Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslərin son dövrlərdə özünün daha aktiv mərhələyə qədəm qoyması, geosiyasi hadisələrin bu konfliktə təsir səviyyəsinin yüksəlməsi müşahidə edilməkdədir. Özü də bütün bunlar BMT Baş Assambleyasının sentyabrın 19-da Nyu Yorkda başlanacaq sessiyası ərəfəsində baş verir.
Xatırladaq ki, həmin sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı görüşü gözlənir. Ermənistanda sentyabrın 20-də keçiriləcəyi deyilən görüşə ciddi hazırlıq gedir və burada belə məlumatlar yayılıb ki, İrəvan həmin görüşdə müəyyən şərtlərə razılıq verə bilər.
Belə bir vaxtda o da xüsusilə diqqətə çatdırılır ki, hakimiyyət erməni cəmiyyətinə açıqlamasa da, Qarabağ məsələsində həqiqətən müəyyən yeniliyə hazırlaşır. Məsələ ilə bağlı “Aykakan jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, İrəvanda Qarabağla bağlı qapalı müzakirələr aparılır. Hətta Serj Sarkisyan Xankəndinə gələrək, müzakirələri işğal olunmuş Azərbaycan torpaqlarında da davam etdirib. Lakin Ermənistanın narahatlığı bununla yekunlaşmır. Burada hesab edilir ki, BMT-də Ermənistana qarşı daha sərt tədbirlər gündəmə gələ, Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın işğalçı ölkə olduğunu təsbit edən növbəti addım atıla bilər. Xatırladaq ki, BMT Baş Assambleyasının sayca 72-ci iclası artıq öz işinə başlayıb. İclasa sədrliyi Sloveniyanın xarici işlər naziri Miroslav Layçak edir. Baş Assambleyada 160 məsələyə baxılacaq. Bunlar arasında Afrikanın inkişafı, terrorçuluqla mübarizə, narkotiklərə nəzarət, insan haqları, ayrıseçkiliyə son qoyulması və inzibati məsələlər var. Qeyd edək ki, 19-25 sentyabrda dövlət, hökümət və xarici işlər nazirllikləri başçılarının toplanışı ilə yüksək səviyyəli ümumi siyasi müzakirələr aparılacaq. Elə bu çərçivədə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənir. Məsələnin maraq doğuran əsas tərəfi isə “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələrinin BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində olmasıdır. Qeyd edək ki, hər iki məsələ BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün, ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. İndi Ermənistanda hesab olunur ki, həmin qətamələrin qəbulu üçün Azərbaycana dəstək verən ölkələrin sayı artıb. Belə vəziyyətdə qətmanənin qəbulu Ermənistan üçün əlavə zərbə deməkdir. Ermənilərin bu xüsusda qorxusunu artıran daha bir məqam Rusiyanın da Ermənistandan üz döndərməsi, Azərbaycana dəstəyini artırmasıdır. Qeyd edək ki, Ermənistanın NATO təlimlərində iştirakı, Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazırlaşması, erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini yüksəlməsinə hakimiyyətin şərait yaratması Moskvanı çox narazı salıb. Bundan başqa, yenə hakimiyyətin xeyir-duası ilə Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı “Yelk” bloku təkliflər paketi hazırlayıb. Erməni siyasətçi Zarui Postancyanın “Yelk” blokunun təklifi ilə bağlı fikirləri bu fonda çox maraqlıdır. O hesab edir ki, Ermənistanın rus ittifaqından çıxışı ilə bağlı təklifi səsləndirmək tapşırığı “Yelk” blokuna “Baqramyan 26”dan, yəni Ermənistan Prezident Administrasiyasının yerləşdiyi ünvandan gəlib: “Bu səmimi proses deyil. Sadəcə olaraq, Sarkisyan bolşevik kimi şantajla məşğuldur. Əgər təklifin qəbul olunmaq şansı olsaydı, Sarkisyan buna qoşulmazdı. Bu sadəcə Sarkisyanın oyunudur”.
Maraqlıdır ki, Serj Sarksiyanın sədri olduğu hakim Respublika Partiyası bu təkliflərə açıq formada hansısa etiraz nümayiş etdirmir. Yalnız daşnaklar bu məsələdə fəallıq göstərirlər. “Daşnaksütyun“ partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib: “Bu məsələləri qaldıranlar təhlükəsizliyin nə demək olduğunu anlamırlar. Kimsə düşünürsə ki, müharibədə yalnız əsgərlər qalib gəlir, onlar səhv edir. Bizdə hərbi vasitələr olmasaydı, rəqiblə döyüşə bilməzdik. Ermənistan Avrasiya İqtisadi İttifaqına girməsəydi, silahlar ala bilməzdi”. Ermənistan mediası isə Rustamyanın bu açıqlamasından sonra “aprel döyüşləri”ni xatırladıb. “Lragir” saytı yazır ki, “aprel müharibəsi”ndə Ermənistan ordusu 80-ci illərdən qalma silahlarla döyüşürdü: “Bunu Serj Sarkisyan özü etiraf etdi. “Daşnaksütyun“un belə mövqeyi maraqlıdır, çünki onlar millətçi partiyadır. Lakin son illər bu partiya ayaqda qalmaq üçün hər şeyə gedir, indi də rusların müdafiəsinə qalxıblar. Daşnaklar Qarabağ siyasətini dəyişə bilər”. Beləliklə, Sarkisyan Rusiyaya qarşı növbəti xəyanətə yol verir və belə vəziyyətdə Moskvanın İrəvanı cəzalandırmaq üçün konkret hərəkətə keçməsi tamamilə gözləniləndir. Bu hərəkətin nəticələrindən biri isə BMT Baş Assambleyasında Azərbaycanın istədiyi qətnamənin qəbuluna kömək göstərməkdir. Daha bir addım isə cəbhədə gərginləşən vəziyyət fonunda Ermənistanı döyüş meydanında yalnız buraxmaqdır. Belə vəziyyətdə Azərbaycanın Ermənistan ordusuna böyük zərbələr vuracağını düşmən ölkədə indi çoxları etiraf edir. Buna misal olaraq, Ermənistanın xəbər saytlarında dərc edilən, Artyom Balasanov tərəfindən yazılmış “Azərbaycan növbəti müharibədə “üç cəbhə” strategiyasından istifadə edəcək” adlı məqaləni göstərmək olar.
Məqalədə Azərbaycanın gözlənilən hücum istiqamətlərindən bəhs edilir. Yazıda göstərilmiş məqamlar onu sübut edir ki, Ermənistan tərəfi Azərbaycanın təsir vasitələrindən, hərbi potensialından, ordusunun döyüş imkanlarından qorxur və ehtiyatlanır. Bu amil də düşmən tərəfdə vahimə və xof yaradır. Bununla da onlar Azərbaycan Silahlı Qüvvələrindən cəkindiklərini, qorxduqlarını boyunlarına alır, beləliklə də erməni əhalisini psixoloji cəhətdən məğlubiyyətə hazırlayırlar. Yəni mövcud kriminal rejim, gələcəkdə Ermənistanın təxribatı nəticəsində hərbi əməliyyyatlar təkrar olunarsa, çoxlu itki verəcəklərinə və ərazi itirəcəklərinə dair əhalidə fikir formalaşdırmaqla məsələyə loyal yanaşılmasına, bunun normal hal kimi qəbul edilməsinə nail olmaq istəyir. Bu istiqamətdə təbliğat aparmaqla, Azərbaycanın münaqişənin həlli istiqamətində atacağı addımlarla bağlı ekspert açıqlamaları tirajlamaqla kriminal-hərbi siyasi rejim gələcək məğlubiyyətlərinə və uğursuzluqlarına haqq qazandırmağa can atır.
Bununla yanaşı ona da diqqət çəkilir ki, Azərbaycan Ordusu döyüş qabiliyyətini artırdığı halda, erməni ordusunda qanun pozuntuları, mənəviyyatsızlıq baş alıb gedir. Yenə də konkret misal olaraq Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində baş verən ölüm hadisəsi ilə bağlı məhkəməyə göndərdiyi materiallar göstərilir. Burada yer alan ittihama görə, ön xətt mövqelərində xidmət edən müddətli hərbi qulluqçu Mher Melikyan davamlı olaraq digər erməni əsgər Qevorq Asoyanın şərəf və ləyaqətini alçaldıb. Belə ki, atəş mövqeyində yatan Qevorq Asoyana qarşı təhqiramiz hərəkətlər edən Melikyan sonuncu dəfə ondan bacısının mobil telefon nömrəsini tələb edib. Ancaq zərərçəkən əsgər Qevorq Asoyan başqa nömrə verib. Buna görə də Melikyan ona qarşı alçaldıcı hərəkətlərini davam etdirib, cinsi istismara məruz qoyub. Bundan sonra əsgər Asoyan ona təhkim edilmiş pulemyot silahı ilə ağız nahiyəsindən atəş açmaqla intihar edib. Araşdırma zamanı məlum olub ki, hadisədən bir gün əvvəl başqa bir əsgər də onu döyüb. Bildirilir ki, erməni ordusunda belə hallar artıq adi hal alıb və bu cür ordunun döyüş meydanında nəyəsə nail olması sadəcə mümkün deyil. Ermənilər onu da etiraf edir ki, Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf edir. Ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi sahəsində Azərbaycanın düşmən ölkədən çox qabaqda olması da edilən etiraflar sırasındadır. Ordumuzun gücünü bilən Ermənistan cəmiyyəti daim qorxu içindədir. Burada açıq bəyan edilir ki, Azərbaycan Silahlı Qüvvələri hərbi potensialına görə Ermənistan ordusundan qat-qat güclüdür. Məsələ ilə bağlı Ermənistanın “İravnuk“ qəzeti yazır ki, Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərclədiyi halda, Ermənistanda bu sahədə kritik vəziyyət yaranıb. Qəzet onu da vurğulayır ki, dəyəri milyardlarla olan bu qədər silah və sursat hərbi kazarmalarda saxlanmaq üçün alınmır və Ermənistan da bunu anlamalıdır. Bildirilir ki, hazırda Bakı yeni və modern silahların alınması məqsədilə Rusiya, eləcə də Pakistan, İsrail, Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Bu ölkələrdən alınacaq yeni silahlar hərbi baxımdan yenidən Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü əyani nümayiş etdirəcək. O səbəbdən hesab edilir ki, Azərbaycanla danışıqlara getmək daha məqbul variantdır. Hələlik isə əsas diqqət, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı növbəti görüşünə yönəlib. Burada nəticə olmasa, müharibə ehtimalı bir qədər də artacaq. Danışıqlarda hazırki gedişat Azərbaycanın ictimaiyyətində belə bir inam formalaşdırır ki, torpaqları geri almaq üçün mütləq ordudan istifadə etmək lazım gələcək. Elə bu da ermənilər üçün daha bir qorxulu amil sayılır. Rusiyalı politoloq Boris Dolqin bunu belə izah edir: “Azərbaycan ictimaiyyəti müharibəyə tam hazırdır. Əgər dövlətin vektoru dəyişərsə və müharibə elan edərsə, Azərbaycan cəmiyyəti bunu çox normal qarşılayacaq və bu dəyişiklik onlar üçün təəccüblü olmayacaq. Azərbaycan hərbi güc baxımından Ermənistandan öndədir. Hələlik sülh danışıqları davam edir, lakin bu, müharibənin nə vaxtsa baş verməyəcəyi demək deyil. Müharibə hər an ola bilər”.
Bütün bunlar isə həm diplomatik, həm də hərbi müstəvidə Azərbaycanın Ermənistana təzyiqlərini daha da artırdığını aydın göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.