Yeganə Hacıyeva: "Avropa səfəri göstərdi ki, yeni ABŞ administrasiyası bir çox qlobal məsələlərdə beynəlxalq izolyasiyaya gətirə biləcək bir yol tutub"
ABŞ prezdenti Donald Tramp ilk xarici səfərini müsəlman ölkəsi olan Səudiyyə Ərəbistanına reallaşdırsa da, elə həmin səfər turnesi çərçivəsində Brüsseldə NATO-nun sammitində iştirak edib və Vatikanda Roma Papası ilə görüşüb. Sammitə Alyansa üzv olan 28 ölkənin dövlət və hökumət başçıları qatılıb.
NATO sammitinin gündəmində olan əsas məsələlər beynəlxalq terrorizmə qarşı mübarizə, ittifaq üzrə müttəfiqlər arasında maliyyə yükünün ədalətli bölgüsü və müdafiə xərclərinin artırılmasından ibarət olub.
Trampın Avropaya etdiyi səfər zamanı onun verdiyi bəyanatlar və aparılan danışıqların məğzindən belə qənaətə gəlmək olur ki, ABŞ-NATO və ABŞ-Aİ münasibətlərində bəzi problemlər mövcuddur. Perspektiv ABŞ-a Avropadakı müttəfiqlərilə münasibətlər baxımından nə vəd edir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, bu günlərdə yekunlaşan NATO və G7 Sammiti Tramp üçün, bir prezident kimi, əslində təqdimat səfəri idi. Yeni Tramp administrasiyası ilə ABŞ artıq Qərbin aparıcı və hərəkətverici qüvvəsi olmaqda maraqlı olmadığını göstərdi.
Çünki Tramp Avropa səfəri öncəsi Yaxın Şərq ölkələrinə etdiyi səfərdə tərəfdaş kimi özünü daha sərbəst ifadə edirdi.
NATO və ABŞ-Aİ münasibətlərindəki vəziyyət ABŞ-ın Avropadakı müttəfiqlərilə gələcək münasibətləri üçün nə vəd edir sualına bu görüşlərdən bir gün sonra Aİ-nin aparıcı ölkəsi olan Almaniyanın kansleri Angela Merkelin fikirləri ilə cavab verə bilərik. Sitat: "Artıq Almaniyanın başqalarına güvəndiyi vaxtlar bitib və Avropa özü öz dəyərlərinə, gələcəyinə və təhlükəsizliyinə sahib çıxmalıdır". Bu, əslində, bütün Avropa ailəsinə bir mesaj idi ki, indi Avropa özü öz siyasi və iqtisadi təhlükəsizliyinə və gələcəyinə məsuliyyət daşıyır və özü də cavabdehdir.
ABŞ prezidenti Tramp Avropa ölkələri rəhbərləri ilə ailəvi foto çəkdirmədi, Angela Merkellə ikitərəfli mətbuat konfransı keçirməkdən imtina etdi, hamının maraqlı tərəf olduğu iqlim dəyişikliyinə qarşı yekun rəyi imzalamadı.
Həmçinin, qeyd etməliyəm ki, Trampı səfər boyu ABŞ-Avropa münasibətlərinin gələcəyi, Avropanın təhlükəsizliyi və s. kimi mövzulardan daha çox Avropa ölkələrinin qlobal ticarətdəki pay çoxluğu mövzusu narahat edirdi. Ən azı, onun verdiyi açıqlamalardan bu aydın sezildi. O, Avropa Birliyi ölkələrinin bir çoxunu azad ticari qaydalarından sui-istifadə etməkdə günahlandırdı.
Avropa səfəri göstərdi ki, yeni ABŞ administrasiyası bir çox qlobal məsələlərdə beynəlxalq izolyasiyaya gətirə biləcək bir yol tutub. Belə ki, ABŞ prezidenti Tramp NATO ölkələri rəhbərləri ilə görüşü zamanı ABŞ-ın Əfqanıstanla bağlı təklifinə də alyansın digər üzvlərindən dəstək ala bilmədi. Həmçinin, ABŞ-ın Sakit okean hövzəsi siyasəti müzakirə üçün maraqlı mövzu olmadı. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-ın perspektivdə Avropadakı müttəfiqlərilə münasibətləri heç də rəvan olmayacaq".
Məhəmmədəli QƏRİBLİ