Daşdəmir Əliyev: "Keçirilən təlimlər elə həmin vasitəçilərin özünə də ünvanlanmış bir mesajdır"
Silahlı Qüvvələrin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq, raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumat görə, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.
Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilir.
Qeyd edək ki, bu təlimlərin keçirilməsi olduqca gərgin bir vaxta təsadüf edir. Xüsusilə də Ermənistan prezidenti Serj Sarkisyanın nümayiş etdirdiyi davakar mövqeyin fonunda belə əhəmiyyətli təlimlərin keçirilməsi bir çox mətləblərdən və planlardan xəbər verə bilər. Xatırladaq ki, Sarkisyan son davranışlarında nəinki sülh danışıqlarından imtina etməsilə, hətta başqa ağlasığmaz tələblər səsləndirməsilə yadda qalıb. Qeyd edək ki, o, Madrid prinsiplərindən imtina etdiklərini və status-kvonun yalnız Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı təqdirdə dəyişə biləcəyinə işarə edib. Belə bir zaman kəsiyində Azərbaycan tərəfi bu cür təlimləri keçirməklə münaqişənin həllində vasitəçilik edən Minsk Qrupu həmsədrlərinə hansı mesajları vermiş olur?
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan öz ərazisində istənilən hərbi təlimi keçirə bilər: "Biz bu cür addımlarımızla heç bir beynəlxalq konvensiyanın tələblərini pozmuş olmuruq. Azərbaycan Ordusu nəyə qadir olduğunu ötən ilin aprelində, bu ilin fevralında göstərdi. Təəssüflər olsun ki, həmin Minsk Qrupuna daxil olan ölkələr bizim orduya tam əl-qolunu açmağa imkan vermir. Vəziyyət gərginləşən kimi təzyiq mexanizmlərini işə salırlar. Hətta söz də verirlər ki, sülh yolu ilə problemin həllinə nail olacaqlar. Ortada isə heç bir nəticə yoxdur. Əksinə, Sarkisyan daha da səfeh bəyanatlar verir, hətta bizə hədə gəlir. ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Hətta Rusiya onlara pulsuz silah belə verir. Sarkisyanın sülh prosesinə kölgə salan bəyanatlarına heç bir reaksiya verilmir. Belə olan təqdirdə, təbii ki, Azərbaycan müharibə variantını nəzərdən keçirməlidir. Hesab edirəm ki, keçirilən təlimlər elə həmin vasitəçilərin özünə də ünvanlanmış bir mesajdır. Azərbaycan bununla demək istəyir ki, bizim ordumuz hər an işğal altında olan torpaqları azad etməyə qadirdir. Təlimlərin bir əhəmiyyəti bundan ibarətdir. Digəri isə qoşun növləri arasında koordinasiyanı yaxşı təmin etmək üçün əla vasitə sayılır. Məhz belə təlimlərin nəticəsi oldu ki, bizim ordumuz son proseslərdə zəfər çala bildi. Sizi əmin edirəm ki, belə təlimlərdə ordumuzun nəyə qadir olduğunun az bir hissəsi nümayiş etdirilir".
Məhəmmədəli QƏRİBLİ