Ordu quruculuğu prosesində Azərbaycanın xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri də hərbi aviasiya parkının ən müasir texnika ilə təmin edilməsidir. Qeyd olunan səpkidə genişmiqyaslı işlər görülüb və hazırda uğurla davam etdirilməkdədir. Belə ki, son illər ərzində Azərbaycan xaricdən xeyli sayda müxtəlif döyüş aviasiya texnikası alıb və bu sıraya helikopterlər də daxildir.
Yayılan məlumatlardan isə belə bəlli olur ki, Azərbaycan xaricdən yeni döyüş helikopterlərinin alınmasında hələ də maraqlı tərəf kimi çıxış edir. Məsələ ilə bağlı "AzeriDefence" portalına "HeliRussia-2017" helikopter sərgisində olan "Vertolyot Rossii" şirkətindən verilən məlumata əsasən, Azərbaycan Rusiya istehsalı olan Ka- 62 və "Ansat" helikopterləri ilə maraqlanır. Bildirilir ki, istehsalçı şirkətlə Azərbaycanın "Silk Way Helicopter Services" şirkətinin rəhbərliyi arasında görüş olub. Sərgi çərçivəsində helikopterlərin texniki imkanları barədə Azərbaycan heyətinə ətraflı məlumat verilib.
İstehsalçı müəssisənin nümayəndələri Azərbaycanın da yaxın perspektivdə adıçəkilən helikopterlər üçün potensial alıcı ola biləcəyini düşünür. Qeyd edək ki, ilk prototipi 2013-cü ildə təqdim olunan Ka-62 helikopteri ilk uçuşu 2016-ci ilin aprelində reallaşdırıb. Bu helikopter özündə Rusiya helikopterlərinin ənənəvi xüsusiyyətlərini cəmləşdirir. Etibarlı və idarəetməsi sadədir. Ka-62 hazırlaması zamanı xüsusi diqqət keyfiyyətə, zərərsizlik və istismarın yüksəldilmiş əlverişliliyinə ayrılıb. Ən yeni texnologiyaların və müasir materialların tətbiqilə yaradılan Ka-62 çoxfunksiyalıdır. Ka-62 əsas etibarilə yüklərin, təcili tibbi yardımın, hava işlərinin həyata keçirilməsi, müşahidə əməliyyatları üçün nəzərdə tutulub. Onlardan döyüş əməliyyatlarında da uğurla istifadə etmək mümkündür. Azərbaycan həm də Rusiyanın Kazan Helikopter Zavodunun istehsalı olan "Ansat" çoxməqsədli helikopterinə maraq göstərir. İlk prototipi 1997-ci ildə hazırlanmış "Ansat" helikopteri "Eurocopter EC-145" helikopterinin ən yaxın xarici analoqdur. Helikopterin döyüş variantı da var və onun silahlandırılmasına iri kalibrli pulemyot və idarə olunan raket daxil edilib. Ölkəmiz rusiyanın Mi-28 tipli hərbi helikopterinə də maraq göstərir. Bildirək ki, Mi-28 ikiqat idarəetmə dəstinin tətbiq edildiyi xüsusi helikopterdir. Bu helikopter özündə zərbə helikopterinin bütün funksiyalarını birləşdirir. Həmin helikopteri həm pilotun kabinəsindən, həm də təlimatçı funksiyalarını yerinə yetirən pilot-operatorun kabinəsindən idarə etmək mümkündür. Buna qədər də Azərbaycan Rusiyadan müxtəlfi növdə helikopterlər alıb. Məsələn, hələ iki il əvvəl rəsmi Bakı Rusiyadan 24 ədəd Mi-35M tipli hərbi helikopter alıb. Müasir avionik sistemlərlə təchiz olunmuş helikopterin silahlanmasına 23 mm çaplı top, idarə olunan və olunmayan raketlər daxildir. Mi-24 helikopterlərinin bazasında yaradılmış helikopterləri həm zərbə, həm də desantın daşınması məqsədilə istifadə oluna bilir. Müasir avionik sistemlərlə təchiz olunmuş helikopterin silahlanmasına 23 mm çaplı top, idarə olunan və olunmayan raketlər daxildir. Mi-35M sürət və manevr imkanları, eləcə də daşıdığı silah yükü baxımından Mi-24-ləri geridə qoyur. Azərbaycan həm də mövcud hərbi-texniki əməkdaşlıq müqavilələri çərçivəsində "Rusiya helikopterləri" holdinqindən 6 hərbi-nəqliyyat Mi 17B-1 helikopteri alıb.
Helikopterlər sahəsində iki ölkənin əməkdaşlığı ümumiyyətlə gedərək güclənir. Hətta bu günlərdə "Rusiya Vertolyotları" şirkəti ilə "Azərbaycan Hava Yolları" QSC və "Silk Way Group" arasında Azərbaycanda servis mərkəzinin yaradılmasına dair müzakirələr aparılıb. Tərəflər Azərbaycanda Rusiya və sovet istehsalı olan mülki və hərbi helikopterin təmiri üzrə xidmət mərkəzinin açılışı layihəsinin reallaşdırılmasına marağı ifadə ediblər. Artıq Azərbaycanda Mi-8 və Mi-17 tipli Rusiya istehsalı olan mülki helikopterlərə xidmət mərkəzinin açılışı haqqında razılaşma imzalanıb.
Onu da xatırladaq ki, Azərbaycanın hərbi texnika aldığı ölkələr sırasında Rusiya xüsusi yer tutur. Bu ölkənin müxtəlif şirkətləri Azərbaycanla hərbi sferada əməkdaşlıqda əsas maraqlı tərəflərdən biri kimi çıxış edir. Digər ölkələrdən alınan hərbi texnika da xüsusi diqqət mərkəzindədir. Məsələn, Azərbaycanın İsraildən və Türkiyədən son illərdə satın aldığı artilleriya sistemləri və reaktiv yaylım atəşi sistemləri, həmçinin pilotsuz uçuş aparatları bu xususda daha çox diqqət cəlb edir. Xüsusən də Azərbaycanın Türkiyədən aldığı hərbi texnikanın sayı və çeşidi artır. Ölkəmiz Türkiyədən "T-129 ATAK" tipli hücum vertolyotu alınmasına isə son dövrlərdə daha çox maraq göstərir. Pakistandan da analoji texnikanın idxalı diqqət mərkəzindədir.
Tahir TAĞIYEV