Məhəmməd Əsədullazadə: “Çünki bu onlar üçün maliyyə baxımından mümkün deyil”
Birmənalı Rusiyapərəst siyasət yeridən və bu ölkənin yedəyində gedən Ermənistan son dövrlər ziddiyyətlli addımlar atır. Belə ki, 8 milyard dollar xarici borcu olan və əsasən xarici yardımlar hesabına yaşayan ölkə Çindən silah tədarük etmək istəyir. Belə ki, Ermənistan müdafiə naziri Vigen Sarkisyan Çinə ilk rəsmi səfəri əsnasında, Rusiya ilə imzalanmış bir çox anlaşmaya baxmayaraq, İrəvanın Çin silahlarına maraq göstərdiyini deyib.
Rusiya hakimiyyətinin 2 il əvvəl Ermənistana 200 milyon dollar güzəştli kredit çərcivəsində silahlar verməsinə baxmayaraq, bu gün Ermənistanın Çin silahlarına maraq göstərməsi Rusiyada da təəccüblə qarşılanıb. Digər tərəfdən, Moskva da Ermənistanın başqa ölkələrdən silah almasında o qədər də maraqlı deyil. Çünki Ermənistana Rusiya özü güzəştli qiymətlərlə silah satır. Təbii ki, rəsmi Moskva bunu özünün hansısa siyasi maraqları naminə edir. Hələ bir müddət əvvəl keçmiş müdafiə naziri Seyran Ohanyan da parlamentdə keçirilən qapalı müzakirələrin birində Rusiyanın Ermənistana başqa ölkələrdən silah almağa imkan vermədiyini açıq etiraf etmişdi.
Bu arada Ermənistan parlamentində bir qrup deputat ölkənin Avrasiya İqtisadi Birliyindən çıxması ilə bağlı təşəbbüs qaldırıb. Onlar hesab edirlər ki, Ermənistanın qurumda təmsil olunması ölkənin ziyanınadır.
Maraqlıdır, Ermənistanın bu cür ziddiyyətli siyasət yeritməsi nədən irəli gəlir? Ekspertlər bunu necə dəyərləndirir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın son aylarda çoxvektorlu siyasət aparması, Avropa və NATO ilə yaxınlaşmaq siyasəti Rusiyanın kəskin şəkildə etirazı ilə qarşılanır: “Ermənistan prezidenti Serj Sarkisyanın Kremlə qarşı bir sıra manevr cəhdləri uğursuzluqla nəticələnir. Ötən həftə İrəvanın NATO-nun Gürcüstanda keçirdiyi "Çevik ruh-2017" çoxmillətli taktiki hərbi təlimlərdən son anda imtina etməsi göstərir ki, Sarkisyanın manevrləri heç də uğurla həyata keçmir. Ermənistanın müdafiə naziri V.Sarkisyanın Çinə səfəri, bu ölkənin hərbi sahəsi ilə əməkdaşlıq və ticarət sövdələşmə niyyəti bir daha Rusiyadan alınan silahlara alternativ yaradaraq, Kremldən ucuz partiya silah almaq niyyətindən xəbər verir. Hesab edirəm ki, Ermənistanın Çindən böyük maliyyə məbləğində silah alması bu ölkənin imkanları xaricindədir. Çünki bu onlar üçün maliyyə baxımından mümkün deyil. Başqa bir tərəfdən, Ermənistan Çin üçün cəlbedici bir ölkə deyil. Ona görə də bu ölkə ilə hərbi əməkdaşlığın perspektivi yoxdur. Gah Avropa İttifaqı, NATO, gah da Çinə boylanan erməni diplomatiyası Moskvadan asılıdır. Moskva isə bu ölkənin müstəqil siyasət aparmasına heç bir zaman icazə verməz. Avropa İttifaqı ilə gözlənilən memorandumun da təxirə salınması qaçılmaz olacaq. Məhz Rusiya ilə Ukrayna arasında yaşanan müharibə Avropa ilə assosiativ müqavilə imzalanmasından meydana çıxdı. Ona görə də Ermənistanın Qərb və Şərq arasında var-gəl etməsində heç bir müsbət irəliləyiş olmayacaq”.
Vidadi ORDAHALLI