Əliyar İslamov: “Həmin məsələyə hətta müsəlman olmayan ölkələrin müsəlman gənclərindən reaksiyanın gəlməsi çox sevindiricidir”
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının “İslam dünyasında elm, texnologiya, innovasiya və modernləşmə!” şüarı ilə keçirilən sammitində Ermənistanın ünvanına kəskin fikirlər səsləndirib. Ermənistanın Azərbaycana təcavüzünə diqqət çəkən ölkə başçısı ermənilərin işğaldakı ərazilərdəki məscidləri dağıtdığını vurğulayıb və qeyd edib ki, məscidləri dağıdan Ermənistandan heç bir müsəlman ölkəsinə dost olmaz.
Maraqlıdır, Azərbaycanın Ermənistanla əməkdaşlıq edən İslam ölkələrinə bu əməkdaşlığın dayandırılması istiqamətində etdiyi çağırışlara artıq ciddi reaksiyalar var. Dünyanın bir çox müsəlman ölkələri, həmçinin, müsəlman olmayan ölkələrin islam qurumları tərəfindən Prezidentin çağırışına haqq qazandırılır. Müxtəlif ölkələrdən gələn müsbət reaksiyalardan İlham Əliyevin ismarıcının ünvanına çatdığını söyləyə bilərikmi?
Tarixçi Əliyar İslamov qəzetimizə açıqlamasında bildirdi ki, Astanada keçirilən sammitdə İslam dünyasının içində bulunduğu bölünmüş durum və problemlər fonunda birlik çağırışlarının önəm qazandığını müşahidə etdik: “Bu bir həqiqətdir ki, bu gün İslam aləminin bütün fərqliliklərini bir zənginlik olaraq görüb birlik olmasına, həmrəylik sərgiləməsinə hər zamankından daha çox ehtiyac var. Bir çox taleyüklü problemlərimizin də həlli o birlikdən keçir. Prezident İlham Əliyevin çıxışına, bir müsəlman ölkəsi olaraq Azərbaycanın Qarabağ məsələsində İslam ölkələrindən dəstək ummasına da bu kontekstdə baxmaq lazımdır. Azərbaycan öz davasında tamamən haqlıdır. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi başqa müsəlman ölkələri də Azərbaycanın mövqeyini dəstəkləyə bilər. Bütün ölkələr İslam həmrəyliyi prinsipindən çıxış edərsə, bu, Qarabağın işğaldan azad edilməsində Azərbaycanın mövqeyini daha da gücləndirə bilər.
Azərbaycan son illər İslam ölkələrilə əlaqələrini daha da inkişaf etdirmək istiqamətində müəyyən addımlar atır. Hesab edirəm ki, media, qeyri-hökumət təşkilatları, universitetlər də aparılan bu siyasətə uyğun olaraq İslam dünyasıyla əlaqələri genişlədərək Azərbaycanın milli məsələsi olan Qarabağ məsələsində ciddi dəstək almalıdır. Astanada edilən çıxışıdan sonra verilən reaksiyalardan görünür ki, İlham Əliyevin verdiyi mesaj doğru ünvanına çatıb. Həmin məsələyə hətta müsəlman olmayan ölkələrin müsəlman gənclərindən reaksiyanın gəlməsi çox sevindiricidir. Hesab edirəm ki, bu müraciətin daha geniş auditoriyalara təsir edəcəyinin şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ