürütdüyü siyasət nəticəsində Ermənistandan sürətli köç gənclərin hərbi çağırışında ciddi problem yaradıb. Belə ki, ölkədən kütləvi köç nəticəsində hərbi çağırış planını doldurmaq mümkün olmadığından, orduda plan xəstə gənclər hesabına doldurulur. Səhhətində ciddi problem olan gənclərin hərbiyə çağrılması nəticəsində ordunun döyüş qabliyyəti zəifləyir. Bu da orduda ölüm sayının artamasına səbəb olur. Ölüm hallarının artmasına yol açan digər əsas səbəblərdən biri də orduda nizamnamə qaydalarının kobud surətdə pozulmasıdır. Məhz bu səbəblər nəticəsində son illərdə Ermənistan ordusunda ölüm sayı xeyli artıb. Qeyd olunur ki, orduda ölümə yol açan səbəblərdən biri bitməyən müharibədirsə, digəri orduda baş alıb gedən qanunsuzluqların, özbaşınalığın və nizamnamə qaydalarının pozulmasıdır.
Yenə də “1in.am” saytı yazır ki, Ermənistan ordusu bu ilin 1-31 avqust tarixlərində 5 itki verib. Bu dəfə də itkilər həm döyüş, həm də qeyri-döyüş hadisəsi nəticəsində qeydə alınıb. Yazılanlardan belə bəlli olur ki, avqustun 14-də atəşkəsi pozan erməni hərbi birləşmələrinin 1988-ci il təvəllüdlü hərbiçisi Arman Samvel oğlu Movsisyan məhv edilib. Avqustun 27-də isə düşmən ordunun 1991-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Artak Ağasi oğlu Bişaryan yaralanıb. Bişaryan Xankəndi mərkəzi hospitalında ölüb. Avqustun 16-da erməni hərbi birləşmələrinin 1985-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçusu Vardan Qriqoryan öldürülüb. Hərbi qulluqçu mübahisə etdiyi 37 yaşlı həmkəndlisi tərəfindən qətlə yetirilib. Avqustun 20-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birinin ərazisindən 1991-ci il təvəllüdlü Andranik Armen oğlu Mkrtsyanın cəsədi tapılıb. Avqustun 14-də erməni ordusunun 1998-ci il təvəllüdlü əsgəri Abas Mamo oğlu Sloyan asılmış vəziyyətdə tapılıb. Qeyd edək ki, bu, rəsmi məlumatlar əsasında hazırlanmış statistikadır. Ermənistan Müdafiə Nazirliyi itkilərin yarısından çoxunu gizlədir. Xüsusən də döyüş şəraitində cari ilin ötən dövrü ərzində erməni ordusunda itki sayının əslində 60-a yaxınlaşması barədə məlumatlar da var. Sentyabr ayının ötən dövrü də erməni ordusu üçün yaxşı olmayıb. Məlumatlara görə, bu günlərdə işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb. Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, içərisi hərbçilərlə dolu yük maşınının uçuruma yuvarlanması nəticəsində 8 hərbçi ölüb, 4-ü yaralanıb. Yaralılar Xankəndi hospitalına aparılıb.
“Armenian army” adlı istifadəçi hadisə barədə yazır: “Sentyabrın 13-də saat 09.40 radələrində N saylı hərbi hissəyə gedən yolda Qarabağ Müdafiə Ordusunun hərbi yük avtomobili uçuruma aşdı. Qəza nəticəsində 8 hərbi qulluqçu öldü, 4-ü yaralandı. Yaralıların vəziyyəti barədə heç nə məlum deyil. Nəyə görəsə xəbərlərdə bu hadisə haqda heç nə deyilmir. Heç xəbər saytlarında da bu barədə məlumat yoxdur. Hər yerdə sakitlikdir. Hətta bizə də heç nə demirlər. Hökumət nəyə görəsə bu haqda susur. Mən yaralı əsgərləri çıxarmağa şəxsən yardım etmişəm. 8 ölü, 4 yaralı saydıq. Ölənlərin siyahısı: Artem Ovsepyan, Karen Aloyan , Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan. Yaralıların adları: Tiqran Aloyan, Karen Acabyan, Artur Davoyan, Qrayr Kamovyan. Onlar hamısı mənim xidmət etdiyim hərbi hissənin əsgərləridir. Qəzada mənim ən yaxın dostum Artem Ovsepyan həlak oldu. Yaralılardan xəbər olmadığına görə mən qərara aldım ki, hadisəni burada yazım”.
Artan itkilərlə yanaşı, erməni ordusunda daha bir problem fərarilərin sayının sürətlə artmasıdır. Qeyd edək ki, xüsusən son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərketmə halları artıq kütləvi xarakter alıb. Hərbi hissələrdən son aylar ərzində onlarla əsgər və hətta zabitlər belə qaçıb. O da bildirilir ki, Ermənistandan olan hərbçilər Azərbaycan ordusunun atəşkəsin pozulmasına cavab olaraq gördüyü əks-tədbirlər nəticəsində ölmək istəmədiklərindən belə addım atırlar. Digər tərəfdən, Ermənistandan olan çağırışçılar və aşağı rütbəli zabitlər müxtəlif bəhanələrlə hospitallara düşməyə və ya məzuniyyətə çıxmağa çalışırlar. Bunlara nəzər salan erməni siyasi şərhçi Qrant Məlikyan hesab edir ki, belə bir orduya malik dövlət heç vaxt uğur əldə edə bilməz. Onun sözlərinə görə, Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, korrupsiya, intihar faktları onun nüfuzuna birbaşa mənfi təsirini göstərir: “Bu ordu ilə nəyəsə nail olmaq mümkün deyil. Bu gün hamı bilir ki, baş verənlər üzündən ordu sıralarında cəzalandırılan zabitlər kimi yüzlərlə yararsız, orduya ləkə gətirən yüksək rütbəli hərbçi var. Nə qədər ki, onlar var, Ermənistan ordusundan nəticə gözləməyə dəyməz. Müdafiə naziri, ölkə rəhbərliyi bu barədə ciddi düşünməlidir”. Amma ekspertlər hesab edir ki, hakimiyyət Ermənistan ordusunda yaşanan problemləri aradan qaldırmaq iqtidarında deyil. Elə bu da Qarabağ münaqişəsinin gedişinə mütləq şəkildə öz təsirini göstərir. Kanadanın “Geopolitical monitor” analitik mərkəzi də bildirir ki, mümkün hərbi toqquşmalarda Ermənistanın daha böyük itkilərlə üzləşməsi qaçılmazdır. Mərkəzin hesabatında deyilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə artıq təhlükəli dövrə qədəm qoydu. İndi Qarabağda mövcud vəziyyəti saxlamaq çətindir, bu baxımdan status-kvo dəyişə bilər. Hesabatda təmas xəttində hər gün 100-dən çox atəşkəs pozulmalarının olduğuna diqqət çəkilir və qeyd olunur ki, belə vəziyyətdə istənilən sülh nizamlanması çətinləşir: “2016-cı ilin aprelində baş verən müharibə göstərdi ki, münaqişə statik deyil və geosiyasi şəraitin dəyişikliyinə meyillidir”. Bildirilir ki, Rusiyanın Ermənistandan dəstəyini geri çəkməsi İrəvanın durumunu daha da ağırlaşdıracaq: “ Moskvanın münaqişədə böyük geosiyasi çəkisi var və Rusiya hərbi balansı saxlamaq məqsədilə həm Bakıya, həm də İrəvana silah çatdırır. Həmçinin, Kreml Türkiyə və İranın təsirinin qarşısını almağa da çalışır və münaqişənin nizama salınmasında öz təsirini gücləndirmək xəttini davam etdirir”. Lakin yuxarıda qeyd olunduğu kimi, Ermənistanın Rusiyaya xəyanət etməsi fonunda Moskva İrəvanı yalqız buraxmaq kimi təsir rıçaqlarını işə salmağı istisna etmir. Belə vəziyyət isə qısa müddətdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində böyük rol oynaya bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.