Üzeyir Cəfərov: "Tərəflər həm qarşıda duran məsələləri, həm də birgə hərbi təlimləri müzakirə edib"
Məlum olduğu kimi, mayın 23-də Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.
Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək. İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirib.
Gürcüstanın müdafiə naziri Levan İzoria üç ölkənin birgə təlimlərdə iştirakına da toxunub. Onun sözlərinə görə, bir sıra döyüş növləri üzrə birgə təlimlər keçiriləcək: "Yaxın günlərdə bizim xüsusi təyinatlılarımızın birgə təlimləri baş tutacaq. Bu ilin sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz də keçiriləcək. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və üç ölkə arasında hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik".
Ümumilikdə, konkret ixtisaslaşmış növlər üzrə hərbi təlimlərin keçirilməsinə hərbi ekspertlər necə yanaşır? Sözügedən məsələni dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, bu təlimlərin Azərbaycan Silahlı Qüvvələri üçün çox böyük önəmi var: "Azərbaycan, Gürcüstan və Türkiyə hərbi əməkdaşlığı artıq bir müddətdir genişlənir. Tərəflər həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə arasında bir neçə hərbi təlim keçirib. Artıq o təlimlərin müəyyən ssenariləri də praktiki şəkildə işlənib və sonrakı mərhələlərdə silahlı qüvvələrin digər şəxsi heyətinə də tətbiq olunub. Xüsusən Azərbaycan Silahlı Qüvvələri həmin təlimlərdə əldə etdiyi bilikləri, vərdişləri digər hərbi hissə və birləşmələrə də tətbiq etməyə başlayıb. Tərəflər həm qarşıda duran məsələləri, həm də birgə hərbi təlimləri də müzakirə edib. Bir müddətdən sonra isə tərəflər bir araya gələcək və hərbi təlimlər keçirəcək. Bu təlimlərin Azərbaycan Silahlı Qüvvələri üçün çox böyük önəmi var. Təlimlərin önəmi də ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri NATO-nun aparıcı dövlətlərindən biri olan Türkiyə Silahlı Qüvvələrinin təcrübəsini öyrənir. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələri NATO üzvlüyünə hazırlaşan Gürcüstan Silahlı Qüvvələrinin təcrübəsini də öyrənir. O cümlədən də Azərbaycan ordusunun bilik və bacarığını həm türk dostlarımız, həm də gürcüstanlı həmkarlarımız müəyyən sahələr üzrə öz ordularında tətbiq edir".
Vidadi ORDAHALLI