Son illər ərzində Azərbaycanın diplomatik müstəvidə atdığı addımlar bu gün dünya miqyasında Ermənistanın işğalçı siyasətinin tam ifşa olunması ilə müşayiət edilir. Artıq beynəlxalq ictimaiyyət birmənalı şəkildə Ermənistanı təcavüzkar dövlət kimi tanıyır və bunu təsdiq edən çoxsaylı qərarlar, qətnamələr qəbul olunub.
Digər tərəfdən, həmin sənədlərdə Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud status-kvonun qəbuledilməzliyi, işğal altındakı ərazilərin dinc yolla azad edilməsinin zəruriliyi ilə bağlı məsələlər də əks olunub. Bütün bunlara qarşı çıxmaq isə artıq Ermənistanın imkanları xaricindədir. Əksinə, Azərbaycanın diplomatik gedişləri Ermənistanın təcavüzkar dövlət statusunu daha da möhkəmləndirir, ölkəmizin ərazi bütövlüyünə isə birmənalı dəstək ifadə edilir. Bunun daha bir təsdiqi NATO Parlament Assambleyasının Tiflisdə keçirilən yaz sessiyasında özünü aydın surətdə göstərdi.
Azərbaycandan da nümayəndə heyətinin qatıldığı tədbirdə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığının NATO üçün əsas məqamlardan biri olduğu diqqətə çatdırıldı. NATO Parlament Assambleyasının prezidenti Paolo Alli bu xüsusda qurumun mövqeyini növbəti dəfə kifayət qədər açıq şəkildə ifadə etdi: "Dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı bizim üçün ən vacib şərtlərdən biridir. Ərazi bütövlüyü NATO ilə əməkdaşlığın əsas prinsipidir". Bu isə o deməkdir ki, NATO bu mövqeyi ilə həm də Ermənistana aydın mesaj verir ki, onunla əməkdaşlıq üçün İrəvan işğal siyasətinə son qoymalı, ərazi bütövlüyü prinsipinə hörmət etməlidir. Ümumiyyətlə onu da qeyd edək ki, NATO Parlament Assambleyasının Tiflis iclasında Ermənistanın işğal siyasəti xüsusi diqqət mərkəzində saxlanıb. Qurumun Elm və texnologiya komitəsinin iclasında isə Azərbaycanın işğal olunmuş ərazilərindəki ekoloji vəziyyət diqqət mərkəzinə gətirilib. Bildirilib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənilər bu bölgələrdə mədəniyyət abidələri, təbii sərvətləri talan edib, ekoloji sistemə ciddi ziyan vurublar. O da qeyd olunub ki, Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. Bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğu da nəzərə çatdırılıb. Qeyd edilib ki, işğal olunmuş ərazilərdə yetişdirilən narkotik Avropaya daşınır. Bütün bunlar fonunda Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qurumun Tiflis iclasının nəticələrini yüksək qiymətləndirib və bunu Ermənistanın işğal siyasətinin ifşa olunmasında daha bir addım adlandırıb: "Biz çalışırıq ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, dünyada artan nüfuzu, bununla belə üzləşdiyi problemlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətini, parlamentariləri daha çox məlumatlandıraq. Tiflisdə müzakirələr zamanı biz Ermənistanın regiondakı pozuculuq fəaliyyəti, ballistik raketlərlə silahlanması və bunun təkcə region üçün deyil, bütövlükdə NATO üçün yaratdığı təhlükə barədə ətraflı məlumatlar verdik. Bəzi hallarda biz Ermənistanın işğalçı dövlət olduğunu sübut edə bilirik. Bununla belə, mübarizəmizi davam etdiririk".
Bütün bunlar, aydındır ki, NATO çərçivəsində Ermənistanın işğalçılıq siyasətinə qarşı qəti mövqenin formalaşmasına əlverişli zəmin yaradır və belə vəziyyət Azərbaycanın düşmən üzərində diplomatik qələbəsinə yeni töhfələr verir. Bununla NATO və digər beynəlxalq qurumlar aydın şəkildə görür ki, hərb müstəvisində Ermənistandan dəfələrlə üstün olmasına rəğmən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipi əsasında siyasi həllinə sadiq qalır. Dünya bu fonda görür ki, ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən əziyyət çəkən ölkə olsa da, Azərbaycan regionda sülh, stabillik və inkişaf naminə Qarabağ münaqişəsinin ən qısa müddətdə həllində əsas maraqlı tərəfdir. Belə vəziyyətdə Ermənistanın problemin çözümünü sürətləndirmək üçün hansısa addım atmaması onun işğalçı obrazını daha da gücləndirir.
Bu gün tək NATO yox, digər beynəlxalq qurumlarda da aydın görülür ki, Qarabağ münaqişəsi bilavasitə Ermənistanın mövqeyi üzündən həllini tapmır. Elə bu səbəbdən həmin təşkilatlar status-kvonun dəyişməsinin əsas məsuliyyətini məhz Ermənistanın üzərinə qoyur. Həmçinin, açıq bəyan edirlər ki, status-kvo mütləq dəyişməlidir. Bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallisterin açıqlamalarından da görmək olar. O qeyd edir ki, Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən silahlı insidentlərdən narahatdır. Onun sözlərinə görə, Avropa İttifaqı münaqişə tərəflərini ATƏT Minsk Qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb: "Dağlıq Qarabağdakı münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə çağıraraq, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir". Maraqlıdır ki, Ermənistanın əsas hamisi sayılan Rusiya da Qarabağ münaqişəsində status-kvonun dəyişməsinin vacibliyini önə çəkir. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin də təsdiq edir və status-kvonun dəyişməsinin zəruri olduğunu bildirir: "Dağlıq Qarabağ münaqişəsi ümumi acımızdır. Münaqişənin həlli hələ ki, istənilən kimi getmir. Münaqişəni, əlbəttə ki, siyasi və diplomatik vasitələrlə həll etmək lazımdır. Münaqişənin nizamlanmasına fəal töhfə vermək Rusiyanın xarici siyasət prioritetləri sırasına daxildir. Bu prosesə yardım etmək üçün beynəlxalq platformalarda, ATƏT-in Minsk Qrupu çərçivəsində bizdən asılı olan nə varsa edəcəyik".
Artıq Ermənistanın özündə də etiraf olunur ki, beynəlxalq tələbin artması fonunda status-kvonun qorunması gedərək daha mümkünsüz hala gəlir. Bunu erməni politoloq Manvel Sarkisyan da təsdiq edir: "Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk Qrupu da status-kvonu qəbul etmir". Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: "Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir". Manvel Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq:"Hakimiyyət fasiləsiz danışır ki, lazım olsa, Qarabağın müstəqilliyini tanıyacağıq. Müxtəlif anlar yaşandı, tanınma ilə bağlı hakimiyyətə ciddi tələblər səsləndi, hətta prezidentin istefa verməsi şəraiti yarandı. Lakin sonra Serj Sarkisyan möhtəkirlik etməyə başladı. Bildirdi ki, "müharibə olacaqsa, biz tanıyacağıq". Müharibə də oldu, lakin o tanımadı. Bu heç vaxt olmayacaq da. Çünki Azərbaycan burada üstün hüquqa malikdir. Biz yalnız o vaxt qalib gələ bilərik ki, Azərbaycan öz hüquqlarından məhrum olsun. Halbuki, 25 il ərzində onun hüquqları daha da möhkəmlənib. Aprel müharibəsi də göstərdi ki, Azərbaycan beynəlxalq hüquqda haqlıdır. Heç kim Bakını ittiham etmədi. Çünki Azərbaycan bəyan edir ki, bu mənim ərazimdir. Nə qədər ki, Azərbaycanın bu hüququ qalır, biz heç nə edə bilmərik". Bu durumda Sarkisyan təklif edir ki, vəziyyəti dəyişmək üçün ən azından gərək Qarabağ ətrafındakı ərazilər qaytarılsın: "Yalnız o halda Qarabağın statusu həll olunar. Başqa cür biz heç nə edə bilmirik". Manvel Sarkisyan onu da bildirir ki, Qarabağ məsələsində yeniliklər olmasa, erməni tərəfinin itkiləri daha da artacaq. Özü də belə itkilər son dövrlərdə sürətlə artır. Bu durumda məlum olub ki, Ermənistan ordusunda itkiləri gizlətmək üçün yeni üsula əl atılıb. Belə ki, İrəvan təmas xəttində verdiyi itkilərin sayını açıqlamamaq, həmçinin vurulan obyektlər haqda məlumat verməmək barədə qərara gəlib. Ermənistan hərbi rəhbərliyi bu qərarını onunla əsaslandırmağa çalışır ki, bu məlumatların açıqlanması Azərbaycana artilleriya atışları və snayper vuruşlarının dəqiqliyindən əmin olmağa kömək edir. Bununla yanaşı, atəşkəsin pozulması haqda məlumatlar yayılmayacaq. Ermənistanın baş qərargah rəisi Movses Akopyan iddia edib ki, atəşkəsin pozulması haqda məlumat müharibənin davam etməsi deməkdir: "Bu isə investisiyaları ölkədən qaçırır".
Erməni jurnalist Tevos Arşakyan bunun ordudakı itkiləri gizlətmək gedişi olduğunu yazıb. Onun sözlərinə görə, Ermənistan Şimali Koreya yolu ilə gedir: "Guya ordudakı məlumatları gizlətməklə rəqib Azərbaycanı informasiya mənbəyindən məhrum etmək mümkün olacaq? Onda kəşfiyyat sistemləri, izləmə cihazları kimi avadanlıqlar var və istədiyi informasiyanı əldə edəcək. Deməli, bizim ordu rəhbərliyimiz dəhşətli itkiləri cəmiyyətdən gizlətmək üçün yeni vasitəyə əl atır və bunu Azərbaycanla əlaqələndirir. İtkilərimiz haqda isə heç bir məlumat verilməyəcək. Bu, ordudakı özbaşınalığın, əsgərlərin öldürülməsinin sayını daha da çoxalda bilər". Bütün bunlar Ermənistanın həm diplomatik, həm də hərb müstəvsində böyük fərqlə Azərbaycana uduzmasının faktiki təsdiqidir. Belə vəziyyətdə erməni tərəfinin cəbhədə vəziyyəti gərginləşdirmək, təxribat törətmək cəhdlərinin Ermənistana ağır başa gələcəyinə dair də xəbərdarlıqlar artır. Ermənistanın "politiko" saytı da erməni hərbi birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasının ağır nəticələrinin olacağını yazıb. Sayt Azərbaycan Müdafiə Nazirliyinin "Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq" xəbərdarlığını xatırladaraq, cavabın ağır olacağını qeyd edib: "Azərbaycan xəbərdarlıq etdi və onların cavabı ağır olacaq". Bütün bunlar isə həm də Azərbaycanın düşmən üzərində psixoloji üstünlüyünün göstəricisidir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.