Hərbi güc baxımından Azərbaycanın Ermənistandan dəfələrlə üstün olması bu gün düşmən ölkənin özündə açıq qəbul edilən reallıqdır. Elə bu səbəbdəndir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə çözülə biləcəyinə dair ehtimallar belə hazırda Ermənistanda böyük təşviş və narahatlıq doğurur. Qeyd edilən fonda ordumuzun hər bir təliminə Ermənistanda xüsusi diqqət və reaksiyanın göstərilməsi də təbii qarşılana bilər. Burada hesab edilir ki, hər belə təlim Azərbaycanın yeni Qarabağ savaşına intensiv hazırlığının əyani göstəricisidir. Bu mənada Silahlı Qüvvələrimizin 2017-cı il üçün hazırlıq planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirməsi də Ermənistanda böyük qorxuya yol açıb.
Məlumat üçün bildirək ki, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marş icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib. Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsi üçün isə pilotsuz uçuş aparatlarından istifadə edilib. Erməni mediası bildirir ki, təlimlərlə Azərbaycan həm də Qarabağ məsələsini hərb müstəvisində çözməyə hazır olduğuna dair konkret mesajlar verir. Eyni zamanda yeni silahların nümayişi Azərbaycanın orduya ayırdığı xüsusi diqqətin təzahürü sayılır. Hesab edilir ki, Azərbaycan ehtiyac duyuduğu vaxtda Qarabağ məsələsini ordu gücü hesabına öz maraqları çərçivəsində həll etmək iqtidarında olduğunu da nümayiş etdirir. Yeri gəlmişkən qeyd edək ki, Respublika Günü münasibətilə rəsmi qəbul zamanı məsələnin bu tərəfinə Prezident İlham Əliyev də toxunaraq, Azərbaycan ordusunun istənilən vəzifəni icra etməyə hazır olduğunu bir daha bəyan edib: "Ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir. Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu onların seçimidir. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq".
Elə Ermənistanda da etiraf edilir ki, Azərbaycan müxtəlif mənbələr hesabına ordusunu davamlı şəkildə gücləndirir. Ermənistan isə bu məsələdə yalnız bir mənbədən - Rusiyadan tam asılı vəziyyətdədir. Məsələnin daha bir maraqlı tərəfinə diqqət çəkilərək vurğulanır ki, Azərbaycan Rusiyadan Ermənistanla müqayisədə daha müasir silahlar alır. Ermənistanın "Lragir" saytı yazır ki, Azərbaycanın Rusiyadan aldığı silahlar həm çeşid, həm həcm, həm də yenilik baxımından Ermənistanın əldə etdikləri ilə müyqayisədə dəfələrlə üstün göstəricilərə malikdir: "Bundan başqa, Azərbaycan Türkiyədən, İsraildən, Pakistandan, Belarusdan, Ukraynadan da yaxşı silahlar alır, ölkə daxilində müxtəlif növdə silah istehsalını artırır". Belə bir şəraitdə hərbi əməliyyatların yenilənməsi, heç şübhəsiz, Ermənistanın döyüş meydanında qısa zaman kəsiyində məğlubiyyətini də qaçılmaz edəcək. Bunu indi Ermənistanda aydın görüb sezənlərin də sayı az deyil.
"Lragir" saytı yaranmış situasiyada Dağlıq Qarabağ münaqişəsində hərbi-siyasi vəziyyətin kəskin dəyişməsinin indi Ermənistan üçün müsbət heç nə vəd etmədiyini vurğulayır. Bir daha qeyd edilir ki, silahlar və texnikanın tətbiq edilən növləri baxımından vəziyyət dəyişib, Azərbaycan Ordusunun arsenalında müxtəlif ölkələrdən alınan ən güclü silahlar var. Bu silah və texnikanın isə yalnız Rusiyadan alınmadığı deyilir. Sayt qeyd edir ki, Ermənistan və Azərbaycanın mövqelərinin sərtləşməsi sadəcə danışıqların yenilənməsi imkanını istisna edir: "Bu o deməkdir ki, qarşıdurma yeni mərhələyə keçə bilər". Sayt Ermənistan ordusunda ciddi probmelərin olduğunu xüsusi vurğulayır. Bildirilir ki, problemlərin mövcudluğunu Serj Sarkisyan hərbi rəhbərliyin üzərinə yıxmağa çalışır ki, özü məsuliyyətdən kənarda qalsın. Diqqət bu fonda ona yönəlir ki, bu günlərdə Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib. Qeyd edilir ki, Ermənistan ordusunun çoxsaylı itkilər verməsi nəticəsində bir sıra generallar və yüksək rütbəli zabitlər tutduqları vəzifədən azad edilib. "Lragir" daha sonra yazır: "Bu il mayın 7-də Ermənistan ordusunun üç əsgəri - Ruben Barqseqyan, Rafael Bişaryan və Ruben Mnasakyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən su anbarında boğulub. Bununla yanaşı, son dövrlər qeyri-döyüş şəraitində baş verən ölüm halları artıb. Həmçinin, qeyri-peşəkar döyüş şəraitində də itkilər verilib. Nəticədə bir sıra generallar və yüksək rütbəli zabitlər tutduqları vəzifədən azad edilib. Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan bildirib ki, Qarabağda yerləşdirilən bir sıra hərbi hissə komandiri və onların müavinləri vəzifələrindən azad edilib. Məlumatlara görə, bu, orduda son təmizlənmələr deyil:"Serj Sarkisyan ordunu, belə demək olarsa, yenidən təşkil edir: əvvəlcə ali rəhbərlik kənarlaşdırılıb - nazir, onun birinci müavini və baş qərargahın rəisi. İndi isə növbə ikinci eşelona çatıb. Bu transformasiyalar həm də Serj Sarkisyanın daxili siyasət planları ilə bağlıdır. Müdafiə Nazirliyində o, özünə loyal olan sistem formalaşdırır".
Sayt daha sonra yazır ki, erməni ordusunda, rəhbərliklə yanaşı, digər problemlər intizam və yeni silahların mənimsənilməsi ilə bağlıdır. Qeyd olunur ki, bu məsələdə də erməni ordusu Azərbaycan tərəfinə uduzur və bu durumda müharibə qətiyyən erməni tərəfinə sərfəli deyil. Amma o da faktdır ki, erməni tərəfinin həm cəbhədə təxribatçı hərəkətləri, həm də danışıqlarda tutduğu mövqe müharibəni qaçılmaz edir. Rusiyalı politoloq Qriqori Trofimçuk da bu vəziyyətdə müharibə ehtimalının gedərək artdığını vurğulayır. O qeyd edir ki, indiki durumda dəyişiklik olmasa, Qarabağda hərbi sabitlik alınmayacaq və gərgin vəziyyət getdikcə daha da şiddətlənəcək. Lakin rusiyalı politoloq hesab edir ki, Qarabağda gərgin vəziyyət vasitəçi diplomatlar üçün yaxşı fürsətdir: "Çünki onlar bu haqda hesabat verə bilərlər ki, razılaşmaların reallaşması istiqamətində işləyirlər". Rusiyalı politoloq Qarabağda təhlükəli vəziyyətin yaranmasının digər səbəbini də açıqlayıb: "Məsələ ondadır ki, artıq münaqişə tərəfləri hücum etdiklərini gizlətmir və zərbələrdən sonra bu haqda açıq şəkildə danışırlar. Bu, proseslərin neqativ inkişafı deməkdir. Nə qədər ki, Qarabağla bağlı anlaşma əldə olunmayıb, bütövlükdə regionda sülh olmayacaq. Qarabağa dair anlaşma isə yoxdur. Nəinki yoxdur, situasiya pisləşməkdədir, çünki danışıqlar prosesi daha vəziyyəti yaxşılaşdırma vasitə kimi işə yaramır".
Danışıqlarda qeydə alınan fiaskonun əsas günahkarı qismində isə yenə erməni tərəfi göstərilir. Erməni mediası yazır ki, əslində, Azərbaycan danışıqlar prosesində də şərtləri diqtə edən mövqenin sahibinə çevrilib və ötən zaman ərzində baş verənlər də bunu əyani şəkildə təsdiq edir. Ermənistanın keçmiş xarici işlər naziri Arman Melikyan da etiraf edir ki, mövcud status-kvo Qarabağ danışıqlarında Ermənistanın vəziyyətini günü-gündən pisləşdirir. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu əvvəl necə havadan asılı qalmışdısa, indi də elədir: "Əvvəllər danışıqlar "ərazilərin əvəzində status" formulu əsasında aparılırdısa, indi "ərazilərin əvəzində vəziyyətin yaxşılaşması" haqda danışırlar. 1993-cü ilin payızından etibarən Ermənistan rəsmən münaqişənin tərəfi kimi tanınıb, nəticədə məsələ beynəlxalq səviyyəyə qalxıb. Azərbaycan isə Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail olmağı əsas vəzifəsi elan edib. Dağlıq Qarabağ isə tərəf kimi danışıqlardan kənarlaşdırılıb. Problem beynəlxalq miqyasda belə qəbul edilməyə başladı ki, bu münaqişə Ermənistanla Azərbaycan arasındadır, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və onları heç bir ilkin şərt irəli sürmədən qaytarmaq lazımdır. İndiyə qədər biz danışıqlarda belə fəlsəfəyə əsaslanırıq ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin əvəzində biz torpaqları qaytarmalıyıq, yəni biz həm torpaqları veririk, həm Dağlıq Qarabağın tanınmasına nail olmuruq". Keçmiş nazir qeyd edib ki, "Madrid prinsipləri"ndə də ərazilərin qaytarılması əksini tapıb və həmsədrlər də Ermənistanın torpaqları qaytarmasını istəyir: "Lakin çoxları sual edir ki, necə? Regionda yeganə real təsiri və nüfuzu olan həmsədr ölkə Rusiyadır. Onun da Ermənistanda nüfuzu getdikcə zəifləyir. Rusiya torpaqların qaytarılmasını təşkil edərsə, ABŞ buna qarışmalı deyil. Bu faktdır ki, ərazilərin qaytarılması məsələsi bu gün Rusiya tərəfindən qarşıya qoyulub, özü də ciddi şəkildə. Və bu haqda fikirləşmək, nəticələrini dərk etmək lazımdır". Erməni mediası yazır ki, bu vəziyyətdə situasiyanı qarşıdırmaq üçün Sarkisyan hakimiyyəti həm danışıqlardan yayınmağa, həm də daxili təzyiqləri azaltmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Amma hər iki halda onun çıxılmaz vəziyyətdə olduğu bildirilir. Belə ki, danışıqlardan yayınmaq onun təcavüzkar mövqeyini və Rusiyanın, eləcə də digər həmsədrlərin iradəsinə qarşı gəldiyini göstərir. Bu halda sözündən çıxdığı üçün Moskva onu başqası, məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyanla əvəzləyə bilər. Erməni jurnalist Sarkis Artsruni bildirir ki, artıq Rusiya Seyran Ohanyana "stavka" edir. Onun sözlərinə görə, Ohanyan aprelin 2-dən sonra - Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanan kimi Moskvaya sirli səfər edib: "Məlumatlara görə, Ohanyan Moskvada özünə "iş" axtarmağa gedib. Hazırda o, Moskvada "ehtiyatda olan kadr" kimi gözləyir. Lakin güman ki, onun yeni işi Rusiyada yox, Ermənistanda olacaq. Onunla eyni blokda olan Raffi Ovannisyan bildirdi ki, Ohanyan parlamentdən kənardakı bütün müxalifətin lideri olmalıdır. Görünür, Ohanyan müxalifətdəki "rusların adamı" missiyasına qayıdacaq". Bunu Sarkisyan nəzərə almalı və Moskvanın istədiyi formada Qarabağ danışıqlarına getməlidir. Əks halda onu güclü Azərbaycan ordusu ilə müharibə gözləyir və bu müharibənin Ermənistan üçün böyük fəlakətlə bitəcəyini Ermənistanda etiraf edənlərin sayı kifayət qədərdir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.