Məhəmməd Əsədullazadə: “Ermənilər özlərini Qərbpərəst göstərmək istəyir”
İşğalçı Ermənistan bir çox beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan tədbirləri öz yalanlarına, iftiralarına alət etmək və inandırmaq üçün daim dəridən-qabıqdan çıxır. NATO və bu qurumun keçirdiyi tədbirlər də Ermənistanın kriminal siyasi rejimi üçün istisna deyil.
Ancaq o da məlum həqiqətdir ki, NATO ilə əlaqələrində Ermənistan rəhbərliyi həmişə ətrafına baxa-baxa hərəkət edir. Bu münasibətlərdə daim Rusiyanın qəzəbinə tuş gəlməkdən qorxan və NATO ilə “dostluğunu da saxlamaq istəyən” Ermənistan çətinliyə düşəndə dərhal tərəf dəyişməyi ustalıqla bacarır.
Bunu son günlər Ermənistan rəhbərliyinin və onların nəzarətində olan politoloqların Gürcüstanda keçirilən NATO-nun “Agile Spirit-2017” hərbi təlimləri ilə bağlı verdiyi açıqlamalar təsdiq edir. Əvvəl təlimlərdə Ermənistan silahlı qüvvələrinin iştirak edəcəyindən ağız dolusu danışan erməni mətbuatı çox keçmədi ki, erməni ordusunun təlimlərdə iştirak etməyəcəyini bəyan etdilər. Onların bu davranışı, istər-istəməz, dünya ictimaiyyətində ironiya ilə qarşılandı.
Bu arada erməni riyakarlığı başqa bir formada özünü göstərdi. Belə ki, Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan sentyabrın 11-13-ü tarixlərində NATO-nun Vaşınqtonda keçirilən konfransında iştirak etdi. Belə olan halda, sual yaranır, Ermənistan gah NATO-nun hansısa tədbirindən imtina edir, gah da iştirak edir, bu nə deməkdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu bir daha Ermənistanın marionet ölkə olmasından xəbər verir: “Ermənistan bir müddət bundan əvvəl NATO-nun Gürcüstanda çoxmillətli hərbi-taktiki təlimlərindən məhz Rusiyanın kəskin şəkildə müdaxiləsindən sonra imtina etdi. Bu ölkənin Rusiyanın marioneti olmağı bir daha sübut olundu. Vaşinqtonda bu ölkənin müdafiə naziri müavininin NATO-nun tədbirində iştirak etməsi sıradan bir iştirakdır. Ermənilər özlərini Qərbpərəst göstərmək istəyir. Ancaq NATO rəhbərliyi çox yaxşı başa düşür ki, bu ölkə Rusiyanın iradəsindən kənar xarici siyasət yürütmək iqtidarında deyil. Hesab edirəm ki, Ermənistanın Qərbə son cəhdləri, NATO ilə yaxınlaşma siyasəti sadəcə imitasiyadır. NATO Rusiyanın düşmənidir, Ermənistan da Rusiyanın strateji müttəfiqi. Sadəcə, NATO rəhbərliyi erməni lobbisinin xahişi ilə belə tədbirlərə erməni nümayəndə heyətinin qatılmasını imkan verir. Ermənistanla NATO bir-birlərinə çox uzaq olan məsafədədir. NATO Ermənistana lazım deyil. Ermənistana Rusiya lazımdır. Ona görə də Rusiyanın yanındadırlar. NATO da heç də ideal bir qurum deyil. Alyans o qədər siyasi təsirini itirib ki, Ermənistan kimi kiçik, müstəqilliyi bu qurumun düşməni olan Rusiyadan asılı olan bir ölkənin nümayəndə heyətini toplantısına dəvət edir. İşğalçıya dolayı dəstək verir. Qeyd edim ki, NATO və Ermənistan əlaqələri sadəcə görüntü xarakterlidir”.
Vidadi ORDAHALLI