Yeganə Hacıyeva: "Təəssüflər olsun ki, ATƏT həmin mexanizmləri işə salmaqda maraqlı görünmür"
Erməni separatçılarının Xocalı aeroportunun işə salınmasına hazırlıqlara başlaması Azərbaycanda narahatlığa və etirazlara səbəb olub. Rəsmi Bakı da məsələyə reaksiya verib.
"Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindəki Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan tərəfindən uçuşların həyata keçirilməsi planları Ermənistanın növbəti təxribatıdır. Ermənistanın qəsdən həyata keçirməyə çalışdığı bu kimi təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həlli prosesinə ciddi zərbə vurur və məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsinə xidmət edir". Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğularına cavab olaraq bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir: "Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub". H.Hacıyev bildirib: "Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir. Ermənistanın Xocalı hava limanından istifadə etmək və qanunsuz uçuşlar həyata keçirmək cəhdləri Azərbaycan Respublikasının "Aviasiya haqqında" Qanunu, beynəlxalq hüququn imperativ norma və prinsiplərinin, Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimat və qaydalarının kobud şəkildə pozulmasıdır".
Diplomat daha sonra deyib: "Münaqişənin həllinə məsul tərəf kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın bu növbəti təxribatının qarşısının alınması üçün ciddi münasibət bildirməyə və tədbirlər görməyə çağırırıq. Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri, o cümlədən iqtisadi fəaliyyəti, təbii resursların talan edilməsi, maddi-mədəniyyət nümunələrinin məhv edilməsi, məskunlaşdırma apararaq demoqrafik vəziyyətin dəyişdirilməsi, Xocalı hava limanının istifadəsi cəhdləri, qanunsuz seçkilərin keçirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı (anneksiya) məqsədi daşıyır. Azərbaycan tərəfi Ermənistanın bu növbəti təxribatının qarşısını almaq üçün beynəlxalq hüquqi vasitələrdən istifadə edəcək, aidiyyəti beynəlxalq təşkilatlara, xüsusilə Mülki Aviasiya Təşkilatına, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Aviasiya Şurasına müraciət edəcək".
ATƏT bu istiqamətdə hansı addımları ata bilər?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, ATƏT-in Ermənistana təsir etmək üçün kifayət qədər mexanizmləri var: "Təəssüflər olsun ki, ATƏT həmin mexanizmləri işə salmaqda maraqlı görünmür. Gələn ay ATƏT-in Minsk Qrupu regiona növbəti səfərini həyata keçirməyi planlaşdırır. Əslində, bu da yüzlərlə mənasız, nəticəsiz görüşlərdən biri olacaq. Düşmən Xocalı aeroportundan istifadə edərək guya hansısa turistləri Şuşa şəhərinə və geriyə səyahət adı ilə aparıb gətirməyi planlaşdırır. Həm Beynəlxalq Aviasiya Təşkilatı, həm Azərbaycan tərəfi ötən illərdə dəfələrlə bunlara xəbərdarlıq edib ki, avantüradan imtina etsinlər. Ancaq erməni tərəfi öz inadından dönmək istəmir. Ona görə ki, onlar ATƏT-in Minsk Qrupuna vəfa borcu olan bir məsələnin reallaşdırılmasına ötən ildən söz verib. Onlar çalışır ki, cəbhədə növbəti qanlı toqquşma baş versin və iki ölkənin dövlət başçıları bir araya gətirilsin və yenə hansısa mənasız müzakirələr və axmaq ideyalar ortalığa atılsın, bir müddət də bu müzakirə edilsin. Çünki işğalçı Ermənistana həmin bivec beynəlxalq qurumlar bir kəlmə də olsun təpki göstərmir ki, onlar BMT TŞ-nin qətnamələrinə əsasən, qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxsın. Belə davam edəcəksə, hələ uzun illər biz ancaq boş və mənasız görüşlər, ermənilərin daha həyasız təxribatlarının şahidi olacağıq. ATƏT-in bu məsələyə laqeyd yanaşması hər hansı konkret addım atmayacağından xəbər verir".
Məhəmmədəli QƏRİBLİ