Tağı Qəmbərov: “Həbs həm də insanları islaha yönəltmək üçündür”
Sentyabrın 11-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əfv olunan Aleksandr Lapşin təşəkkür məktubu yazıb. Lapşinin təşəkkür məktubunda deyilir: “Mən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.07.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdim. 281.2-ci maddə üzrə ittihama xitam verilmişdir.
Bu gün əfv edilməyim ilə bağlı Sərəncam imzaladığınızı öyrəndim. Sizə hədsiz dərəcədə minnətdaram. Mənə elə gəlir ki, indiyədək həyatımda heç bir hadisəni bu cür səbrsizliklə gözləməmişdim!
Bir daha təkrar etmək istəyirəm ki, əməllərimdən səmimi peşmançılıq hissi keçirirəm. Dağlıq Qarabağ ərazisinə səfər etdiyim zaman bu regionda və onun ətrafındakı hadisələr barədə düzgün məlumatım yox idi.
İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.
Bir daha öz məsuliyyətsiz davranışlarımdan peşmançılıq hissi keçirdiyimi bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayış və mərhəmət üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə, ailənizə, bütün Azərbaycan xalqına can sağlığı, uzun ömür, firavanlıq və işğal olunmuş torpaqların ən tez zamanda azad olunmasını arzu edirəm”.
Lapşinin məktubundan görünür ki, o, həbsdə olduğu müddət ərzində Dağlıq Qarabağla bağlı həqiqətləri tam mənimsəmiş olub. Bu məktubdan başqa hansı nəticələri çıxarmaq olar?
Hüquqşünas Tağı Qəmbərov qəzetimizə açıqlamasında bildirdi ki, Lapşin məsələsindən bir çox hüquqi və siyasi nəticələr çıxarmaq olar: “Əvvəla onu deyim ki, Lapşinin adının əfv fərmanına düşməsi Azərbaycan dövlətinin humanistliyinin göstəricisi sayıla bilər. İkinci bir tərəfdən isə bu həbslə Azərbaycan sübut etdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmin ərazilərdə müvəqqəti olaraq separatçı rejim hakim olsa da, Azərbaycan beynəlxalq hüquqa söykənərək Lapşinin məsələsilə sübut etdi ki, həmin ərazilərlə də bağlı ölkəmizin qanunları işləyir. Lapşin bir neçə böyük ölkənin vətəndaşlığını daşıyır. Bununla bağlı onun azad edilməsi istiqamətində Azərbaycana təzyiqlər də edildi. Heç biri də nəticə vermədi. Bloger Azərbaycan qanunları əsasında həbs edildi. Həbs həm də insanları islaha yönəltmək üçündür. Lapşinin məktubunun mövzusundan da görünür ki, o, həbsdə qaldığı müddət ərzində islah yoluna qədəm qoyub. Verilən cəzadan ciddi nəticə çıxarıb. Özü də etiraf edir ki, Dağlıq Qarabağla bağlı əsl həqiqətləri öyrənib. Bu hadisə, eyni zamanda, nəticə çıxarmaq baxımından başqalarına bir örnək oldu. Statistika da göstərir ki, Lapşinin həbsindən sonra Dağlıq Qarabağa edilən qanunsuz səfərlərdə ciddi azalma var”.
Məhəmmədəli QƏRİBLİ