Regionda təcavüz siyasətini davam etdirən, bu səbəbdən böyük sosial-iqtisadi, miqrasiya problemi ilə üzləşən Ermənistanda vəziyyət gedərək daha gərgin xarakter almağa başlayır. Belə görünür ki, hansısa dəyişiklik olmasa, Ermənistanın bir dövlət olaraq tam çöküşü qaçılmazdır. Hakimiyyət isə, bu problemlərin qarşısını almaq əvəzinə, ölkədə soyğunçuluq, repressiya siyasətini davam etdirir. Bunu erməni iqtisadçı Vaaqn Xaçatryan da təsdiqləyir.
O, konkret misal kimi qeyd edir ki, Ermənistanda hökumətin iştirakı olmadan heç bir kölgə iqtisadiyyatı yaratmaq mümkün deyil: "Ermənistanda əsas problem həm siyasi, həm də iqtisadi rəqabətin olmamasıdır. Siyasət sahəsində Ermənistan Respublika Partiyasının monopoliyası mövcuddur. Bu partiya Kommunist Partiyasına bənzəyir. Ermənistan həmçinin sosializm ideologiyasından yaxasını qurtara bilməyib, əksinə, son illər o daha da güclənib.
İqtisadiyyata gəlincə isə, burada da monopoliya var. Ölkədə hökumətdən icazə almadan heç bir bizneslə məşğul olmaq mümkün deyil. Bu həm də investisiyalara aiddir. Əsas qanun deyil, əsas sənin haminin olmasıdır. Ölkədə rəqabət yoxdur və biznes inkişaf etmir. 2008-ci ildə Ermənistanın ümumi daxili məhsulu 11,6 milyard dollar idisə, indi bu göstərici 10,5 milyard dollardır. Ölkənin demoqrafik, işsizlik və kasıblıq problemi həll edilmir. 2008-ci ildə ölkənin xarici borcu 1,2 milyard dollar idisə, indi o 6 milyarddır. Ermənistandakı özəl sektorun 90%-i oliqarx-monopolistlər tərəfindən idarə olunur. Ona görə də seçim azadlığımız yoxdur". Son məlumatlara görə, Ermənistanın dövlət borcu 6 milyard 37,4 milyon dollardır. Bu, ilin birinci rübü ilə müqayisədə daha 95,3 milyon dollar artım deməkdir. Baş nazir Karen Karapetyanın idarəçiliyinin yarım ili ərzində Ermənistanın dövlət borcu faktiki olaraq 552,5 milyon dollar artıb. Artıq hökumət borcu 1 may göstəricisinə əsasən ümumi daxili məhsulun 52,8 faizini təşkil edir.
Bundan başqa, dərin böhranın hökm sürdüyü Ermənistanın həm mərkəzində, həm də əyalətlərində yaşayış səviyyəsi ildən-ilə ağırlaşır. Yoxsul həyat tərzinə dözə bilməyən əhali isə miqrasiyaya üstünlük verir. Nəticədə kəndlər boşalır, infrastruktur dağılır. Kəndlərdə əsasən qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Hüquq müdafiəçisi Karine Danielyan bunun cəmiyyətə böyük zərbə olduğunu deyir: "Gənclər ölkəni tərk edir, yaşlılar kəndlərdə kimsəsizlikdən əziyyət çəkir. Vəziyyəti dəyişmək üçün isə hökumətin hər hansı proqramı yoxdur. İndi Ermənistan rayonları boşalmış kəndlər, tənha qocalardan ibarətdir". Ümumi rəqəmlərə diqqət çəkən Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan isə bildirir ki, 2015-ci ildə ölkədən gedən vətəndaşların 57 mini, 2016-cı ildə isə 60 mini Ermənistana geri qayıtmayıb. O, cari ildə bu göstəricinin daha yüksək olacağını vurğulayıb.
Əksər ekspertlər işğalçı ölkədə siyasi, sosial-iqtisadi və demoqrafik böhranın daha da dərinləşəcəyini proqnozlaşdırır. Belə vəziyyətdə hakimiyyətə qarşı etirazlar da artır və gözlənir ki, bu durumda Ermənistan rəhbərliyi ənənəvi siyasətinə sadiq qalaraq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti yenidən gərginləşdirməyə başlasın. Çünki bu hal ona daxili təzyiqlərdən yayınmağa imkan verir. Məhz belə bir vaxtda erməni mediası diqqəti ona yönəldir ki, Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib. "Lragir" saytının əldə etdiyi məlumata görə, görüşdə Ermənistanın daxili və xarici siyasəti, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunub: "Daxili siyasətin müzakirə edilməsində əsas məqsəd Sarkisyanın hakimiyyətini uzatmaq planlarıdır. Ordu bu işdə böyük rol oynayır və güman ki, Sarkisyan 2018-ci ildən sonrakı planlarına ordunu da daxil edib". Sayt qeyd edir ki, görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub: "Qarabağ ətrafında yeni vəziyyət yaranıb və müharibənin olması istisna edilmir. Sarkisyan görüşdə ordu rəhbərliyinə Azərbaycana zərbələrin endirilməsi məsələsini də müzakirə edib". Hesab edilir ki, bununla cəbhədə vəziyyət gərginləşəcək və beləliklə, Sarkisyan daxili təzyiqlərdən yaxa qurtara biləcək. Ermənilərin Xocalı aeroportundan yenidən uçuşlar təşkil etmək, Şuşada aeroport işə salmaq kimi təxribatçı addamlarının arxasında da bunların dayanması istsina olunmur. Amma ermənilər yaxşı bilir ki, bütün bunlar onların itkilərinin daha da artmasına gətirib çıxaracaq. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da təsdiq edir. O xatırladır ki, hazırda Azərbaycanın bütün hava məkanı, o cümlədən Qarabağ nəzarətdə saxlanır. Ermənistan tərəfinin Şuşada aeroport açaraq uçuşlar təşkil etməsi və ermənilərin Şuşaya köçürülmə siyasəti ilə bağlı məlumatları şərh edərkən polkovnik bildirib ki, belə olacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələri mülki uçuşları da diqqətdə saxlayacaq: "Azərbaycan mülki təyyarələrə qarşı heç bir tədbir görməyəcək. Sadəcə olaraq mülki uçuşlar izlənəcək. Çünki Ermənistandan fərqli olaraq, biz mülki əhalini hədəf almırıq. Ancaq hərbi təyinatlı təxribatlar gözlənilsə, yaxud da aerodramdan qalxan hərbi təyyarələrlə Azərbaycana qarşı hər hansı bir təhlükə yaranarsa, dərhal qarşısı alınacaq".
Ermənilərin Şuşaya köçürülməsi məsələsinə gəlincə, Şair Ramaldanovun sözlərinə görə, Ermənistan hakimiyyəti başda olmaqla, Qarabağ separatçıları məsələni bu formada qələmə verməklə öz məqsədlərinə nail olmaq istəyir: "Prinsip etibarilə Şuşa elə bir yerdir ki, orada əhalinin artımı, ola bilsin, yay ayı ilə bağlıdır. O cümlədən Suriya qaçqınları da Qarabağ ərazisində yerləşdirilir. Şuşada əhalinin atması hələ söyləntilərdən ibarətdir. Konkret məlumat olmadan bu məsələyə qiymət vermək çətindir". Polkovnik onu da əlavə edib ki, Sarkisyanın bu yaxınlarda generallarla görüşü də diqqət çəkir: "Bu fonda cəbhədə təxribatlar davam edərsə, Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verəcək".
Tahir TAĞIYEV