Məhəmməd Əsədullazadə: "Azərbaycanın balanslı siyasəti sülhə və təhlükəsizliyə töhfə verir"
Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev bir sıra məqamlara toxunub. Hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, Prezident qeyd edib ki, ölkə daxilində risqlər yoxdur.
Beynəlxalq siyasət haqqında danışan dövlət başçısı bildirib ki, dövlətlər bir-birinin işinə qarışmasa, sülh və əminamanlıq olar: "Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Axı Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. İndi Donald Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır".
İlham Əliyev Ağ Evin yeni siyasətindən məmnun olduğunu xüsusi vurğulayıb: "Biz özümüz heç kimin işlərinə qarışmırıq və başqalarına da imkan vermirik ki, bizim işlərimizə qarışsınlar. İmkan verməyəcəyik ki, kimlərsə bizə nəyi necə etməli olduğumuz haqda öz mövqelərini qəbul etdirməyə çalışsın".
Bütövlükdə, həqiqətən də reallıq ondan ibarətdir ki, dövlətlər bir-birinin işinə qarışmasa, sülh və əminamanlıq olar. Bundan da bütün dünya udacaq. Belə ki, buna çox ehtiyac var. Ümumilikdə, ekspertlər qlobal sülhün bu formuluna necə yanaşır?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, dünyada bu gün davam edən gərgin siyasi situasiyanın kökündə digər dövlətlərin daxili işinə qarışmaq dayanır: "Xüsusilə Yaxın Şərqdə davam edən müharibələr əsasən böyük dövlətlərin digər dövlətlərin daxili işinə qarışmasının nəticəsidir. Əlbəttə, hər bir ölkənin coğrafi və milli mentalitetinə görə öz idarəetmə quruluşu var. Uzun illər oturuşmuş bir siyasi sistemə müdaxilələr xaos və anarxiyaya səbəb olur. Qərb ölkələrinin Şərq ölkələrinin daxili işlərinə qarışması, inqilablar ixrac etməsi bu ölkələrdə siyasi və humanitar böhranı dərinləşdirir. Azərbaycanın yerləşdiyi region Şərqlə Qərbin qapısıdır və maraqlı ölkələrin siyasətinin toqquşduğu regiondur. Bu da, istər-istəməz, Azərbaycanın daxili siyasətinə müdaxilələrə səbəb olur. Dövlət başçısının bu kontekstdə çıxışı əsasən bəlli ünvanlara mesajlanıb. Azərbaycanın bu gün daxili işlərinə qarışmaq istəyən qüvvələr var. Onların neytrallaşdırılması istiqamətində işlər həyata keçirilir. Əlbəttə, heç bir dövlət digər bir ölkənin daxili işlərinə qarışmasa, dünyada sülh və əminamanlıq formalaşar. Hesab edirəm ki, Azərbaycanın balanslı siyasəti sülhə və təhlükəsizliyə töhfə verir. Ölkəmizin Cənubi Qafqaz regionunda təhdidlərə qarşı mübarizədə rolunu daha da qabardır. Ölkədə davamlı sülh və sabitlik, qonşu ölkələrlə qarşılıqlı mənafeyə uyğun əməkdaşlıq regional sülhün qorunmasında əsas vasitədir".
Vidadi ORDAHALLI