Vüqar Qədirov: "Bir çox hallarda ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qalmaqdadır"
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən "Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy" adlı sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb.
Sözügedən hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının 1990-2011-ci illərdə üzvü, 1997-ci ildə isə sədri olmuş professor Alan Pelle tərəfindən hazırlanıb.
"Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy" adlı sənəd əsaslı bitərəf baxış təmin edərək münaqişənin həlli ilə əlaqədar mövcud hüquqi öhdəlik və məsuliyyətin daha yaxşı başa düşülməsinə töhfə verir və bu istiqamətdə konkret təkliflərlə çıxış edir.
Sənəddə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri aşağıdakı istiqamətlər üzrə təsnif olunur, Ermənistanın əməllərinin qanunsuzluğunun hüquqi əsaslandırılması və üçüncü tərəflərin hüquqi məsuliyyətinə dair hüquqi rəy təmin edilir:
- İşğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması;
- Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti;
- İqtisadi və maliyyə fəaliyyətləri;
- İnfrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı;
- İşğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi;
- İşğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qanunsuz səfərlərin təşkili və digər fəaliyyətlər.
Sənədin təmin etdiyi hüquqi rəyə görə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qanunsuz əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır.
Bu sənəddə Azərbaycanın işğal altında saxlanan torpaqlarında Ermənistanın qanunsuz iqtisadi fəaliyyəti necə öz əksini tapıb və sadalanan faktorları qaneedici hesab etmək olarmı?
QHT rəhbəri Vüqar Qədirov qəzetimizə bildirdi ki, Ermənistan bizim işğal altında saxladığı torpaqlarımızda müxtəlif aspektləri əhatə edən qanunsuz fəaliyyət növlərilə məşğul olur: "Azərbaycan dövləti bu faktorlara qarşı uzun illərdir müxtəlif səviyyələrdə mübarizə aparır. Erməni şirkətləri, eləcə də əsasən diaspor nəzarəti altında olan xarici şirkətlər maliyyə yardımları etməklə iqtisadiyyatın daim dəyişdirilməsinə imkan yaradaraq (maliyyə və pul islahatı daxil olmaqla), həm şəxsi mənfəətləri, həm də bu ərazilərdə işğalın davam etdirilməsinə dəstək vermək məqsədilə işğal edilmiş ərazilərin demoqrafik və mədəni dəyişikliklərini həyata keçirir.
Ötən illər ərzində ermənilərin Qarabağ ətrafındakı ərazilərə, o cümlədən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarına yerləşdirilməsi ("Hayastan All-Armenian Foundation"un dəstəyilə) mükəmməl qaydada təşkil edilərək sürətli templə davam etdirilir.
Ermənistan birbaşa və ya öz korporativ səlahiyyətlilərinin vasitəsilə işğal edilmiş ərazilərdə enerji, kənd təsərrüfatı, sosial, yaşayış və nəqliyyat infrastrukturlarının daimi dəyişdirilməsinə davam edir. Bu nə zamansa demoqrafik xarakterin dəyişdirilməsi üçün üstünlük təşkil edərək güclənəcək. Əlbəttə, buraya suvarma şəbəkələrinin, su kanalizasiyalarının, yolların, enerji şəbəkələrinin və digər vacib iqtisadi və sosial obyektlərin yaradılması daxildir. Bir neçə fərqli və müstəqil beynəlxalq forumların məruzələrinə əsasən, dəfələrlə təsdiq edilib ki, məcburi köçkünlərin əmlakları mənimsənilib. Məsələn, azərbaycanlı məcburi köçkünlərin boş evləri sökülərək tikinti materiallarından ermənilər üçün yeni evlərin tikilməsi məqsədilə istifadə olunub.
Ermənistan, işğal olunmuş ərazilərdə idxal və ixrac edilən ticarət axınları və iqtisadi resurslar daxil olmaqla, bütün iqtisadi və ticarət sistemi üzərində nüfuzlu nəzarət həyata keçirir. Bu fəaliyyətlərdə beynəlxalq təşkilatların iştirakı olduqca maraqlıdır.
Bir çox hallarda ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərin sahibkarları qeyri-müəyyən qalmaqdadır. Onların maliyyələşməsi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən erməni banklarının filialları vasitəsilə əlaqələndirilir.
Təəccüblü deyil ki, Ermənistanın yüksək vəzifəli şəxsləri, o cümlədən prezident Sarkisyan, nazirlər müntəzəm qaydada işğal olunmuş ərazilərə səfər edərək, orada olan istehsal obyektlərinə baxış keçirir. Orada qanunsuz istehsalın real üzünü gizlətməkdən ötrü hiyləgərlik edərək məhsulları Ermənistan istehsalı kimi qələmə verirlər. Siyasi status-kvo ilə biznes arasında açıq-aydın qarşılıqlı əlaqə mövcuddur. Beləliklə, işğalın davam etdirilməsi mineral, kənd təsərrüfatı, su resursları və digər sərvətlərin birbaşa olaraq Ermənistan və beynəlxalq "kölgə" biznesi üçün nəzərdə tutulduğunu iddia etmək olar. Burada demoqrafik dəyişikliklər əsas götürülərək, məcburi köçkünlər də daxil olmaqla, fundamental ziddiyyətin həyata keçirilməsi ilə insan haqları və humanitar normalar pozulur. Bu baxımdan da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yayılan sənədi tam əhatəli və qənaətbəxş saymaq olar".
Məhəmmədəli QƏRİBLİ