Aqşin Əliyev: "Əks halda, Kiprə etiraz notası verilməlidir"
Kiprin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar lazımsız fikirlər səsləndirib. Xarici işlər naziri bildirib ki, Şimali Kipr Türkiyə tərəfindən işğal olunub, ancaq Dağlıq Qarabağ tarixi erməni torpağıdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kipr rəsmisinin səsləndirdiyi fikrə sərt reaksiya verib. H.Hacıyev bildirib ki, Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir: "Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur".
H.Hacıyev qeyd edib ki, bu fikirlər Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır.
"Avropa İttifaqının 2016-cı il Qlobal Strategiyasında deyilir: "Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həll edilməsi Avropanın təhlükəsizliyinin əsas elementləridir. Bu prinsiplər Avropa İttifaqı daxilində və onun sərhədlərindən kənarda olan bütün dövlətlərə şamil olunur".
Həmçinin, bu kimi ziddiyyətli açıqlaması ilə Kiprin xarici işlər naziri özü-özünü inkar edir. Xatırlatmaq istərdik ki, bu ilin 26 yanvar tarixində Avropa Şurasının Nazirlər Komitəsinin sədri qismində ATƏT-in Daimi Şurasında çıxışı zamanı o, Kiprin ərazi bütövlüyü, suverenlik və dövlətlərin siyasi müstəqilliyi prinsiplərini qəti şəkildə dəstəklədiyini bildirmişdi.
Onu da qeyd etmək lazımdır ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir. Şəffaflıq təmin edilmədiyinə görə Kiprlə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr var. Ümid edirik ki, Avropa İttifaqı və ATƏT-in münaqişənin hərbi aspektləri ilə bağlı müvafiq mövqeləri çərçivəsində məsələ nəzərdən keçiriləcək", - deyə XİN sözçüsü vurğulayıb.
Kiprin xarici işlər nazirinin Dağlıq Qarabağı tarixi erməni torpağı adlandırması nəyə hesablana bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bu məsələdə Kiprin xarici işlər naziri böyük yanlışlığa yol verib: "Hesab edirəm ki, belə yanaşma dövlətlərarası münaqişə və ciddi diplomatik qalmaqala gətirib çıxara bilər. Kiprin Türkiyə ilə Şimali Kipr məsələsinə görə aralarında ziddiyyətin olduğunu bilirik. Ancaq bu heç də o anlama gəlmir ki, həmin ölkənin yüksək vəzifə daşıyan bir rəsmisi məsuliyyətsiz bəyanatla çıxış etməlidir. Onun nəzərinə çatdırmaq lazımdır ki, Dağlıq Qarabağ heç vaxt tarixi erməni torpağı olmayıb. Həmin xarici işlər nazirinin tarixi biliklərinin sıfr səviyyədə olduğu aydındır. Heç olmasa, tutduğu posta uyğun siyasi etika nümayiş etdirsin və başqa ölkənin daxili işinə qarışmasın. Yox, bunu da anlamırsa, deməli, siyasətdə tam diletantdır. Bizim XİN-dən onun açıqlamasına sərt cavab verilib. Hesab edirəm ki, bu məsələnin üstündə sona qədər durub həmin dövlət rəsmisindən izahat tələb etmək lazımdır. Əks halda, Kiprə etiraz notası verilməlidir. Kipr Avropa ailəsinin üzvü olan ölkədir. Bilirsiniz ki, Avropanın bir çox institutları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yaxından iştirak edir. Həmin ölkə həm də Avropa Parlamentində təmsil olunur. Xarici işlər naziri belə mövqedə olan ölkənin deputatlarından hansı obyektivliyi gözləmək olar? Belə çıxır ki, Kipr Ermənistanın işğalçılıq siyasətini tam dəstəkləyir. Kiprdən dövlət səviyyəsində məsələyə aydınlıq gətirməsi tələb edilməlidir".
Məhəmmədəli QƏRİBLİ