Vüqar Qədirov: “Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərindən bu hala münasibət bildirmələrini və təlimləri dayandırmağa nail olmalarını tələb etməlidir”
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıblar. Bağmanlar adlı ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur. Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın kəndlərində və ətraf Ağcabədi, Bərdə rayonlarında aydın eşidilir.
Çox maraqlıdır ki, beynəlxalq təşkilatlar bu fakta etiraz səsini ucaltmır.
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Ermənistanın bu tip addımları intensiv xarakter alıb və uzun illərdi eyni ssenari üzrə davab edir: “Xüsusilə də danışıqlar prosesində müəyyən irəliləyiş olanda ermənilər mütləq cəbhə xəttində təxribat törədir. Əsasən də dinc əhali atəşə tutulur ki, bütün diqqət təhlükəsizlik məsələsinə yönəlsin və bunun da nəticəsində status-kvo qorunub saxlansın. Bu yaxınlarda xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü nəzərdə tutulub. Danışıqlar predmetini ABŞ-ın sabiq həmsədri Hoqland açıqlayıb. Həmin istiqamət üzrə danışıqların aparılması bizə sərf edir, ermənilərə isə yox. Buna görə də bənzər təxribatlara əl atırlar. Bilirsiniz ki, Azərbaycan son zamanlar intensiv şəkildə hərbi təlimlər keçirdi. Yəqin ki, ermənilər həm də həmin təlimlərə cavab xarakterli addımlar atırlar. Ancaq bu adekvatlıq yolverilməzdir. Çünki biz öz ərazimizdə təlim keçiririk və buna görə də kimdənsə icazə almamalıyıq. Ermənilər isə işğal altında olan Azərbaycan torpaqlarında belə addımları atmaqla bütün dünyaya meydan oxuyur və beynəlxalq qanunları pozurlar. Çox maraqlıdır ki, beynəlxalq qurumlar bu məsələyə reaksiya vermir. Halbuki, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr, xüsusilə də həmsədrlər dərhal bu şounun saxlanmasını tələb etməlidir. ATƏT-in xüsusi mandatı ilə bu cür məsələlərə nəzarət edən Kasprşik adlı nümayəndəsi var. Niyə bu biabırçılığa təmsil olunduğu qurumun adından etiraz səsini ucaltmır. Belə hallar etimadı azaldır. Əminəm ki, bununla Ermənistan qarşıdan gələn danışıqlarda qeyri-konstruktiv olacağına indidən zəmin yaradır. Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərindən bu hala münasibət bildirmələrini və təlimləri dayandırmağa nail olmalarını tələb etməlidir”.
Məhəmmədəli QƏRİBLİ