Məhəmməd Əsədullazadə: “Əfqanıstana yüklər məhz Azərbaycan vasitəsilə daşınaraq, tranzit bir ölkə kimi dövlətimizin əhəmiyyətini artırır”
Ermənistan mediasının Azərbaycana yönəlik yalançı, əsassız təbliğat kampaniyası davam edir. Görünən odur ki, ermənilər tamamilə qeyri-real, uydurma vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu arada erməni mətbuatı və siyasiləri belə bir absurd iddia ilə çıxış edirlər ki, guya Azərbaycanla ABŞ-ın münasibətləri pisləşdiyi üçün, Əfqanıstana aparılan yüklər Azərbaycanın hava məkanından deyil, Ermənistan üzərindən daşınacaq. Bunun tamamilə əsassız olduğunu ermənilərin özü yaxşı bilir.
Bunu xüsusi qeyd edək ki, Azərbaycanın ABŞ-la münasibətlərinin pisləşdiyi barədə iddia tamamilə əsassızdır və ABŞ rəsmiləri dəfələrlə Əfqanıstana hərbi yükdaşımalarda Azərbaycanın əvəzsiz rolunu qeyd ediblər. Əlavə ediblər ki, bu istiqamətdə əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Bununla yanaşı, açıq dənizə çıxışı olmayan Ermənistan ümumilikdə elə bir xüsusi strateji əhəmiyyət kəsb etmir. Ən başlıcası isə, məsələnin siyasi tərəfi üzündən bunu reallaşdırmaq mümkün deyil. Ona görə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Belə olan halda, qurum razı olarmı ki, NATO-nun aparıcı dövləti üçün Ermənistan belə bir missiyanı həyata keçirsin? Aydın məsələdir ki, ABŞ-Rusiya münasibətlərinin yetərincə gərgin olduğu indiki şəraitdə Kreml heç vaxt buna yol verməz. Çünki ermənilər də yaxşı bilir ki, Ermənistan de-fakto müstəqil dövlət deyil. Müstəqil olmayan bir dövlətin bununla bağlı hansısa qərar verməsindən söhbət belə gedə bilməz. Belə olan halda, bu kimi absurd açıqlamaların gündəmə gətirilməsi nədən irəli gəlir?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ermənilər çalışır ki, Əfqanistana yüklər Ermənistan vasitəsilə daşınsın: “ABŞ-la Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Ancaq erməni lobbisi daim ABŞ-da çalışır ki, iki ölkə arasında siyasi problemlər yaşansın. Buna baxmayaraq, ABŞ-ın dövlət maraqları daim prioritet təşkil edib və Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edib. Məhz bunun nəticəsidir ki, ABŞ-ın Əfqanıstanda antiterror əməliyyatlarına lojistik dəstəyi hava nəqliyyatı vasitəsilə Azərbaycan üzərindən aparması strateji əhəmiyyət daşıyır. Əfqanıstana yüklər məhz Azərbaycan vasitəsilə daşınaraq, tranzit bir ölkə kimi dövlətimizin əhəmiyyətini artırır. Ermənilər çalışır ki, Əfqanıstana yüklər Ermənistan vasitəsilə daşınsın. Ancaq Ermənistanın əlverişsiz coğrafi mövqeyi, həm də Rusiyanın forpostu olması ABŞ-ın bu marşrutdan imtina etməsini şərtləndirib. Ermənistan ABŞ üçün cəlbedici strateji və tranzit ölkə deyil. Erməni lobbisi və digər havadarları Azərbaycanla ABŞ arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlığa kölgə sala bilməyəcəklər”.
Vidadi ORDAHALLI